Dəmiryol Polis Bölməsinin rəisi generalın adından istifadə edir
Tarix: 22-04-2015, 13:48 |
Çap et
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsi dəmir yolu, hava və su nəqliyyatı obyektlərində cinayətkarlığa və digər hüquqpozmalara, eləcə də Xəzər dənizi hövzəsində, respublikanın çaylarında, göllərində və digər su tutarlarında ekoloji cinayətlərə qarşı mübarizəni, içtimai qaydanın qorunmasını və ictimai təhlükəsizliyi, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirən müstəqil struktur hissədir.
Qeyd edək ki, ölkə ərazisindəki bütün dəmir yollarının mühafizəsi Daxili İşlər Nazirliyinin sərəncamına verilib və bu işin həyata keçirilməsi məqsədilə nəqliyyatda polis qurumları yaradılıb. Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi dəmir yollarının mühafizəsini təşkil edir. Lakin idarənin bəzi yerli bölmələrində neqativ hallar müşahidə edilməkdədir. Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Şirvan bölməsinin rəisi Əli Əliyevlə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Etibarlı mənbənin bildirdiyinə görə, 57 yaşı olan bölmə rəisi ona tapşırılan işlərin öhdəsindən layiqincə gələ bilmir və Şirvan şəhərində yerləşən dəmir yollarının mühafizəsini təşkil etməyi bacarmır: "Bu adam vəzifə səlahiyyətlərinə aid olan məsələləri bir kənara atıb, vaxtının çox hissəsini biznes işlərinə ayırır. Artıq neçə ildir ki, bu vəzifəni tutan Əli müəllim maliyyə imkanları baxımından ölkənin ən varlı şəxsləri ilə eyni səviyyədə dayana bilər. Belə ki, onun Bakıda onlarla ticarət obyekti var. Bura misal olaraq "Qızlar zapravkası"nı, telefon dükanlarını göstərmək olar. Bölmə rəisinin işində yol verdiyi nöqsanlar şəhər ictimaiyyəti tərəfindən xoş qarşılanmır. Çünki Şirvan indiyə kimi dəmir yolu nəqliyyatında önəmli paya sahib olub. Amma bu gün şəhərin dəmir yollarının mühafizəsi bərbad haldadır. Nəzərə almaq lazımdır ki, həm ölkə daxilində hərəkət edən, həm də xaricdən gələn yük qatarlarının bir neçəsi stansiyadan keçir. Odur ki, dəmir yollarının mühafizəsi ən yüksək səviyyədə təşkil edilməlidir. Bölmə rəhbəri isə tamamilə başqa işlərlə məşğul olur". Mənbə deyir ki, bir müddət əvvəl Şirvan Dəmir Yol Stansiyasında oğurluq qeydə alınıb: "Dəmir yolunda işləyən 4 nəfər fəhlə "nakladka" oğurlayıb. Bundan xəbər tutan Əli Əliyev həmin fəhlələrin hər birini 1000 metr o baş-bu başa qaçırıb. Hələ üstəlik, fəhlələr 100 manat cərimə olunublar. Yəni oğurluq edən fəhlələri həm 1000 metr qaçırıb, həm də 100 manat məbləğində cərimə edib. Şirvan Dəmir Yol Polis Bölməsinin fəaliyyəti düzgün tənzimlənmədiyindən burda tez-tez xoşagəlməz hadisələr qeydə alınır. Bölmənin əməkdaşları bəzi şəxslərlə sövdələşməyə girib müxtəlif qanun pozuntularına əl atırlar. Buna görə də dəmir yolunda baş verən oğurluq hadisələrinin bir çoxunun üstü açılmamış qalır. Əlbəttə, bu kimi işlər rəisdən xəbərsiz edilmir. Onun hər şeydən xəbəri olur. DİN rəhbərliyi rəisə bundan əvvəl iki dəfə etimad göstərib və onun səlahiyyət müddəti uzadılıb. O isə vəzifədən əl çəkmək niyyətində deyil. Tez-tez yüksək rütbəli şəxslərin adını hallandıran bölmə rəisi həyata keçirdiyi qanunsuzluqları beləcə ört-basdır etməyə çalışır. "Mən generalın tələbə yoldaşıyam. Heç kim məni işdən azad edə bilməz. Yasəf müəllim belə yaxınlığıma gələ bilməz" deməklə özündən arxayınlığını ifadə edir". Əli Əliyev generalla tələbə yoldaşı, hətta yaxın dost da ola bilər. Ancaq "slujba slujba, drujba drujba". Odur ki, Nəqliyyatda Baş Polis İdarəsinin rəhbərliyi bölmə rəisinin barəsində tezliklə ölçü götürməlidir. Əks halda, daha böyük problemlər üzə çıxa bilər.