Son günlər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində erməni təxribatlarının intensivləşdiyinin şahidi oluruq. Məlum olduğu kimi noyabrın 13-də Şuşa şəhəri yaxınlığında erməni terrorçu Norayr Mirzoyan Azərbaycan və Rusiya hərbçilərinə qarşı təxribata əl atıb. Rəsmi məlumata əsasən, avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan Mirzoyan Daşaltı kəndinin yaxınlığında maşından düşüb və orada xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinə doğru əl qumbarası atıb.
Terakt nəticəsində üç hərbçimiz yaralanıb. Hadisədən dərhal sonra Mirzoyan Rusiya sülhməramlıları tərəfindən saxlanılıb. Amma qısa müddət sonra Ermənistana təhvil verilib. Şuşada terror aktını törədən Norayr Mirzoyanın yayılan fotoları onun sıradan yox, hərbi hazırlıqlı şəxs olduğunu təsdiqləyir. İstisna deyil ki, Mirzoyan ASALA-nın, yaxud onun uzantılarının üzvüdür. O, 44 günlük müharibədə də iştirak edib. Ermənistan özü üçün çox təhlükəli vəziyyət yaradıb. Həm Azərbaycanla sülh danışıqları aparmaqdan yayınır, həm də təxribatlar törədir. Narazılıq doğuran məqamlardan biri də proseslərdə moderator rolunu oynamaq istəyən Rusiyanın bu hadisələrə səsini çıxarmamasıdır. Rusiya Ermənistanın təxribat yaratmasına göz yumaraq öz dəstəyini bu cür göstərir.
Xatırladaq ki, noyabrın 14-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bir qrup şəxsi heyətinin və texnikasının Laçın rayonunun sərhədi istiqamətində cəmləşdirilməsi, o cümlədən təxribata hazırlığı bölmələrimiz tərəfindən müşahidə edilib. Ötən həftə də Ermənistan tərəfi dövlət sərhədinin Laçın istiqamətində 60 nəfər şəxsi heyəti yerləşdirməklə təxribat törətməyə cəhd göstərmiş və iflasa uğramışdı. Müdafiə Nazirliyi tərəfindən bəyan edilib ki, Ermənistan tərəfinin bu kimi təxribatlarının qarşısı qətiyyətlə alınacaq. Qeyd olunub ki, İrəvanın hərbi-siyasi rəhbərliyi bu kimi avantüraya son qoymalıdır. Rusiyalı analitiklər də ermənilərin Şuşa təxribatını qınayıblar.
Rusiya “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirib ki, Şuşa yaxınlığındakı terror aktı üçtərəfli bəyanatı pozmaq üçün törədilib. Onun sözlərinə görə, elə etmək lazımdır ki, bir daha belə terror aktı törədilməsin:
“Terrorçunun erməni tərəfinə verilməsi belə bir terror aktının törədilə bilməsinə zəmin yaradır. Ona görə də Rusiya və Azərbaycan arasında bununla bağlı ekspert məsləhətləşmələri aparılmalı, bu məsləhətləşmələrin nəticəsi olaraq gələcəkdə belə halların qarşısının alınması üçün müvafiq mexanizm yaradılmalıdır”.
Sergey Markov qeyd edib ki, Rusiya sülhməramlılarının antiterror əməliyyatı aparmaq hüququ yoxdur:
“Terrorçu qumbara atan zaman ona atəş açmaq olardı, amma terrorçunun evində axtarış aparmaq üçün Rusiya sülhməramlılarının səlahiyyəti yoxdur”.
Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov isə qeyd edib ki, Şuşa yaxınlığında terror aktı Laçın dəhlizinin funksiyasını da şübhə altına alır: “Bizim Şuşaya səfərdən 2,5 saat əvvəl Şuşa yaxınlığında törədilən terror aktı Qafqazda sülhə, Azərbaycan Ordusuna, eyni zamanda Rusiya sülhməramlılarına qarşı yönəlmişdi”. Markov deyib ki, Rusiya sülhməramlıları da həmin qumbara atılan yerdə yerləşirdi: “Bir möcüzə oldu ki, Rusiya sülhməramlılarından heç kim xəsarət almadı. Bu cür terror hadisələri gələcəkdə baş verməməlidir. Terror aktının dəqiq araşdırılması aparılmalıdır. Ermənistan hakimiyyəti də terrorizmlə mübarizə aparmalıdır.
Ermənilərin yenidən intensiv hal alan təxribatlarını “Şərq”ə dəyərləndirən Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Şərq”ə açıqlamasında deyib ki, müharibənin birinci ildönümündə baş verən hadisələr bir daha göstərdi ki, Ermənistan tərəfi və onu himayə edənlər məğlubiyyətin gətirdiyi reallıqları həzm etməkdə çətinlik çəkirlər. Partiya rəhbəri bildirib ki, bir il ərzində İrəvan hökuməti həm Rusiya, həm Fransa kimi Qərb ölkələri tərəfindən daim siyasi-mənəvi dəstək gördü:
“Məhz bu dəstəyin sayəsində ermənilər revanşist mövqedən və təxtibatlardan əl çəkmədilər. Ermənistandakı müəyyən dairələr xəstə təxəyyüldən vaz keçə bilmir. Rusiya sülhməramlılarının məsuliyyət bölgəsində yerləşən erməni quldurlarının təxribatlarına, suverenliyimizə təhdid yaratmalarına göz yumması, Qarabağda “şöhrət” parkının salınması, kilsə tikilməsi və s. addımlar erməniləri əməlli-başlı ruhlandırıb. Vəziyyətin gərginləşməsi Ermənistana da sərf edir. İrəvan baş verənlərə beynəlxalq diqqəti yönəltməyə, Minsk qrupunu yenidən dirçəltməyə, prosesi mümkün qədər uzatmağa çalışır. Ancaq ermənilərin təxribat üzərindən cəhdləri əbəsdir. Əlbəttə, yaşanan olaylarda ölkə ictimaiyyətinin narahatlığına və narazılığına səbəb olan məqamlar var. Məsələn, Şuşada hərbçilərimizə hücum çəkən erməni terrorçusunun rus sülhməramlıları tərəfindən saxlanılaraq qondarma rejimin “istintaq orqanlarına” verilməsi, sonra Ermənistana göndərilməsi yolverilməzdir. Bu addım Azərbaycanın suveren hüquqlarının ciddi şəkildə pozulmasıdır. Mirzoyan saxlanılan kimi dərhal bizə verilməli və ölkəmizin qanunları ilə mühakimə olunmalı idi”.
A.Əlizadə qeyd edib ki, Ermənistan dövlət olaraq səksəkəli vəziyyətdədir. Ölkə əhalisinin psixoloji-mənəvi durumu bərbaddır:
“Eyni zamanda hakimiyyət də mürəkkəb mərhələdən keçməkdədir. Lakin ermənilərə və separatçılara havadarlıq edən güclər Ermənistan hökumətinin sağlam düşünməsinə, normal davranmasına mane olur. Bu da bölgədə gərginliyin qalmasına xidmət edən amildir. Azərbaycan tərəfi Rusiyanın siyasi-hərbi rəhbərliyi qarşısında məsələ qaldırmalıdır. Öz suveren ərazimizdə anti-terror əməliyyatları aparmaq hüququna malikik. Növbəti terror hadisəsində tərəddüd etmədən anti-terror əməliyyatlarına başlamalıyıq. Hərbçimizə qarşı açıq-aşkar terror aktı həyata keçirən erməni quldurları sabah daha böyük miqyaslı təxribata əl ata bilərlər. Laçın dəhlizinə nəzarət Rusiya ilə yanaşı, Azərbaycan hərbçilərinə də həvalə edilməlidir. Davamlı sülhə nail olmaq üçün ciddi addımlar atılmalıdır”.