Ramiz Yediyarovun yeni “biznesi”
Tarix: 6-04-2016, 09:27 | Çap et
Ramiz Yediyarovun yeni “biznesi”
Bu günlərdə redaksiyamıza Gədəbəydən daxil olmuş məlumatlarda Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun növbəti özbaşınalıqlarından bəhs olunur. Həm də vurğulanır ki, başçının bu dəfəki əməlləri eyni zamanda həm ciddi qanun pozuntusu, həm də xalqın mənəviyyatına qarşı yönəlmiş məqamlarla müşayiət olunmaqdadır. Hərçənd, əslində bu deyilənlərin heç biri Ramiz Yediyarovun fəaliyyəti üçün nə yeni, nə də gözlənilməz göstərici deyil. Gədəbəydə növbəti qalmaqalın yaşanmasına səbəb olmuş məsələ isə, icra başçısının yaşadığı “iqtisadi böhran” fonunda özünə yeni gəlir mənbəyi axtarması və axtarışların da nəticəsi olaraq, “veteran statusu biznesi”nə başlamaq barədə qərar verməsi ilə bağlı olub. Redaksiyamıza bu xüsusda açıqlama verən mənbənin sözlərinə görə, rayonlarda təhsil və mədəniyyət şöbələrinin ləğvindən sonra, Gədəbəydə də qeyri-qanuni gəlir əldə etmək imkanları da xeyli məhdudlaşıb. Bizimdovr.az-a açıqlama verən mənbələr isə bildirirlər ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov da öz növbəsində vəziyyətdən çıxış yolunu tapmaq üçün alternativ tədbirlərə əl atıb. Belə ki, iddialara görə, artıq bir neçə gündür ki, başcı kənd icra nümayəndələrinə saxta müharibə veteranı statusu vermək üçün 50-60 nəfərin sənədlərini toplamağı tapşırıb. Əlbəttə ki, bu statusların müəyyən məbləğdə pul müqabilində veriləcəyi nəzərdə tutulub. Məlumata görə, statusun bir nəfər üçün qiyməti 500-1000 manat arasındadır. Mənbələr iddia edirlər ki, orta hesabla rayon üzrə 1000-1200 nəfərə veteran statusu verilməsi planlaşdırılıb. Əgər bu “biznes” baş tutsa, 1 milyon manatadək qazanc əldə olunacaq. Maraqlıdır ki, Ramiz Yediyarovun atdığı bu qanunazidd addım ilk növbədə dövlət büdcəsinə əlavə uzunmüddətli yük olacaq. Belə ki, bir tərəfdən dövlət veteran statusu almış bu adamları ömürlük müavinətlə təmin etməlidir. Digər tərəfdən də, sənədləri toplanan bu şəxslərin coxu işləyir və deməli həmin şəxslərin gəlirləri də vergidən yayınacaq. Amma bütün bunlardan daha acınacaqlı məqam budur ki, belə həssas məsələləri alver predmetinə çevirməklə, Gədəbəyin icra başçısı minlərlə müharibə əlilini və iştirakçısını, şəhid ailələrini, bir sözlə xalqın mənəviyyatını təhqir etmiş olur. Bu barədə aldığımız müraciətlərdən birində deyilir: “Pulu hər şeydən üstün hesab edən, müharibə vaxtı hərbi xidmət yaşında olsa da, bir gün belə döyüşlərdə iştirak etməmiş birisi olaraq, Ramiz Yediyarovun düşüncəsi bu cür adi məntiqi qavramaqdan çox uzaqdır. Bu adamın vətən, millət anlayışına biganəliyi bir müddət əvvəl rayonun şəhidlər xiyabanına başqa abidələri köçürərkən də sübut olumuşdu. Lakin çox təəsüf ki, o zaman aidiyyatı olan dövlət orqanları bu miqyasda rəzalətə münasibət bildirmədilər. Ona görə də, cəzasızlıqdan arxayınlaşan Ramiz Yediyarov indi də növbəti qanunsuzluğa cəsarət edib”. Həmçinin açıqlamalarda bildirilir ki, məsələ ilə bağlı rayon sakinləri müvafiq strukturların rəhbərlərinə - Arzu Rəhimova, Səlim Müslümova, Zakir Həsənova, Zakir Qaralova və Fazil Məmmədova müraciət ünvanlayıblar. Həmin müraciətdə deyilir: “Yediyarovun əməllərinin qarşısını almağa cağırırıq. Bir də vergilər naziri Fazil Məmmədova müraciət edirik ki, hörmətli nazir, hamıya məlumdur ki, Ramiz Yediyarov sizin kadrınızdır və bu gün də sizin himayəniz altındadır. Necə olur ki, vergidən yayınma adı altında xırda bir sahibkara qarşı hətta cinayət işi başlamaqdan da çəkinmədiyiniz halda, Ramiz Yediyarovun yüzlərlə adama saxta yolla vergi imtiyazı verməsi kimi qanunsuz əməlinə göz yumursunuz? Nəzərinizə çatdırırıq ki, Yediyarov bu pulları rayonun abadlığına xərcləmək bəhanəsi ilə yığır və məhz sizin tapşırığnızı yerinə yetirdiyini bildirir...”

Ümid edirik ki, ən azından bu dəfə Gədəbəy sakinlərinin müraciətləri cavabsız və nəticəsiz qalmayacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net