İcra başçısı düşməni bizə niyə güldürür? - FOTO
Tarix: 3-05-2017, 11:18 | Çap et
İcra başçısı düşməni bizə niyə güldürür? - FOTO
Qarabağ müharibəsi zamanı ermənilərin dəfələrlə hücumuna məruz qalsa da, qəhrəmanca müdafiə olunan bu kəndi işğal etmək düşmənə nəsib olmadı. Söhbət Goranboyun Tap Qaraqoyunlu kəndindən gedir.

Bu kəndin 38 sakini vətən uğrunda canından keçib. Tap Qaraqoyunlu bu gün də cəbhənin ən qaynar nöqtələrindəndir. Demək olar ki, hər gün düşmən atəşkəsi bir neçə dəfə pozaraq kəndi gülləbaran edir. Buna baxmayaraq, kəndin sakinləri öz yurd-yuvalarını tərk etmir və düşmən qarşısında dimdik ayaqda dururlar.

2010-cu il oktyabrın 14-də Tap Qaraqoyunluda Azərbaycan ərazisində ikinci ən böyük bayrağın açılışı olub. Dövlət Neft Şirkətinin vəsaiti hesabına ərsəyə gələn bayrağın uzunluğu 18 metr, eni 9 metr, dayaq hündürlüyü isə 65 metrdir. Ölkənin yenilməz simvolu olan bu bayraq işğal altında olan ərazilərimizdən aydın şəkildə görünür, daha doğrusu görünürdü. Hazırda bayraqdan geriyə sadəcə dayaq qalıb.

Düşmənə göz dağı verən üçrəngli bayrağımız indi bir növ acizliyin təcəssümünə çevrilib. Artıq bir müddətdir ki, bayraq yerində yoxdur. Boş qalan dayağa yeni bayraq asmaq isə icra başçısı Nizaməddin Quliyevin ya yadına düşmür, ya da özünü əziyyətə salmaq istəmir.

Təbii ki, bu vəziyyət düşmənin də diqqətindən yayınmır. Hər gün Tap Qaraqoyunlunu atəş altında saxlayan erməni ordusu da yəqin ki, bu acizliyimizə sevinir, gülür və bizi ələ salır. Və nə vaxta qədər Nizaməddin Quliyev kimi məmurlarımız var, o vaxta qədər düşmənlərimiz də bizə gülməyə davam edəcək.

Nədir Nizaməddin Quliyevin məqsədi? Günlərdir boş qalan dirəyə bir bayraq asmaq bu qədərmi çətindir? Dövlətin milli atributlara diqqəti göz önündədir. Hətta ölkəmizdə Bayraq günü belə təsis edilib. Bəs nədir bayrağımızın nizaməddin quliyevlərdən çəkdikləri? Dövlətə, milli atributlarımıza hörmətsizliyin səbəbi, nməqsədi nədir?

İcra başçısı düşməni bizə niyə güldürür? - FOTO

Məlumat üçün qeyd edək ki, ötən ayın sonlarında Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahir Həsənov işdən çıxarılmışdı. Səbəbi isə rayonun Bayraq meydanında Azərbaycan bayrağının bir hissəsi cırılmış halda dalğalanmasına məsuliyyətsiz yanaşması göstərilmişdi. Bir sözlə, bayrağa hörmətsizliyin cəzası da ən azı bu olmalıdır.
Qaynar.Az





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net