Generalla bağlı ilginc iddia: hərbi xidmətdə olmayıb
Tarix: 10-03-2016, 11:29 |
Çap et
Son günlər gömrük generallarının dəbdəbəli həyatı gündəmi zəbt edib.
Bu dəfə isə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin 5-ci müavini Şahin Bağırovla bağlı məlumatlar yayılıb.
Vertikal.az gundelik-baku.com-a istinadən xəbər verir ki, Azərbaycanda ən çox müavini olan məmurlardan biri də Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevdir. Onun 5 müavini var. Təbii ki, belə bir qurumda 5 sədr müavininin olması heç də başadüşülən deyil. Yəni komitə sədri iki müavinlə də fəaliyyət göstərə bilər. Amma komitə rəhbəri ilə müqayisədə onun müavinləri bu yaxınlara kimi kölgədə qalmışdılar. Onların barəsində mətbuat səhifələrində demək olar ki, heç bir məlumata rast gəlmək olmurdu. Lakin son vaxtlar Aydın Əliyevin müavinləri ilə bağlı bir-birindən ilginc məlumatlar yayılmağa başlayıb.
DGK-nın sədr müavini, gömrük general-leytenantı Şahin Bağırovla bağlı maraqlı məlumatlar daxil olub. Mətləbə keçməmişdən öncə qısaca vurğulamaq istəyirik ki, Şahin Soltan oğlu Bağırov 12 yanvar 1965-ci ildə anadan olub. O, 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikasının Aqrar Sənaye Kompleks sistemində çalışıb.
1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlamış və Bakı Baş Gömrük İdarəsinin inspektoru, "Əli-Bayramlı” gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışıb. Şahin Bağırov 2003-cü ildə Rusiya Gömrük Akademiyasının "Gömrük işi” fakültəsini bitirib və 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib. 2014-cü ilin yanvar ayından Aydın Əliyevin müavinidir.
Məlumatlarda bildirilir ki, prezident gömrükdə monopoliyanı ləğv etsə də, Şahin Bağırov hələ də bəzi sahələri öz inhisarında saxlayır. Məsələn, Gürcüstandan və digər xarici ölkələrdən gətirilən avtomobillər general-leytenantın icazəsi olmadan ölkəyə buraxıla bilməz: "Bu şəxs iki ildir müavin işləməsinə baxmayaraq, gömrük sistemində xüsusi nüfuz qazanmağı bacarıb. 5-ci müavin olsa da, komitədə əsas söz sahiblərindən biridir. Hətta deyilənə görə, bəzi məsələlərdə sədr ondan məsləhət alır. Müxtəlif qanunsuz işlərlə məşğul olan general geridə qalan vaxt ərzində özünə böyük biznes imperiyası yaratmağı bacarıb. Generalın Bakıda bir neçə villasının, mənzilinin, bağ evlərinin və bahalı maşınlarının olması da çoxlarına sirr deyil".
Şahin Bağırovla bağlı ən maraqlı məqam onun təhsili və hərbi xidməti ilə bağlıdır. Məlumatlı mənbə bildirir ki, generalın hər iki təhsili şübhəlidir və onun həmin ali təhsil müəssisələrinə hansı yolla qəbul olunması məlum deyil. Namizədlik dissertasiyasını da özünün yazmadığı iddia olunur. Həmçinin nə qədər araşdırsaq da, Şahin müəllimin hərbi xidmət keçib-keçməməsi barədə heç bir məlumata rast gələ bilmədik. Araşdırmalarımız davam edir. Növbəti yazıda general-leytenantla bağlı daha tükürpədici faktları dərc edəcəyik.