Məhsul bol, keyfiyyət yüksək, satış yox... - ASTARANIN LİMON BAĞLARINDAN REPORTAJ
Tarix: 20-05-2021, 13:09 | Çap et
Məhsul bol, keyfiyyət yüksək, satış yox... - ASTARANIN LİMON BAĞLARINDAN REPORTAJ

Astarada limon bağlarında məhsuldarlıq boldur, amma bu, təsərrüfatçıları heç də sevindirmir.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonunSiyəkü kəndində 1700-ə yaxın təsərrüfat var ki, bunların 90 faizindən çoxunda limon ağacları əkilib. Kənddəki iqlim şəraiti sitrusçuluqla məşğul olmaq üçün idealdır. Hazırda limon bağlarında məhsuldarlıq boldur. Təsərrüfatçıların əksəriyyəti limonu satış məqsədilə əksə də, məhsulları ağaclarda qalıb. Özü də indi limon meyvələrinin ağaclardan dərilib satılan vaxtıdır. Lakin kənd sakinləri min birzəhmətlə yetişdirdikləri məhsulun xeyrini görə bilmirlər.


Bağ sahibi Qılman Nəzirov deyir ki, 44 ağacın üstündə 10-12 min limon var: “Məhsul gətirən, bar verən ağacım 44 ədəd varımdır. Üstündə də haradasa 10-12 min ədəd limonu var. Amma satışımız zəifdir. Demək olar ki, bu il yox dərəcəsindədir. Hər il bu vaxtı demək olar ki, qurtaracaq dövrü idi. Amma bu il məhsul qalıb əlimizdə, sata bilmirik”.


Limon ağaclarının çiçəkləndiyi vaxtda üzərindəki meyvələr dərilməlidir ki, həm ağaca ağırlıq düşməsin, həm də növbəti ildə məhsul bol olsun. Amma təsərrüfatçılar limonu sata bilmədikləri üçün məhsul ağaclarda qalıb. Valeh Vüsalov deyir ki, buna səbəb xaricdən ölkə bazarına çoxlu və ucuz limonun gətirilməsidir: “Əgər keçən il bir ağac 350 ədəd bar verirdisə, bu il 500-dən yuxarıdır hər ağac. Məhsuldarlıq şükür Allaha keçən ilə nisbətən qat-qat yaxşıdır, amma sata bilmirik. Çünki bizə xaricdən gələn məhsullar imkan vermir ki, biz məhsullarımı sata bilək. Bugünkü qiymət elə bir qiymətdir ki, hətta onun perfol pulun çıxara bilmirik. Bunu 10 qəpiyə satırlar, yaxşı bu 10 qəpiklə neyləyək, 10 qəpiyə bunu necə sataq ki, biz təsərrüfatı genişləndirək?”


Bağ sahibləri deyir ki, xaricdən gətirilən limon ucuz olsa da, keyfiyyəti aşağıdır.Əslində yerli limonlara tələbat az deyil, lakin xaricdən limon gətirilməsə, məhsul bazarda daha yüksək qiymətə satılar.

Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Abbasov da yerli məhsulların keyfiyyət baxımından digərlərini üstələdiyini deyir: “Limon satışında müəyyən problemlər var. Həm qiymət aşağıdır, çox gözəl, keyfiyyətli limon olmasına baxmayaraq, qiymətlər 20-50 qəpik arası dəyişir. Bu da fermerləri qane eləmir, onlar da bizdən kömək istəyirlər. Biz də “Aqrar Tədarük və Təchizat” idarəsi ilə, Aqrar Elm və İnnovasiya Mərkəzi ilə əlaqə saxlamışıq, nazirliyin müvafiq qurumlarına məlumat vermişik bu barədə. Onlar da çalışırlar ki, köməkliklər eləsinlər. İndi pandemiya dövrü ilə bağlı nəzərə alınıb bu bazarların, yarmarkaların da az olması, yəni bunlar da müəyyən təsirlər göstərir. Çalışırıq ki, şərait yarandıqca bu fermerlər də yarmarkalarda, müəyyən satış yerlərində iştirak eləsinlər. Məhsulları yüksək qiymətə sata bilsinlər ki, buna da maraq azalmasın”.

Etibar Abbasovun sözlərinə görə, dövlət bağ sahiblərində bu sahəyə marağı artırmaqda maraqlıdır. Hətta bu il yeni intensiv limon bağı salan fermerlərə 11 min manat birdəfəlik subsidiyaların verilməsi nəzərdə tutulub. Bundan başqa, yeni intensiv bağ sahiblərinə hər hektara görə, 4 il ərzində ildə bir dəfə olmaqla 700 manat pul verilməsi planlaşdırılır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net