Şuşa mədəniyyətinin tənəzzül dövrü
Tarix: 12-05-2016, 09:52 | Çap et
Şuşa mədəniyyətinin tənəzzül dövrü
Artıq dəfələrlə qeyd olunduğu kimi, bu gün bölgələrimizdə fəaliyyət göstərən bir çox rayon mədəniyyət və turizm şöbələrinə rəhbərlik edən kadrların heç də hamısı öz öhdələrinə düşən vəzifələrin vacibliyini və məsuliyyətini tam ciddiliyi ilə dərk etmirlər. Bu xüsusda redaksiyamıza daxil olan məlumatlarda Şuşa rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Zahid Abbasovun öz işində yol verdiyi ciddi nöqsanlara dair faktlar öz əksini tapmışdır. Bu xüsusda bizimdovr.az-a təqdim edilən açıqlamalarda iddia olunur ki, Zahid Abbasov bu gün bütöv bir rayonun mədəniyyət ocaqlarının sırf şəxsi məqsədləri naminə istismarı ilə məşğuldur. Vurğulanır ki, Şuşanın hazırda böyük əksəriyyəti Bakıda fəaliyyət göstərən bütün mədəniyyət obyektləri, istisnasız olaraq hər ay mədəniyyət və turizm şöbəsinin müdirinə müəyyən olunmuş məbləğdə “haqq” ödəməlidirlər. Qeyd edək ki, bu gün Şuşa rayon Mədəniyyət və Turizm şöbəsinin tabeliyində Şuşa Şəhər Dövlət Rəsm Qalereyası, Şuşa Şəhər Ü.Hacıbəyovun ev muzeyi, Şuşa rayon Mərkəzi Kitabxana Sistemi, Kitabxana filialları, iki kənd kitabxanası, iki kənd mədəniyyət evi, Bülbülcan adına Şuşa Şəhər Uşaq Musiqi Məktəbi, Niyazi adına Şuşa Şəhər Uşaq İncəsənət Məktəbi və daha altı kənd uşaq musiqi məktəbi fəaliyyət göstərir.

Həmçinin məlumatlarda bildirilir ki, bölgədə bu sahənin inkişafı məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfinən ayrılmış büdcə vəsaitləri də təyinatı üzrə istifadə olunmur. Bu vəsaitlərin böyük bir hissəsi qeyri-qanuni maxinasiyalar, şişirdilmiş smetalar, müxtəlif silinmələr yolu ilə Zahid Abbasov tərəfindən mənimsənilir. Xüsusilə adı olub özü olmayan kənd mədəniyyət evləri və klublar dövlət vəsaitinin silinməsi üçün əsas vasitəyə çevriliblər. Belə ki, onların vasitəsilə Zahid Abbasov hər il dövlətin külli miqdarda vəsaitini mənimsəməklə məşğuldur. Əldə etdiyimiz məlumatlara görə, rayonun mədəniyyət və urizm şöbə müdiri bu işləri təkbaşına həyata keçirmir. Şöbənin yarıtmaz işi bu qurumun nəzdində fəaliyyət göstərən obyekt və müəssisələrdə də çoxsaylı neqativ halların yer almasına yol açmış olur. Təbii ki, əgər Mədəniyyət və Turizm şöbəsinin müdiri həmin müəssisələrin rəhbər vəzifələrinə təyinatları rüşvət müqabilində həyata keçirirsə, bu vəzifələri tutan şəxslərdən də öz vəzifə borclarının vicdanla icrasını tələb etmək çətin olacaq. Qeyd edək ki, hələ bir müddət əvvəl Şuşa mədəniyyət və turizm şöbəsində aparılmış maliyyə yoxlamaları nəticəsində külli miqdarda dövlət vəsaitlərinin fəaliyyəti olmayan mədəniyyət müəssisələri arasında pay-püş edilməsi faktları üzə çıxmışdı. Bəzi məlumatlara görə, artıq yoxlamalar tamamlanmamış şöbənin əhatə etdiyi mədəniyyət və təhsil müəssisələrində büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı bir sıra konkret faktlar üzə çıxmışdı. Söhbət yüz minlərlə manat büdcə vəsaitinin ayrı-ayrı hesablara səpələnməsindən və sonradan mənimsənilməsindən gedirdi. Bununla belə, Zahid Abbasov yenə də öz yaxasını cəzadan qurtara bilmişdi. Təbii ki, belə olan vəziyyətdə Şuşa rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri də öz talançılıq fəaliyyətinə davam edəcəkdir. Bu günlərdə bizimdovr.az-a daxil olan məlumatda da bu iddia bir daha öz təsdiqini tapır. Bu xüsusda aldığımız açıqlamada deyilir: “Hazırda Şuşa rayonu üzrə mədəniyyət müəssisələrinin ştat cədvəlinə salınmış “ölü canlar”ın sayı real işçilərin sayından daha çoxdur. Mədəniyyət və Turizm Şobəsinin nəzdində fəaliyyət göstərən obyekt və müəssisələrin demək olar ki, heç birində ştat cədvəlində əməkdaşların göstərilən sayı ilə burada işləyən insanların sayı düz gəlmir. Aradakı fərq isə təbii ki, ayrılan əmək haqlarının mənimsənilməsi üçün qəsdən yaradılmışdır. Həmçinin Zahid Abbasov rayonun musiqi məktəblərində çalışan müəllimlərin dərs saatlarının planlaşdırılması ilə həyata keçirdiyi müxtəlif maxinasiyaların köməyi ilə də külli miqdarda vəsaitlərin mənimsənilməsinə nail olub…”

Bu günlərdə aldığımız daha bir maraqlı məlumatda isə, Zahid Abbasovun bəzi ailə üzvlərinin Qarabağda aprel ayında baş vermiş 4-günlük hərbi əməliyyatların gedişindən xüsusilə narahat olduqları vurğulanır. Bu narahatlığın səbəbləri barədə aldığımız açıqlamaları növbəti sayımızda təqdim edə biləcəyik.

Qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net