Şəkidə yük maşını ilə minik avtomobili toqquşub, biri ağır olmaqla dörd nəfər xəsarət alıb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Şəki rayonu Vərəzət kəndi ərazisindən keçən hissəsində baş verib.
Şəki şəhər sakini, 1975-ci il təvəllüdlü Elçin Yaqub oğlu Məmmədovun idarə etdiyi “Qaz 3321” markalı yük maşını ilə Şəki şəhər sakini, 1989-cu il təvəllüdlü Şirxan Rafiq oğlu Mikayılovun idarə etdiyi “Hyundai Sonata” markalı minik avtomobili toqquşub. Qəza zamanı minik avtomobilində olan sərnişinlər - Şəki rayonunun Baş Zəyzid kənd sakinləri – 2001-ci il təvəllüdlü Həsən Nadir oğlu Əhmədov, 2000-ci il təvəllüdlü Ceyhun Elman oğlu İsayev, 2003-cü il təvəllüdlü Mustafa Kazım oğlu Salmanlı və Vərəzət kənd sakini, 2003-cü il təvəllüdlü Turqut Hakim oğlu İsgəndərov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Yaralılardan Həsən Əhmədova qapalı kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir. Digər yaralıların xəsarətləri yüngül olduğundan onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.