Tural Abbaslıdan Arif Hacılıya sərt İTTİHAM: “Həzm edə bilmirsə, istefa versin”
Tarix: 26-10-2015, 15:53 |
Çap et
“Müsavat Partiyasının dünən keçirilən mitinqində iştirak edə bilmədim. Deputatlığa namizədliyimi verdiyimə görə təbliğat-təşviqat kampaniyasına başım qarışıb”.
Bunu Modern.az saytına açıqlamasında Müsavat Partiyasının üzvü “ Ağ Blok” təşkilatının təsisçisi Tural Abbaslı deyib. Tural Abbaslı Müsavat Partiyasının keçirdiyi mitinqlərə insan kütləsinin qatılmamasının səbəbləri barədə də danışıb.
“Müsavat Partiyasının minlərlə fədakar üzvü var. Heç kim deyə bilməz ki, hansısa ağıllı və ya bacarıqlı rəhbərin sayəsində Müsavat Partiyası nailiyyətlər əldə edib.
Təəssüf ki, Arif Hacılının qurultayda başqan seçilməsindən sonra onun idarəçilik metodu, məsələlərə yanaşma tərzi, partiyadaxili yaratdığı mühit, insanlara münasibəti insanları partiyadan incik salıb.
Bir sözlə, Arif Hacılının yürütdüyü dırnaqarası uğurlu siyasət hamını küsdürüb.
Bəzi məsəsələri Arif Hacılı məqsədyönlü şəkildə edir. Ona görə də Müsavatın mitinqinə nəinki vətəndaşlar, hətta Müsavat üzvləri belə qatılmır.
Bu da Arif Hacılının yürütdüyü antidemokratik idarəetmə metodudur. Bir ildən artıqdır ki, partiyanın qurultayı başa çatıb amma qurultay gününə qədərki Müsavat Partiyasından əsər-əlamət belə yoxdur. Əksinə, Müsavat Partiyası geri gedir. Artıq Arif Hacılı oturub düşünməlidir ki, nəyi səhv edir”.
Tural Abbaslı bildirib ki, uğrunda mübarizə apardıqları dəyərlər partiya daxilində olmayacaqsa, ortaya həmişə problemlər çıxacaq. Tural Abbaslı Arif Hacılını tənqidə dözümsüzlükdə qınayıb:
“Müsavat Partiyasında tənqidə qadağa yoxdur. İnanmıram ki, Arif Hacılı avtoritar düzəlişlər etməyə gücü çata. Hətta, qərarlar veriləndən sonra tənqid etməyə hüququmuz var. Partiyanı ən azı təsir aldığı gücə gətirməyincə, Arif Hacılı bu tənqidləri eşitməyə hazır olmalıdır.
Əgər Arif Hacılının ürəyi və sinirləri tənqid eşitməyi həzm edə bilmirsə, istefa versin. Yenidən qurultay keçirilsin və bu yükün altına girə biləcək gənc, Müsavat başqanı olsun”.
Tural Abbaslı özünün Müsavat Partiyasının başqanı ola biləcəyini istisna etməyib.
“Kifayət qədər potensiallı müsavatçı var. Özüm də başqanlığa namizəd olmuşam.Ona görə də gənc müsavatçı kimi Müsavatın başqanı özümü görürəm. Mən olmasam belə kifayət qədər təcrübəli gənclər var”.
Qeyd edək ki, Müsavat Partiyası ötən gün “Məhsul” stadionunda mitinq keçirib.