Tovuz ƏSMM-nin direktoru müdafiəsiz qaldı
Tarix: 21-01-2016, 10:43 | Çap et
Tovuz ƏSMM-nin direktoru müdafiəsiz qaldı
Azərbaycan Respublikası Hesablama Palatasının Tovuz rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində apardığı yoxlamalar bir çox ciddi faktların aşkarlanmasına səbəb olub.

Faktinfo.az saytının əldə etdiyi məlumata görə, yoxlamadan sonra ƏSMM direktoru Elmir Quliyevi Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov müdafiə etmək istəsə də, son günlər fikirindən daşınıb. Aşkarlanan faktların gizlədilməsinin mümkünsüz olduğunu görən icra başçısı son günlər ƏSMM direktorunu müdafiəsiz buraxıb. Artıq Elmir Quliyevi Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov da müdafiə etmək istəmir. Buna səbəb ictimai rəydə Səlim Müslümovun kadrlarının qüsursuz və nöqsansız işləməsinə dair yaratdığı mifin dağılmasıdır. Artıq Səlim Müslümovun kadrlarının etdiyi səhvləri müəyyən qurumlar da bağışlamaq istəmir. Bunu görən nazir artıq bölgələrdə bir çox rəhbərlərə səhvlərinin bağışlanmayacağına dair məlumatlar da verib.

Məlumat üçün bildirək ki, son bir ildə nazirlik Tovuz ƏSMM-də bir neçə dəfə qanunsuzluq aşkarlasa da, sonda bu məsələlər hansısa gücün və rüşvətin hesabına ört-basdır edilib.

Bir az əvvəl isə mətbuat Tovuz rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin müdiri Elmir Quliyevlə bağlı şikayət məktubunu dərc edərək oradakı yeyinti faktlarının baş verdiyini ictimaiyyələşdirdi. Həmin məlumatlarda bildirilirdi ki, Elmir Quliyev Tovuz rayon icra başçısı Tofiq Zeynalova arxalanaraq rəhbərlik etdiyi mərkəzi rüşvət yuvasına çevirib.

Məlumatda qeyd olunurdu ki, Tovuz rayonunda 2071 nəfər vətəndaş ünvanlı sosial yardım alır. Hər il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rayon mərkəzində yoxlama apararaq ünvanlı sosial yardım alanları azaldır. Bunun səbəbi isə bir çox vətəndaşlara qanunsuz olaraq yardımın verilməsidir. Elmir Quliyev 2014-cü ildə Tovuz rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə rəhbərlik edir. Son bir ildə nazirlik Tovuz ƏSMM-də bir neçə dəfə qanusuzluq aşkarlasa da, sonda bu məsələlər hansısa gücün və rüşvətin hesabına ört basdır edilib deyə KİV-də xəbərlər yer alırdı.

Qeyd olunurdu ki, Elmir Quliyevin Tovuzdakı bu özbaşınalıqlarından Səlim Müslümovun xəbəri olmayıb. Mərkəz müdirini qoruyanlardan biri Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, digəri isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəhbərliyi olub. Elmir Quliyevin dəfələrlə bunu öz yaxın adamları ilə olduğu içki məclislərində açıq aşkar dediyi də məlum yazılarda qeyd olunurdu.

O da vurğulanırdı ki, Tovuz rayonunda ünvanlı sosial yardım almaq istəyənlər mütləq şəkildə Elmir Quliyevin “şərt”ini qəbul etməlidir. Bu şərt isə vətəndaşa düşəcək iki illik ünvanlı sosial yardımın beş aylığını mərkəz müdirinə, yaxud onun adamına verilməsidir. Mərkəz müdirinin bu “şərt”ini qəbul etməyənlər uzun süründürməçiliyə məruz qalır və çox vaxt sənədlərində hansısa bir çatışmazlıq yaradılaraq nazirliyin elektron bazasına göndərirlər. Sənədləri səhv olan vətəndaşın müraciəti isə nazirliyin elektron bazası tərəfindən 6 aylığa dondurulur.

Tovuzda xeyli sayda vətəndaş Elmir Quliyevin şərtini qəbul etməyərək bir müddətlik ünvanlı sosial yardımdan məhrum olublar. Elmir Quliyev və əl altıları son bir ildə ünvanlı sosial yardımı almaq üçün siyahıya saldıqları vətəndaşların əksəriyyəti əslində dövlətin bu yardımından qanunsuz istifadə edirlər. Belə ki, ünvanlı sosial yardım alan vətəndaşların bir çoxunun avtomobili, ticarət obyekti və s. gəlirli sahələri olub.

Şikayətçi iddiasından bəhs olunan yazılarda Elmir Quliyevin avtomobilində 50-dən çox müxtəlif şəxlərə məxsus ünvanlı sosial kartın olduğu vurğulanırdı. Mərkəz müdiri həmin kartlardan ona çatacaq vəsaiti üç ay, ya da beş ay götürərək sonda özlərinə qaytarır. Tovuzda ünvanlı sosial yardım siyahısına tez düşməyin ən asan variantı isə əvvəlcədən mərkəz müdirinə 600 manat rüşvət verməkdir. Bu zaman vətəndaşın sənədləri tez hazırlanır və nazirliyin ümumi bazasına göndərilərək siyahıya salınırdı.

2015-in dekabr ayında Hesablama Palatası Dövlət Sosial Təminat Xidmətinin Tovuz rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi ilə bağlı yoxlamanın nəticəsini açıqlayıb. Palatanın açıqladığı məlumata görə, ünvanlı dövlət sosial yardımın təyin edilməsi zamanı Tovuz rayon ƏSMM tərəfindən bir sıra hallarda sənədlərin qəbulu və onlara baxılması üzrə qanunvericiliyin tələblərinə əməl edilməyib, ailənin ümumi gəlirinin hesablanması zamanı nöqsanlara yol verilib, bəzi hallarda ailə tərkibində dəyişikliklər nəzərə alınmadan və ailənin istifadəsində nəqliyyat vasitəsinin olması tam araşdırılmadan təyinat aparılıb.

Auditor sosial müavinətlər və təqaüdlər üzrə bir sıra hallarda işlərin vaxtında dayandırılmaması, müxtəlif səbəblərdən dayandırılmış işlər üzrə qeydiyyat və uçotun düzgün aparılmaması hallarına yol verildiyini bildirərək müharibə veteranlarına, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, ümumi səbəbdən əlillərə əmək pensiyası hüququ qazandıqdan sonra da sosial müavinət ödənilməsi, müavinətin təyinatının müddətinin və məbləğinin düzgün müəyyən olunmaması kimi nöqsanların mövcud olduğunu qeyd edib.

Vurğulandığımız kimi, Hesablama Palatasında Elmir Quliyevin rəhbərlik etdiyi mərkəzin qanunsuzluqlar etdiyini üzə çıxarıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net