Sabiq prezident Mixeil Saakaşvilinin Gürcüstana keçməsinə kömək edən məmurun daxili işlər nazirinin keçmiş müavini Giya Lortkipanidze olub.
AzVision.az xəbər verir ki, bu barədə “Rustavi-2” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, Lortkipanidze 2004-2012-ci illərdə Gürcüstan Daxili İşlər Nazirliyinə rəhbərlik etmiş İvane Merabişvilinin müavini olub.
Telekanalın məlumatına görə, istintaq Ukraynada olan Lortkipanidzenin gürcü sürücü ilə şifrəli sözlərlə danışdığı və Saakaşvilini gizli şəkildə Gürcüstana qaytarmağı planlaşdırdığına dair səs yazısını dərc edib. Prokurorluq həmin səsyazısını sübut kimi ittihama əlavə edib.
Səsli mesajın Gürcüstanın paytaxtında Saakaşvilinin mənzilində gizləndiyi, axtarışda olan Elquca Çomayanın telefonundan silindiyi iddia olunur.
Lortkipanidzeyə sərhədi qanunsuz keçməyə kömək etdiyinə görə ittiham elan olunub. Sabiq nazir müavini Çomaya ilə tanışlığını inkar etmir, lakin cinayətlə hər hansı əlaqəsinin olmadığını bildirir.
Bundan əvvəl prokuror Saakaşvilinin Gürcüstana getməsinə Ukraynada olan keçmiş yüksək vəzifəli məmurun kömək etdiyini bildirib.
Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb. O, siyasi məhbus adlandırır və həbs olunduğu andan aclıq aksiyasına başlayıb. Siyasətçinin həkimləri və vəkilləri ardıcıl olaraq səhhətinin pisləşdiyini bildirirlər.