"Laçın" ticarət mərkəzi kimlərin hədəfinə çevrilib...
Tarix: 21-04-2015, 13:10 | Çap et
"Laçın" ticarət mərkəzi kimlərin hədəfinə çevrilib...
Paytaxtın ən böyük alış-veriş mərkəzlərindən biri olan "Laçın" ticarət mərkəzi neçə gün idi ki, fəaliyyətini dayandırmışdı. Bir neçə gün əvvəl qəflətən işıqlar sönüb və bazar rəhbərliyi ondan sonra hamıya mağazalarını bağlayıb getməyi tapşırıb. "Laçın" ticarət mərkəzinin müdiriyyəti elektrik enerjisinin kəsinti səbəbinə dair sahibkarlara əlavə heç bir məlumat verməyib.

Daha sonra isə sahibkarlara transformatorun sıradan çıxdığını deyib. Amma onlar bunun doğru olmadığını, bazarın "Azərişıq"a külli miqdarda borcu olduğu üçün elektriksiz qaldığını iddia ediblər. Qeyd edək ki, dünən saat 13:00-dan etibarən "Laçın" ticarət mərkəzində işıqlar yandırılıb və fəaliyyət bərpa olunub. Ticarət mərkəzinin hansı səbəbdən bağlanması barədə araşdırma aparanda məlum oldu ki, "Laçın"ın bir neçə gün bağlı qalması sadəcə işığa görə yaranan borcla bağlı deyilmiş. Özəl mənbələrin redaksiyamıza ötürdüyü informasiyaya görə, ticarət mərkəzinin sahibi olan Maqsud adlı iş adamı aidiyyəti dövlət qurumlarından rəsmi icazə almadan bazarın daxilində yenidənqurma işləri aparıb. Və bu zaman bir sıra standartlara, o cümlədən yanğın təhlükəsizliyi qaydalarına riayət edilməyib. Qanunvericiliyin tələblərinin pozulduğunu görən müvafiq qurumların rəsmiləri isə dərhal məsələyə müdaxilə ediblər: "Aidiyyəti dövlət orqanlarının əməkdaşları bu halı aşkara çıxarandan sonra bazarın qapılarına möhür vurublar. Əslində, düz də ediblər. Çünki bazarda hansısa bədbəxt hadisə, məsələn yanğın hadisəsi qeydə alınsa, bunun qarşısını almaq üçün heç nə yoxdur. Dükanların arasındakı məsafə düzgün seçilməyib. Tikintiyə dair standartlar da pozulub. Bundan başqa, ticarət mərkəzində yanğın təhlükəsizliyi sistemi yoxdur. Sahibkarlardan ayda külli miqdarda icarə haqqı yığılır, lakin buna baxmayaraq, müştərilərin və satıcıların təhlükəsizliyi təmin edilməyib. Məhz bu kimi səbəblər ucbatından ticarət mərkəzinin fəaliyyətinə qadağa qoyulmuşdu". Digər tərəfdən, "Laçın"ın rəhbərliyinin işığa və vergiyə görə də külli miqdarda borcunun olduğu bildirilir: "Maqsud adlı iş adamına problemləri həll etməsi üçün bir neçə gün vaxt verilib. Əgər o bu müddət ərzində dövlətə olan borcunu ödəməsə, onda sərt tədbirlərə əl atılacaq". Başqa bir iddiaya görə isə ticarət mərkəzinin başı üzərində dolaşan qara buludların səbəbi tamamilə fərqli nüansa görədir. Mənbənin bildirdiyinə görə, yüksək rütbəli şəxslərdən biri bazarın yerinə göz dikib: "Həmin məmurun ölkə ərazisində, həmçinin xaricdə böyük biznes şəbəkəsi fəaliyyət göstərir. Deyilənə görə, o artıq neçə vaxtdır ki, bazarın yerləşdiyi ərazini ələ keçirməyə çalışır. Bunun üçün ən düzgün məqamı gözləyirdi. Bu gün isə onun əlinə əlverişli fürsət düşüb. Ticarət mərkəzinin işığa, vergiyə olan borcları, habelə müxtəlif qurumlarla razılaşdırmadan gördüyü işlər mərkəzin gələcək fəaliyyətini sual altında qoyub. İndiki halda Maqsud adlı biznesmen "Laçın"ı itirməyə çox yaxındır. Çünki onun yuxarılarda elə də güclü dayaqları yoxdur. Üstəlik, bazarın ərazisinə tamah salan məmurla baş-başa gələcək gücdə deyil. Odur ki, neçə illərdir fəaliyyət göstərən ticarət mərkəzi yaxın vaxtlarda uçurula və yerində daha müasir obyekt tikilə bilər". Əldə etdiyimiz məlumatlara görə, "Laçın"ın bir neçə gün bağlı qalması Maqsud adlı iş adamını külli miqdarda gəlirdən məhrum etməklə yanaşı, onun səhhətində bəzi problemlərin meydana çıxmasına səbəb olub: "Hələ 2000-ci illərin əvvəlində vəzifəli şəxslərdən biri ticarət mərkəzinə sahib çıxmaq istəmiş və o zaman böyük gərginlik yaşanmışdı. Maqsud müəllim bazarı heç kimə vermək niyyətində deyil. Amma hazırda ssenari tamam fərqli məcraya yönəlib. O ya bəzi şəxslərin dediyi ilə razılaşmalı, ya da bazardan əlini üzməlidir. İkinci variant daha real görünür. Bu məsələdən böyük narahatlıq keçirən iş adamının halı qəflətən pisləşib. Hətta onun xaricə müayinəyə gedəcəyi deyilir". Bu arada onu da qeyd edək ki, təxminən dörd gün bağlı qalan bazarda işləyən şəxslərə yer pullarının may ayının 1-dən etibarən artırılacağı haqda xəbərdarlıq edilib. Görünür, Maqsud müəllim bu neçə gündə itirdiklərini dükan sahiblərinin hesabına kompensasiya etmək niyyətindədir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net