Beyləqanda orta məktəblərdə maliyyə yoxlaması...
Tarix: 26-02-2016, 09:30 | Çap et
Beyləqanda orta məktəblərdə maliyyə yoxlaması...
Beyləqan rayonunda fəaliyyət göstərən orta məktəblərdə maliyyə yoxlaması aparılır. Verilən məlumata görə, hal hazırda davam edən yoxlamadan qazanclı çıxmaq istəyən tərəflər də var.

Belə ki, rayonda işləyən hər bir müəllimdən yoxlamaya vermək üçün 50 manatdan pul yığılır. Mənbə bildirir ki, direktorların tələbi əsasında çıxılmaz vəziyyətə düşmüş müəllimlər həmin pulu ödəmək məcburiyyətində qalıblar. Üstəlik, etiraz edənləri də bir şəkildə cəzalandıracaqları ilə hədələyirlər.

Bu prosesdə ən aktiv təhsil ocağı isə Beyləqan şəhər 3 saylı Tam Orta Məktəbidir. Verilən məlumata görə, direktor Xuraman Rüstəmova artıq bir neçə gündür ki, yığım işləri həyata keçirir. Bütün müəllimlərə qəti tapşırıq verib ki, müfəttişləri yola salmaq üçün nəzərdə tutulmuş 50 manat mütləq verilməlidir.

Qeyd edək ki, Xuraman Rüstəmovanın belə əl-ayağa düşməsinin konkret səbəbləri var. Belə ki, yoxlama zamanı direktorun bir sıra qanunazidd əməlləri aşkarlanıb. Məlumata görə, 3 saylı orta məktəbdə 5 yaşlı uşaqlar üçün xüsusi sinif ayırıb. Toplam 12 uşağın hər birinin valideynindən ayda 20 manat alaraq, onları məktəbəqədər dövrdə hazırlaşdırır. Lakin uşaqlara ayrılmış sinif otağı digər şagirdlər üçün bəzi problemlər yaradıb. Ona görə ki, həmin məktəbdə sinif otağı çatmadığı halda, maddi maraqlarına görə, belə bir addım atıb. Məlum olub ki, hazırda 3 saylı orta məktəbdə ingilis dili dərsləri bəzən məktəbin yeməkxanasında keçirilir. Bu da qanuna ziddir.

Qeyd edək ki, belə hallar mahiyyət etibarı ilə Beyləqanda təhsil sisteminin bərbad olmasını göstərir, habelə bu sistemin inkişafını ləngidən amillərdəndir. Azərbaycan praktikasında indiyə qədər yeməkxanada dərs keçirilməsi halı ilk olaraq Beyləqanda müşahidə olunub. Ki, bu da Beyləqan təhsilinin durumunun göstəricisidir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net