““Altılıq platforması”makroregional birliyə çevrilə bilər” - Rus ekspert
Tarix: 1-04-2021, 15:48 | Çap et
““Altılıq platforması”makroregional birliyə çevrilə bilər” - Rus ekspert
Məlumdur ki, Azərbaycanın 44 günlük hərbi əməliyyatlarda əldə etdiyi zəfər regiondakı reallığı dəyişdi. Özü də ciddi mənada. Məsələn, “Altılıq platforması”nın yaradılması, Ukraynanın öz torpaqlarını azad etmək uğrunda hərəkətlənməsi, Türkiyə- Rusiya əməkdaşlığı və s. kimi məsələlər məhz qələbəmizdən sonra gündəmə gəldi. Bütün bunların fonunda Ermənistan hakimiyyəti isə daxildəki “bataqlıqda” çabalayır. Deməli, Cənubi Qafqazda ciddi dəyişikliklərin olması qaçılmazdır. Amma nələr olacaq? Bax, bu, sual altındadır.


Odur ki, “Sherg.az” olaraq Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Politologiya və Sosiologiya kafedrasının dosenti, “Rusiya Zabitləri” ictimai təşkilatının Ekspertlər Şurasının üzvü Aleksandr Perenciyevlə söhbətləşib, bir çox qaranlıq məqamlara aydınlıq gətirməyə çalışdıq:

-Müharibədən sonra Cənubi Qafqazda nələr dəyişdi?

Rəsmi Bakı regionda vəziyyətə nəzarət edən tərəfə çevrildi. Etiraf etmək lazımdır ki, Azərbaycan uzun müddət məsələnin danışıqlar yolu ilə həllində maraqlı idi. Lakin, nəhayət, qəti qərar verdi. Qazanılan zəfər nəticəsində təkcə Cənubi Qafqazda deyil, Yaxın Şərqdə Azərbaycanın rolu artdı. Başqa sözlə, ölkəniz bundan sonra bir az da güclənəcək. Azərbaycan, həmçinin qonşu ölkələr arasında vəsitəçi rolunu oynamağa başlayacaq.

-Xüsusilə Qərbə qarşı mübarizədə Türkiyə- Rusiya münasibətləri necə inkişaf edəcək?

-Qarşılıqlı əməkdaşlıq ABŞ əleyhinə deyil. Tərəflər sadəcə bu və ya digər sahələrdə partnyorluq edirlər. Lakin Qərb sözügedən iş birliyini arzulamadığına görə, Ankara- Moskva əməkdaşlığının vektoru ona tərəf tuşlanır. Həttə hələ beş il əvvəl, 2016-cı ildə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı devirmək cəhdi də məhz ABŞ-ın planı idi. Qərbin nəyəsə nail ola biləcəyini düşünmürəm. Əksinə təsirin əks-təsirə bərabər olduğunu nəzərə alsaq, bundan sonra tərəflər arasında əməkdaşlıq daha da güclənəcək.

-Bəs bu, Azərbayacana nə vəd edəcək?

-Əlbəttə, bundan ən çox fayda görən məhz Azərbaycan olacaq. Azərbaycan həm də Türkiyə və Rusiya arasında əsas vasitəçidir. Həm də bunu yaxşı bacarır.

-Ermənistanda keçiriləcək erkən parlament seçkilərinin nəticəsi barədə nə düşünürsünüz?

-Kəskin siyasi mübarizə ilə yadda qalacaq və gözlənilməz nəticə ilə başa çatacaq. Məqsəd daxili xaosun siyasi müstəvidən kənara çıxmamasıdır. Amma çevriliş riskləri də var və mövcud hakimiyyət bunu nəzərə alır. Ona görə də Paşinyan aprel ayında istefaya gedəcəyini desə də, konkret tarix göstərməyib. Bu, hansısa manevrlər üçün hakimiyyətə, rəsmi şəxslərə imkan verir. Eyni zamanda daxili təlatümlərin qarşısını almaq naminə lazımi mexanizm formalaşdırmağa şərait yaradır. İqtidar ilk növbədə Fransadan yardım gözləyir. Yəqin, Moskvadan da kömək umur.

-Ermənistan baş nazirinin son vaxtlar Azərbaycanla münasibətlərə dair loyal bəyanatlar səsləndirdiyini nəzərə alsaq, o qalib gələcəyi təqdirdə nələr olacaq?

-Sözsüz ki, ilk növbədə müxalifət zəifləyəcək. Fəqət, münasibətlərin inkişafı hakimiyyyətdən, yəni konkret şəxslərdən asılı deyil. Bunu daha çox Tovuz təxribatından sonrakı mərhələdə məsələyə qarışan Türkiyə, Rusiya və ATƏT müəyyənləşdirəcək.

-“Altılıq platforması”nın yaranması üçün nələr lazımdır?

-Bunun üçün ilk növbədə tərəflərdən hər birinin iştirakı ilə böyük iqtisadi layihələr həyata keçməlidir. Məsələn, nəqliyyat infrastrukturu ilə bağlı layihələr yaxşı başlanğıc ola bilər. Həmçinin müxətlif sahələrdə də əməkdaşlıq şərtdir. Sadəcə konkret addımlar atılmalıdır. Fikrimcə, reallaşacaq layihələr tərəflərdən hər birinin maraqlarına cavab versə, Ərdoğanın “Altılıq platforması” adlandırdığı birlik makroregional birliyə də çevrilər.

-Gürcüstanın “3+3” platformasına qoşulmaqla bağlı tərəddüdü aydındır. Bu barədə nə düşünürsünüz?

-Bəli, Gürcüstan Rusiya ilə birbaşa əlaqəyə girmək istəmir. Ona görə də 5+1 formatından istifadə oluna bilər. Hər halda Azərbaycan, Türkiyə və Ermənistanın digər dövlətlər üçün vasitəçi rolunu oynaması da mümkündür. Ən mühüm məsələ isə bütün tərəfləri təmin edəcək maraqlar sisteminin formalaşmasıdır.

-Rusiyanın bir neçə partiyası seçkiqabağı proqramlarında ölkə ərazisinin Ukraynanın şərqi və Qarabağ hesabına böyüdülməsini təklif ediblər...

-Bu tezis yalnız seçkilərdə səs yığmaq üçün deyil. Həmçinin Rusiyadakı erməni diasporunun, o cümlədən Ermənistana simpatiya bəsləyənlərin, anti-türk qüvvələrin fəaliyyətinin nəticəsidir. Rusiya azərbaycanlıları Federal Milli-mədəni Muxtariyyətinin rəhbərliyi bu haqda dövlət dumasına, baş prokurorluğa “Ədalətli Rusiya” partiyasına müraciət edib. Bildirilib ki, analoji bəyanatlar Rusiya- Azərbaycan münasibətlərinə ciddi zərbə vurmaqla yanaşı, eyni zamanda Vladimir Putinin “Qarabağ Azərbaycanın suverən ərazisidir” açıqlamasına ziddir. Odur ki, partiyaların təklifi təxribatdır və onlar buna görə məsuliyyət daşıyırlar.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net