“Neftçalada içməli su probleminin həlli istiqamətində işlər görülür” - RİH başçısı
“Son günlər Neftçala Rayon İcra Hakimiyyətinin gördüyü əsas işlərdən biri yaranan ekoloji problemlə bağlıdır. Kür çayının göstəricilərinin aşağı düşməsi ilə Xəzər dənizində baş verən mütəmadi küləklər, Xəzər dənizin suyunun Kür çayı ilə qarışması Xıllı qəsəbəsindən rayon mərkəzinə qədər olan hissədə daha çox suyun şoranlaşmasına gətirib çıxarıb”.
APA-nın məlumatına görə, bunu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov keçirdiyi onlayn mətbuat konfransında bildirib.
O deyib ki, laboratoriya göstəriciləri hər gün rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargah tərəfindən yoxlanılır: “Suyun bulanıqlığı, minerallığı, codluq göstəriciləri, elektrik göstəriciliyinə görə bu gün norma ümumi normadan demək olar ki, 4-6 dəfə yüksəkdir. Bu, bilavasitə vətəndaşlarımızın içməli su, şirin su təminatında ciddi problemlərə gətirib çıxarıb. 2019-cu ildə qəbul edilmiş Dövlət Proqramından sonra rayonda bu sahədə tədbirlər görülməyə başlayıb.
Əsas məqsədimiz bu gün şirin su problemi olan 3 qəsəbə, şəhərətrafı kəndlərimizin bu problemini həll etməkdir. Vətəndaşlar ümumi şəkildə daha çox texniki sulardan istifadə edir ki, bu, daha öncə də belə idi”.
M.Seyidov deyib ki, rayon İcra Hakimiyyətinin və “Azərsu” ASC birgə içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı Proqramın icrasına başlayıb: “Artıq Salyan rayonundan Neftçala rayonuna qədər olan hissədə quyuların qazılması prosesinə start verilib. Məmnuniyyətlə qeyd etmək istərdim ki, Salyan rayonu ərazisində su tutumunun göstəricisi 7500 kubmetr olan yeni su anbarı tikilir. Həmin anbarın mövcud uzunluğu 44 km-ə qədərdir”.