Neftçala rayonunda təhsil adına rəzalət yaşanır. JAM.AZ xəbər verir ki, rayonun bir çox məktəblərində durum dəhşətlidir. Qış olmasına baxmayaraq, istilik sistemi ilə təhciz olunmamış orta məktəb binalarında dərs davamiyyəti bəzi günlərdə sıfıra yaxın olur.
Belə ki, soyuq siniflərdə oturmaqdan imtina edən şagirdlər dərsə gəlmirlər. Siniflərin qızdırılması üçün kombi sisteminə gərək olduğu halda, Neftçala Təhsil Şöbəsi fil qulağında yatır. Şöbənin müdiri Əjdər Kərimovun başı isə pul qazanmağa qarışıb. JAM.AZ xəbər verir ki, son illər Neftçala rayonundakı orta məktəblərin təmir edilməsi üçün heç də kiçik məbləğdə pullar ayrılmayıb. Lakin uçuq-sökük binaların təmiri əvəzinə, onlara 5000 manatlıq əhənglə suvamaqla kifayətləniblər.
Bəzi mənbələr bildirir ki, şagirdlər dərs davamiyyətini pozmaqla, canlarının qayğısına qalsalar da, bunun belə olmasında maraqlı olan direktorların da az olmadığı deyilir. İddia olunur ki, təhsil şöbəsinin müdiri Əjdər Kərimovla anlaşmış direktorlar dərsə gəlməyən uşaqların valideynlərindən aylıq pul alaraq, sonradan onu şöbə müdiri ilə bölüşdürürlər. Şagirdlər isə oxumaq üçün repititor yanına getmək məcburiyyətində qalırlar ki, bu da təhsilin səviyyəsinin aşağı düşməsinə gətirib çıxarıb.
Valideynlər isə bildirir ki, Neftçaladakı orta məktəblərdə dərs keçilməməklə yanaşı, şərait də pisdir. «İndiki maddi sıxıntı dövründə məcburuq ki, uşaqlarımız oxusun deyə, onları müəllim yanına hazırlığa göndərək. Maddi imkanlarımız pisləşəcəyi təqdirdə bunu da edə bilməyəcəyik. O zaman uşaqlarımızın aqibəti necə olacaq? Onlara məktəblərdə təhsil verməlidirlər. Daha bazar açımamalıdırlar».
JAM.AZ-a məlumat verən rayon sakinləri qeyd edirlər ki, Neftçaladakı orta məktəblərdə bəzi müəllimlərin adı işdə getsə də, özləri ümumiyyətlə gəlmirlər. «Onların bəziləri maaş az olduğu üçün dərs demir və gedib başqa işdə çalışaraq, ailələrini dolandırırlar. Bəziləri isə staj yazılsın deyə adlarının getməsini istəyirlər. Hər iki qrupa aid olan müəllimlərin maaşları isə direktorlar tərəfindən götürülür».
Bayaq qeyd etmişdik ki, Neftçala Təhsil Şöbəsinə təmir işləri ilə ayrılmış pullar təyinatı üzrə xərclənilmir. JAM.AZ-a daxil olan məlumata görə, təkcə 2013-cü ildə üç orta məktəbdə əsaslı təmir işlərinin aparılması üçün 100 min manat vəsait ayrılıb. Amma həmin məktəblərin faktiki durumu o vəziyyətdədir ki, görənlər ümumiyyətlə, bura pul xərclənildiyinə inanmır. Bu qədər yeyintinin səbəbi isə odur ki, keçirilən tenderlərin «qalibi» olan şirkətlərin maddi-texniki bazasının olmamasıdır. Onlar da günəmuzd işləyən ustaların imkanlarından yararlanırlar ki, bu da aşağı keyfiyyətli təmir işlərinin ortaya çıxmasına səbəb olur.
Təhsil şöbəsinin müdiri Əjdər Kərimova gəldikdə isə durum bir qədər fərqlidir. JAM.AZ bildirir ki, şöbə müdiri atdığı hər bir addımı Neftçalanın icra başçısı İsmayıl Vəliyevin adıyla bağlayır. Məsələn, pul yığılırsa, bu barədə tapşırığın icra başçısı tərəfindən verildiyini deyir.
Kərimovun bir işi də ondan ibarətdir ki, tədris ilinin əvvəlində dərs saatlarının bölüşdürülməsi əsl qazanc mənbəyinə çevrilir. Belə ki, saatların yazılması zamanı xüsusi «hörmət»in mühüm əhəmiyyəti var. Əgər daha yaxşı «hörmət» edən olursa, ona daha çox dərs saatı verilir. Və bütün «hörmətlər» toplanıldıqdan sonra direktorlarla təhsil şöbəsinin müdiri arasında dədə malı kimi yarı bölünür.
P.S. Foto və videolardan da aydın şəkildə görünür ki, Neftçalada təhsil adına rəzalət yaşanır. Təhsil Nazirliyi isə Əjdər Kərimov və onun kimilərin başını sığallamaqla məşğuldur. Nəticədə, zərər yenə də kasıba dəyir. Çünki bu uçuq-sökük, şəraitsiz, buz kimi otaqlarda dərs keçən elə kasıbın balalarıdır.