Dekabırın 24-də Tərtər Rayon İcra Hakimiyyətinin iclas zalında Tərtər rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycan son 18 ildə” adlı konfrans keçirilib. Konfransda rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarının rəhbərləri, qazilər, müharibə veteranları və YAP ərazi ilk partiya təşkilatlarının sədrləri iştirak ediblər.
Tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq məruzə üçün sözü YAP Tərtər Rayon Təşkilatının sədri səlahiyyətlərini icra edən Ramiz Şabanova verib.
Ramiz Şabanov bildirib ki, Azərbaycan 2-ci dəfə müstəqillik qazandıqdan sonra biz nəinki inkişaf etmiş ölkələrə çata bilmişik, hətta bəzi göstəricilər üzrə onlardan irəlidəyik.
Əlbəttə, nailiyyətlərə aparan yol heç də asan olmayıb. Bunun arxasında dövlət rəhbərinin düşünülmüş siyasəti, səmərəli islahartlar, ölkədə aparıcı qüvvəyə çevrilmiş xalq-iqtidar birliyi durub.
Xalq 2003-cü ildə Ulu Öndərin layiqli davamçısı İlham Əliyevə səs verib Prezident seçməklə öz xoşbəxt gələcəyinə səs verdi.
Yüksək idarəçilik, natiqlik qabiliyyətinə malik bir liderin olması doğrudan da Azərbaycan xalqının xoşbəxt gələcəy deməkdir. Prezident seçilərkən “Mən Hər bir azərbaycanlının Prezidenti olacağam”, deyən cənab İlham Əliyev 18 ildə bütün xalqın sevimlisinə çevrildi. Ölkə rəhbəri Azərbaycanın Beynəlxalq aləmdə özünü tanıtmasına sözünün gücü ilə beynəlxalq proseslərə təsir etməsinə nail oldu.
18 il ərzində təkcə şəhərlər deyil, bölgələr sürətlə inkişaf etdi, insanları narahat edən problemlər aradan qaldırıldı. Prezidentin yüksək idarəçilik qabiliyyəti, milli maraqlara söykənən daxili və xarici siyasəti öz müsbət nəticələrini verdi. Sonda Azərbaycan iqtisadi cəhətdən güclü, suveren bir dövlətə çevrildi.
Sonra konfransda rayon Təhsil şöbəsinin müdir əvəzi Nuranə Abdullazadə, rayon mərkəzi xəstəxanasının Publik hüquqi şəxsi vəzifəsini icra edən Sevda Əliyeva, “Vətən müharibəsi qəhrəmanı” Azər Abdullayev, Dövlət Aqrar İnkişaf Mərkəzinin sədri Mehman Babayev, Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə çıxış edərək 18 ildə Azərbaycanın inkişafından, müxtəlif sahələrdə əldə olunan nailiyyətlərdən bəhs etdilər.
Konfransı yekunlaşdıran rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov müstəqil Azərbaycanın son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə istər daxili, istərsə də xarici siyasət sahəsində əldə etdiyi uğurlardan ətraflı bəhs edib. İşğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində Prezident İlham Əliyevin bu illər ərzində ardıcıl və məqsədyönlü siyasət apardığını, ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran icra başçısı bildirib ki, xalqımızın 30 il
böyük səbirsizliklə gözlədiyi Qələbə arzusu ötən ilin noyabrında nəhayət reallığa çevrildi. Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də ölkəmizə qarşı başladığı növbəti təxribatçılıq əməllərinə cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində düşmən ağır məğlubiyyətə uğradı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı Zəfəri ilə başa çatdı, əzəli Qarabağ torpaqlarımız birdəfəlik erməni faşizmindən azad olundu.
Rayon rəhbəri respublika Prezidentinin Tərtər rayonuna göstərdiyi diqqət və qayğıdan, rayona səfərlərindən də söhbət açıb və tərtərlilər adından ölkə rəhbərinə öz minnətdarlığını bildirib.
Vertikal.az