Raqub Məmmədov Ağdamı talan edir
Tarix: 25-01-2016, 10:16 | Çap et
Raqub Məmmədov Ağdamı talan edir
Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz yazılarda da qeyd etdiyimiz kimi, bu gün Azərbaycanda məmur özbaşınalıqlarına qarşı həyata keçirilən tədbirlərin effektivliyini təmin edəcək əsas amillərdən biri də məhz müvafiq ictimai rəyin formalaşması, bu mübarizədə sadə vətəndaşların aktiv mövqelərə sahib olmaları ilə bağlıdır. Məhz bu baxımdan, bəzi rayon və bölgələrimizdə müşahidə olunan neqativ hallara dair məlumatların ictimailəşdirilməsi də böyük əhəmiyyət kəsb edir. Qeyd etməliyik ki, bu baxımdan aldığımız məlumatlarda, xüsusilə bu gün tam və ya qismən işğal olunmuş rayonlarımızın sakinlərinin yerləşdikləri ərazilərdə mövcud olan problemlər, bu rayonlara rəhbərlik edən bəzi məmurların yol verdikləri özbaşınalıqlar öz aktuallığı ilə daha çox diqqəti cəlb edir. O cümlədən, son vaxtlar bizimdovr.az-a təqdim olunan açıqlamalarda Ağdam rayonu ilə bağlı əks olunan tənqidi fikirlər və şikayətlər daha da artıb. Həmin məlumatlardan belə qənaətə gəlmək olur ki, hazırda ağdamlıları ən çox narahat edən məqamlardan biri rayonda rüşvətxorluq və korrupsiya hallarının artması ilə bağlıdır. Həm də məktub müəlliflərinin əksəriyyətinin qənaəti belədir ki, bu kimi halların arxasında məhz Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov durur. Məlumatlarda xüsusi olaraq vurğulanır ki, məhz Raqub Məmmədovun yol verdiyi özbaşınalıqlar bu gün rayonun təhsil, səhiyyə, mədəniyyət və sosial müdafiə kimi strateji əhəmiyyət kəsb edən sahələrini acınacaqlı bir duruma gətirib.
Qeyd edək ki, “Bizim Dövr”ün ötən saylarında, redaksiyamıza daxil olan məlumatlar əsasında hazırlanmış və Ağdamın bu sahələrinə rəhbərlik edən məmurlardan bəzilərinin yarıtmaz fəaliyyətlərindən bəhs edən bir neçə tənqidi material dərc olunub. Məsələn, belə yazılardan biri DSMF-nin Ağdam rayon şöbəsinin iş prinsiplərinin tamamilə korrupsiya və rüşvətxorluq üzərində qurulduğuna dair aldığımız açıqlamalar əsasında hazırlanmışdı. Materialda qeyd olunmuşdu ki, Novruz Hacıyevin rəhbərlik etdiyi bu şöbədə heç bir sənədə və iqtisadi göstəriciyə əsaslanmadan ödənişlərin tətbiq edilməsi, əhaliyə zəhmli məktubların göndərilməsi, cərimə sanksiyalarının tətbiq olunması artıq çoxdan adi hala çevrilmişdir. Şöbənin müdiri Novruz Hacıyev özü isə, təqaüdlərin saxta yollarla artırılması kimi maxinasiyaların mahir ustası kimi ad çıxarmışdır. Digər tərəfdən də, Ağdam sakinləri bildirirlər ki, Novruz Hacıyevin əlindən qanuni pensiyalarını ala bilmirlər. Pensiya alınması ilə yanaşı, ona nail olmaq üçün də DSMF-nin Ağdam şöbəsində bir xeyli pul tələb edilir. Vəziyyətdən istifadə edən şöbə müdiri “qiymətləri” getdikcə daha çox qaldırır. Əldə olunan gəlirlərin rayon rəhbərliyi ilə bölünməsi sayəsində isə, Novruz Hacıyev rayondakı mövqeylərini getdikcə daha da möhkəmləndirir.
Həmçinin bir neçə müddət bundan əvvəl redaksiyamıza daxil olmuş məlumatlarda Ağdam rayon səhiyyə sisteminin bərbad durumu ilə bağlı bir çox açıqlamalar təqdim olunmuşdu. Qeyd edək ki, ölkə başçısının sərəncamı ilə ayrılan 1 milyon manat vəsait hesabına Ağdam rayonunun Quzanlı qəsəbəsində yeni bir xəstəxana binası tikilərək, 2012-ci ildən istifadəyə verilib. Lakin daxil olan məlumatlarda, birbaşa Raqub Məmmədovun himayəsində olan və onun diqtəsi altında fəaliyyət göstərən Ağdam Rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi Gülnar Abbasovanın dövlətimiz tərəfindən yaradılan şəraitdən, rayon səhiyyəsinə göstərilən diqqət və qayğıdan daha çox özünün və icra başçısının şəxsi məqsədləri naminə yararlandığı iddia olunurdu. Yerli sakinlərdən bu xüsusda aldığımız məlumatlarda baş həkimin yol verdiyi rüşvətxorluq və digər korrupsiya hallarından bəhs edilirdi. Mənbələr bildirirdilər ki, Ağdam RMX-da Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Əhaliyə göstərilməli olan pulsuz xidmətlər demək olar ki, formal xarakter daşıyır. Rayondan aldığımız digər bir məlumatda isə qeyd olunmuşdu ki, RMX-nın doğum şöbəsində də konkret qiymətlər müəyyənləşdirib və ana olmaq istəyənlərdən həmin pul alınmadan pasient şöbəyə ümumiyyətlə buraxılmır. Təqdirəlayiq haldır ki, artıq neçə müddətdən bəri Ağdam Rayon Mərkəzi Xəstəxanasında primitiv səviyyədə göstərilən tibbi xidmətlərə görə yüksək məbləğlərin alınması, dərman preparatları ilə spekulyasiyalar, xəstəxanalarda cərrahiyə və digər tibbi əməliyyatların antisanitariya şəraitində həyata keçirilməsi kimi neqativ hallar son nəticədə Səhiyyə Nairliyinin də diqqətini cəlb etdi. Məlum olduğu kimi, bu yaxınlarda Gülnar Abbasova tutduğu vəzifədən azad olunmuşdur.

Həmçinin qəzetimizin ötən saylarında biz dəfələrlə Ağdam rayon Mədəniyyət və Turizm Şobəsinin fəaliyyətində müşahidə olunan müxtəlif qanun pozuntularına dair yerli mənbələrdən aldığımız məlumatlar əsasında hazırlanmış tənqidi materiallar dərc etmişik. Həmin materiallarda vurğulanmışdı ki, Ağdam rayon Mədəniyyət və Turizm Şobəsinin yarıtmaz işi qurumun nəzdində fəaliyyət göstərən musiqi məktəblərində, klublarda və digər analoji müəssisələrdə də çoxsaylı neqativ halların yer almasına səbəb olur. Hansı ki, bu gün Şahin Qasımovun rəhbərlik etdiyi şöbənin tabeliyində 16 mədəniyyət evi, 14 klub, 51 kitabxana, 3 muzey və 11 uşaq musiqi məktəbində 781 nəfər ixtisaslı mütəxəssis çalışır. Əldə etdiyimiz açıqlamalarda isə bildirilir ki, rayonda fəaliyyət göstərən bütün bu mədəniyyət ocaqları və turizm müəssisələri hər ay məhz Raqub Məmmədovun “tövsiyyəsilə” Şahin Qasımov tərəfindən müəyyən olunmuş məbləğdə “haqq” ödəməlidirlər. Əks halda isə, şöbə müdiri tərəfindən ödənişdən boyun qaçıran müəssisənin rəhbəri üçün ciddi problemlər yaradılır. Təbii ki, yaranmış vəziyyət həmin müəssisə rəhbərlərini də adekvat addımlar atmağa sövq edir. Buna görə də hazırda bu müəssisələrin bəzilərində ştat cədvəlinə salınmış “ölü canlar”ın sayı real işçilərin sayından daha çoxdur. Mədəniyyət və Turizm Şobəsinin nəzrində fəaliyyət

göstərən obyekt və müəssisələrin demək olar ki, heç birində ştat cədvəlində əməkdaşların göstərilən sayı ilə burada işləyən insanların sayı düz gəlmir. Aradakı fərq isə təbii ki, ayrılan əmək haqlarının mənimsənilməsi üçün qəsdən yaradılmışdır. Həmçinin məlumatlarda qeyd olunur ki, bölgədə turizmin və mədəniyyətin inkişafı məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfinən ayrılmış büdcə vəsaitləri də təyinatı üzrə istifadə olunmur. Bu vəsaitin böyük bir hissəsi qeyri-qanuni maxinasiyalar, şişirdilmiş smetalar, müxtəlif silinmələr yolu ilə Şahin Qasımov tərəfindən mənimsənilir. Bu məqsədlərlə şöbə müdiri təmir-bərpa idarəsi adı altında qeydiyyatdan keçmiş, əslində isə heç bir maddi-texniki bazası olmayan müəyyən şirkətlərlə iş birliyinə girərək, nağdlaşma üsulu ilə dövlət vəsaitlərinin mənimsənilməsinə yol açır.
Etiraf edək ki, təsvir edilən bu maxinasiyalrda Ağdam RİH başçısının “iş metodlarının izi” aşkar şəkildə özünü büruzə verir. Buna əmin olmaq üçün, elə bir müddət əvvəl aldığımız məlumatlarda, ölkə rəhbərliyi tərəfindən Ağdamın inkişafına ayrılmış pulların böyük bir hissəsinin Raqub Məmmədov və bu məqsədlərlə cəlb olunan iş icraçıları tərəfindən mənimsənildiyinə dair irəli sürülən iddiaları xatırlamaq yetərlidir. Məsələn, həmin iddialardan birinə görə, icra başçısı Quzanlı və digər yaşayış yerlərində həyata keçirilən abadlıq işlərini öz yaxın adamlarına həvalə etmişdi. Verilən məlumata görə, rayondakı abadlıq işlərini iş adamı Tahir Əliyevlə başçının xalası oğlu Adil adlı şəxs həyata keçirirdi. Eyni zamanda görülən işlərin böyük bir hissəsi də başçının xalası oğlu Adilə verilmişdi. Mənbənin məlumatına görə Raqub Məmmədov rayondakı abadlıq işlərini bu iki şəxs verməklə dövlət büdcəsindən ayrılan yüz min manatlarla vəsaitin böyük bir hissəsinin mənimsənilməsinə yol açıb. Belə ki, hər iki şəxs icra başçısının birbaşa öz adamları olduğu üçün maliyyə vəsaitlərinin dövriyyəsinə də nəzarəti birbaşa Raqub Məmmədov özü həyata keçirib.
Göründüyü kimi, Raqub Məmmədovun “dəsti-xətti” Ağdamda həyata keçirilən istənilən bütün korrupsiya xarakterli əməliyyatlarda öz əksini çox aydın formada tapır. Ümid etmək olar ki, bu hal, ölkəmizdə məmur özbaşınalıqlarına qarşı aparılan mübarizə tədbirləri fonunda, müvafiq instansiyaların da diqqətini nəhayət ki, cəlb edəcəkdir.

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net