Tural Abbaslı Əli Kərimli ilə “işbirliyi”ndə ittiham olundu
Tarix: 4-04-2015, 10:35 |
Çap et
“Yeni Azərbaycan” qəzetinin 3 aprel sayında Müsavat başqanlığına keçmiş namizəd Tural Abbaslının AXCP sədri Əli Kərimli ilə “işbirliyi”ndə olması barədə yazı gedib. Yazıda Müsavat funksionerinin bu yolla partiya daxilində üsyan hazırladığı bildirilir.
T.Abbaslının ünvanına yazıda kifayət qədər ciddi ittihamlar, aşağılayıcı fikirlər yer alır. Onun AXCP-nin “yedəyi”nə çevrildiyi qeyd olunur. Əsas olaraq, Müsavat başqanlığına sabiq namizədin Milli Şuranın qiymət artımı ilə bağlı mitinqlərdə iştirakı göstərilir.
Vertikal.az xəbər verir ki, musavat.com saytı barəsində səslənən ittihamlarla bağlı Tural Abbaslının mövqeyini öyrənib. O səslənən fikirləri absurd hesab etdi: “Kifayət qədər gülünc ittihamlardır. Çünki indiyə qədər Əli Kərimli ilə heç vaxt təkbətək görüşüm olmayıb. Onu qeyd edim ki, özünü səmimi sayan hər bir müxalifət partiyasına və şəxsinə hörmət edirəm. Hakimiyyətə qarşı özlərini müxalifət hesab edirlərsə, demokratiya uğrunda mübarizə aparırlarsa, demək, hər kəs hörmət etməlidir. Guya ki, Əli bəylə hansısa planda əlaqələrimizin olması barədə fikirlər deyilir. Onunla son görüşüm İsa Qəmbər və Arif Hacılının da iştirak etdiyi Milli Şuranın toplantılarının birində olub. Əksinə, mən bilən iki ay bundan qabaq təkbətək Arif Hacılı-Əli Kərimli görüşü olub... Yəni gülünc bir yazıdır. Ə.Kərimli ilə hansısa məsələni müzakirə etməyimiz mümkün deyil. Çünki onlar da bilir ki, mən müsavatçıyam. Özünü müxalifət sayan qurum digərini zəiflətmək siyasətini yetirməməlidir. Belə bir siyasət olsa belə, etiraf olunacağı real deyil. Partiyanı dağıtmaq barədə məsələyə gəldikdə isə, sirr deyil ki, partiyadaxili demokratiyanın olmadığını, idarəçilik sistemini bəyənmədiyimi açıq şəkildə bildirmişəm. Hətta özləri ilə görüşlərdə belə fikrimi deyirəm. Hazırda da bu fikirdəyəm ki, Müsavat demokratik yolla idarə olunmur. Amma deyilə bilməz ki, biz düşünülmüş şəkildə addım atırıq. Başqa bir liderin tapşırığı ilə hərəkət etmək fikirləri bizə yaddır”.
Sabiq Divan üzvü Milli Şuranın mitinqlərində iştirak etməyi ilə bağlı da məsələyə toxundu: “Səslənən fikirləri Milli Şuranının mitinqində iştirak etməyimizlə əsaslandırırlarsa, deyə bilərəm ki, mən və tərəfdarlarım sosial tələblər olduğundan orada iştirak edirik. Yəni qiymət artımı burada əsasdır. Həmin mitinqdə nəinki biz, hətta Arif Hacılını dəstəkləyən şəxslər də iştirak edirdi. Burada qeyri-adi bir şey yoxdur. Partiya şəklində iştirakla bağlı qərar olmasa da, üzvlərə sərbəstlik verilib. Yazıda göstərilir ki, guya Arif Hacılı iştirak etməməklə bağlı üzvlərə tapşırıq verib. Tamamilə böhtandır. Belə bir şey olmayıb. Növbəti mitinqdə də iştirak etmək fikrimiz var. Qiymət artımı kimliyindən asılı olmayaraq, hamıya təsir edən bir məsələdir. Yazıda təhlükəli məqam odur ki, bəzi həqiqətləri göstərərək, şər-böhtan yazıblar. Partiya daxilində mübarizə aparmağın tərəfdarı olduğumu, Qubad İbadoğlunun xaric olunması, narazıları bir fraksiya ətrafında birləşdirmək barədə fikirlərim qeyd olunub”.
Tural Abbaslı barəsində səslənən aşağılayıcı “yedək” ifadəsinə də toxundu: “Bu, jurnalistik etikasına sığmayan ifadədir. Siyasi kimliyi olan şəxslərə qarşı işlədilməsi isə heç düzgün deyil. Bildiyimiz kimi, bu qəzet YAP-ın orqanıdır. Yəqin o partiyada münasibətlər belə qurulur. Bir-birilərinin yedəyində olurlar. Köləlik sistemi ilə idarə olunurlar. Bunları bizə də şamil etmək istəyirlər. Məni siyasətdə olduğum zamanlardan tanıyanlar bilir ki, indiyə qədər heç kəsin köləsi olmamışam. Öz fikirlərim və dəstəklədiyim prinsiplərin yanında olmuşam. Hazırda partiya daxilində olan proseslər də bunu sübut edir. Dünənə qədər ayrı-ayrı məsələlərdə Arif Hacılı ilə eyni mövqedən çıxış edirdiksə, bu gün tamam fərqli mövqedəyik. Çünki şəxslərin yanında deyiləm. Olmaq kimi bir fikrim də yoxdur”.
Başqanlığa sabiq namizəd yazının ortaya atılmasının səbəbləri barədə bunları dedi: “Yazı hakim partiyanın mətbu orqanında yazılıb. Məqsəd iki partiya arasında olan narazılığı dərinləşdirməkdir. Əsas məqsəd isə Müsavat daxilində mövcud vəziyyəti daha da pisləşdirmək, narazı qruplar arasındakı nifaqı uzatmaqdır. Eyni zamanda adıçəkilən şəxslərin nüfuzlarını zəiflətmək siyasəti də var. Bu, YAP-ın siyasətinə uyğun metoddur. Normal cəmiyyətlərdə qəbul olunan metod deyil. Jurnalistin şəxsi fantaziyasıdır. Müsavatın 15 ildir ki, , üzvüyəm. Ailəlikcə müsavatçı olmuşuq. Müsavatın bu günə gəlməsində bizlərin də əməyi olub. Müsavatçılığımızla fəxr etmişik. Həyatımızın bir hissəsini həsr etdiyimiz bu qurumun dağıdılmasında iştirak etmək kimi fikirlər absurddur. Narazı mövqedən çıxış etməyim, əslində Müsavatı zəiflədən cəhətlərin aradan qaldırılması üçündür. Müsavat sevgimizə kimsənin şübhəsi ola bilməz. Heç vaxt Müsavat əleyhinə yönəlmiş kampaniyada olmayacağıq”.