Qazaxın qovşaq rəisinin biznes imperiyası - SİYAHI
Tarix: 23-12-2015, 13:48 |
Çap et
Qazax Telekommunikasiya Qovşağının fəaliyyəti qeyri-qənaətbəxş qiymətləndirilir.
Vertikal.az bizimdovr.az-a istinadən xəbər verir ki, qovşaq rəisi Nizaməddin Məmmədov nazirliyin keçmiş aparat rəhbəri Vidadi Zeynalova yaxınlığı ilə seçilən kadrlardan olub. Nizaməddin Məmmədov öz oğlunu da Vidadi Zeynalovun son hadisələrədək MTN-də çalışan qardaşının vasitəsilə bu nazirliyin Sumqayıt şəhər şöbəsinə işə düzəltmişdi. Digər tərəfdən isə, artıq 20 ildən artıq Qazax rayon Telekommunikasiya Qovşağına rəhbərlik edən Nizaməddin Məmmədovun yarıtmaz fəaliyyəti bundan əvvəl də dəfələrlə rayon sakinlərinin narazılığına səbəb olub.
Nizaməddin Məmmədovun abonentlərinin ümumi sayı 14 min nəfərə yaxın olan Qazax Telekommunikasiya Qovşağında davamlı olaraq iri maliyyə mənimsəmələrinə yol verdiyi vurğulanır. Bir neçə il bundan əvvəl qovşağın dövlətə məxsus olan binasının iki mərtəbəsinin Nizaməddin Məmmədov tərəfindən qeyri-qanuni özəlləşdirilməsi və sonradan satılması faktı qeyd olunur. Nizaməddin Məmmədovun öz şəxsi biznesinə daha çox vaxt ayırması göstərilir.
Bildirilir ki, bu gün qovşaq rəisinin Tovuz rayonunun Ceyrançöl yatağında şəxsi ferması, Gəncə şəhərində “Ramin” şadlıq sarayı və bir çox digər kommersiya obyektləri fəaliyyət göstərməkdədir. Təbii ki, başı şəxsi biznesinin idarə olunmasına qarışmış məmurdan bilavasitə öz vəzifə borclarının səmərəli icrasını gözləmək qətiyyən məntiqə uyğun deyil.
Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.