Böyük Qafqaz sıra dağlarında yerləşən Qubanın ucqar Buduq kəndində birinci sinif şagirdləri məktəbə gedə bilmirlər. Buna səbəb isə valideynlərin səhlənkarlığıdır. Belə ki, övladlarının sənədlərini vaxtında sistemə daxil etmədiklərindən sinif tamamilə bağlanıb və şagirdlər didərgin düşüb.Nəticədə kənd müəllimləri uşaqların birinci sinifə qəbul olumamasına görə əmək haqlarından da kəsilib.
DİA.AZ KONKRET.az-a istinadla xəbər verir ki, bu səbəbdən valideynlər böyük narahatlıq keçirirlər, bəziləri hətta evlərini tərk edərək rayona yaxın ərazilərə köçüb getmək məcburiyyətində qalıblar.
Uşaqlar da məktəbin bağlanmasına görə çox narahatdır. Onlar başqa məktəblərdə oxumaq istəmirlər. Məsələ ilə bağlı Təhsil Nazirliyinə məktubla müraciət edən valideynlər ordan da müsbət cavab almayıblar.
Quba rayon Təhsil Şöbəsindən sorğumuza cavab olaraq şöbənin müdiri Rüfət Hacıyev də problemi valideynlərin səhlənkarlığı ilə əlaqələndirib. Bildirib ki, uşaqların sənədlərinin sistemə vaxtında oturdulmaması gecikmələrə səbəb olub və nəticədə Buduq kəndində 1-ci sinif bağlanıb. O, həmçinin, sinifin bu il açılması mümkünsüz hesab edib.
Xatırladaq ki, Buduq kəndi dəniz səviyyəsindən 2700 metr yüksəklikdə, rayon mərkəzindən isə 35 km uzaqlıqda yerləşir. Buduqda əvvəllər 1000-dən çox təsərrüfat olsa da, hazırda 28 yaşayış evi var.