Qusarın icra başçısı Qarabağ Qazisini NİYƏ DİNLƏMİR? - Prezidentə müraciət olundu
Tarix: 28-12-2021, 09:43 | Çap et
Qusarın icra başçısı Qarabağ Qazisini NİYƏ DİNLƏMİR? - Prezidentə müraciət olundu

Vertikal.az:Qusar rayonunun Mucuq kənd sakini, iki azyaşlı uşaq atası, Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsində sağ gözünü itirən qazi, tankçı, 3-cü dərəcəli "Vətənə xidmətinə görə" ordeni ilə təltif olunan, 2-ci qrup əlil, baş leytenant Nurmətov Radik Nurmət oğlunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, surəti Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müracitini dərc etmişdik. DİA.AZ bildirir ki, bu barədə tezadlar.az məlumat yayıb.

Müraciətdə R.Nurmətovun 21 il hərbi xidmətdə olduğu, xidmətin 17 ilini Beyləqan və Füzuli rayonlarının sərhəd bölgələrinin səngərlərində ermənilərlə təmas xəttində keçirdiyi bildirilib.

Eyni zamanda, həmin illərdə 2 azyaşlı övladı ilə ailəsinin kirayələrdə yaşadığı, hərbi xidmət müddətində sərhəd bölgəsində olduğu üçün həftələrlə ailəsindən ayrı yaşamaq məcburiyyətində qaldığı, bütün əzab və əziyyətlərə baxmayaraq, Ali Baş Komandanın əmr və göstərişlərinə vicdanla əməl etdiyi, vətəninin keşiyində layiqli xidmət göstərdiyinə görə dəfələrlə fəxri fərman, orden və medallarla mükafatlandırıldığı, Aprel döyüşlərində və İkinci Qarabağ müharibəsində zirehli tank xidməti rəisi vəzifəsini yerinə yetirdiyi qeyd edilib.

Baş leytenant müraciətində həmçinin Vətən müharibəsində sağlamlığının 70 faizini itirərək 2-ci qrup əlil olduğunu bildirib: "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin TSEK-nin 30.08.2021-ci il tarixli rəyinə əsasən, mən dövlət tərəfindən pulsuz maşınla təmin edilməliyəm.

Azərbaycan Respublikasının və Nazirlər Kabinetinin müharibə əlillərinin ev və xüsusi nəqliyyat vasitəsi ilə təmin edilməsi barədə verdiyi fərman və qərarlardan tam təsdiq olunur ki, məni dövlət pulsuz ev və maşınla təmin etməlidir. Lakin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məni əsassız olaraq qanunla haqqım olan ev və avtomobillə təmin etmək istəmir.

Cənab Ali Baş Komandan!

Göründüyü kimi, S.Babayev kimi məmurlar Qarabağ uğrunda gedən döyüşlərdə şəhid və əlil olan vətəndaşlar, yaxud onların ailələri üçün dövlət tərəfindən verilmiş qərar və sərəncamlardan ya xəbərləri yoxdur, ya da onlara əməl etmək istəmirlər.

Cənab Ali Baş Komandan!

Yuxarıda qeyd etdiklərimi – sağlamlığımla bağlı hal-hazırkı vəziyyətimi, 21 il ən ağır şəraitdə 2 azyaşlı övladımla sərhəd bölgələrində kirayədə yaşadığımı nəzərə alaraq, müraciətimi nəzarətə götürüb, qanunla mənə düşməli olan ev və maşınla təmin edilməyim barədə aidiyyəti qurum rəhbərlərinə göstəriş verməyimi xahiş edirəm".

***

"Təzadlar" qəzeti olaraq Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsində sağ gözünü itirən qazi, tankçı, 3-cü dərəcəli "Vətənə xidmətinə görə" ordeni ilə təltif olunan, 2-ci qrup əlil, baş leytenant Nurmətov Radik Nurmət oğlunun müraciətini ictimailəşdirdikdən sonra redaksiyamıza R.Nurmətovdan növbəti müraciət daxil olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, surəti Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə və Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənova ünvanlı müraciətdə deyilir:

"Hörmətli Ali Baş Komandan!

Bildirirəm ki, 23.11.2021-ci il tarixdə Sizə və aidiyyəti qurumlara müraciət ünvanlayaraq tapdanmaqda davam edən hüquqlarımı müdafiə etmək üçün köməklik göstərilməsi və süründürməçilıyə yol verilmədən; qanunla mənə verilməli olan ev və avtomobillə təmin olunmağımı xahiş etmişdim.

Lakin təəssüflə bildirirəm kı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi İdarə Heyətinin sədr müavini Zaur İbrazimov və Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-Siyası və Humanitar məsələlər şöbəsinin müdiri Elman Mustafayev şablon xarakterli, qanuna zidd cavablar yazmaqla öz işlərini bitmiş hesab ediblər.

Z.İbrahimov yazır ki, mənim evlə təmin edilməsi məsələsinə növbəlilik qaydasında baxılacaq, avtomobillə təmin edilməyimə isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Əlillik Alt Sistemdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qiymətləndiriləcək.

Qusar RİH başçısının müavini E.Mustafayev isə cavab məktubunda yazır ki, rayon ərazisində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillər tikildiyi halda növbəlilik əsasında mənzillə təmin olunacağam.

Nəzərinizə çatdırmaq istəyirəm ki, xüsusi avtonəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobillə təmin edilməsi qaydaları haqqında Təlimatın 2-ci maddəsinə əsasən, maşın almaq üçün əlillərin TSEK-dən keçirilməsi müalicə profilaktika müəssənin göstərişi əsasında həyata keçirilir və əlilə TSEK tərəfindən göndəriş verilir.

Bildirirəm ki, mənə avtonəqliyyat verilməsi barədə Qusar rayon tibbi-sosial ekspert komissiyası (TSEK) tərəfindən verilmiş 10.09.2021-ci il tarixli Qərarı özüm şəxsən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Əlillik Alt Sistemdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim etmişəm. Onların cavab məktublarını isə qanunsuzluq yox, qaziyə qarşı edilən hörmətsizlik kimi qəbul edirəm.

Həmçinin, mənzillə əlaqədar Qusar RİH başçısının müavini E.Mustafayevin cavab məktubundan tam bəlli olur ki, ev tikilməsə, məni mənzillə təmin etməyəcəklər.

Qeyd etdiyim kimi, mən 21 illik hərbi xidmətin 17 ilini sərhəddə, yağışlı, qarlı, minimum yaşayış səraiti olmayan, ermənilərlə 100 metrlik məsafədə olan sərhəddə qulluq etmişəm. Məlum Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin iştirakçısıyam.

Həyat yoldaşım və 2 azyaşlı övladım 17 ildir məişət şəraiti çox pis vəziyyətdə olan kirayə evlərdə qalmaq məcburiyyətində olub və həftələrlə ailə üzvlərimi görməmişəm.

Atam ürəyindən açıq əməliyyat keçirən zaman məcburiyyət qarşısında qalıb bankdan 15 min manat kredit götürmüşəm.

Aldığım 700 manat maaşla həm ailəmi dolandırmışam, həm də kredit borcumu qaytarmışam. Ancaq Qusar RİH başçısının müavini E.Mustafayev kimilər rayonda firəvan həyat yaşayıb, bizim qanımız, sağlamlığımız bahasına kef çəkib. Onun cavab məktubu qaziyə hörmətsizlikdən başqa bir şey deyil. 1050 nəfər sakini olan Mucuq kəndindən 5 şəhid və 2 nəfər qazi var. Kəndimizin igid və mərd şəhidləri, Sultaliyev İlham, Ərzimanov Aydın, Hacaliyev Cəmaləddin, Məcidov Ramiz və Əhmədov Tural vətən uğrunda döyüşlərdə şəhid olanda Elman Mustafayev, digər vəzifə sahiblərinin oğlanları harada gizlənmişdi?!
Qusarın icra başçısı Qarabağ Qazisini NİYƏ DİNLƏMİR? - Prezidentə müraciət olundu
Qusarın icra başçısı Qarabağ Qazisini NİYƏ DİNLƏMİR?

Hörmətli cənab Prezident!

Mən vətən yolunda sağlamlığımın 70 %-ini itirmiş qaziyəm. İndi isə övladlarım üçün normal şərait yaratmaq istəyirəm. Lakin bu məmurlar bizi başa düşmək istəmirlər.

Qanunla məni Müdafiə Nazirliyi də mənzillə təmin etməlidir. Təəssüflə qeyd etmək istəyirəm ki, hər iki qurum qanunlarımızın tələblərinə əməl etmək istəmırlər. Bu məmurların Sizin imzaladığınız sərəncam və fərmanlardan ya xəbərləri yoxdur, ya da ki, onlara əməl etmək istəmirlər.

Halbuki hərbi qulluqçuların statusu haqqında qanunun tələblərinə əsasən, 20 il və 20 ildən çox xidmət etmiş, müharıbədə əlillik dərəcəsi almış qazilər 6 ay müddətində yerli icra hakimiyyəti başçıları növbədənkənar mənzillə və ya mənzil olmadıqda pulsuz torpaq sahəsı ilə təmin edib koopratıv ev tikmək üçün bank krediti 100 % ödəmə şərti ilə əvəzsiz maliyə yardımı göstərməklə mənzıllə təmin edilməlidir.

Qeyd etdiklərimi nəzərə alaraq Sizdən xahiş edirəm, məmur özbaşınalıqlarına son qoyulmasına, kobud şəkildə tapdanmaqda davam etdirilən hüquq və haqlarımın müdafiə edilməsinə köməklik göstərəsiniz".

Müraciətlə əlaqədar olaraq aidiyyəti qurumların da rəsmi mövqeyini dərc etməyə hazırıq.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net