Arif Hacılıya asi düşmüş gənclərə təzyiqlər gözlənilir
Tarix: 13-10-2015, 10:30 |
Çap et
Arif Hacılının başqan seçilməsiylə Müsavat Partiyasında start götürən qarşıdurma özünü seçki prosesində göstərir. Xatırladaq ki, bir müddət öncə sözügedən ziddiyyətlər özünün pik həddinə çatsa da sonradan prosesdə yumşalma müşahidə olundu. Amma Müsavat sözçüsünün bu günlərdə mətbuata verdiyi açıqlama qarşıdurmanın heç də başa çatmadığını təsdiqləməkdədir.
Bu baxımdan Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Sevinc Hüseynovanın son açıqlaması maraq doğurur: "Tural Abbaslının namizədliyini irəli sürdüyü dairədə Müsavat Partiyasının da namizədi də var idi, ancaq təəssüflər olsun ki, onun namizədliyi qeydə alınmadı".
Sevinc Hüseynova bildirib ki, Müsavat başqanlığına sabiq namizəd T.Abbaslı və partiyada təmsil olunan bəzi gənclərin təşəbbüsü ilə yaradılan "Ağ blok"un fəaliyyəti barədə məsələ Divanın iclasında müzakirə olunub: "Hesab olunub ki, partiyanın daxilində gənclərə münasibət çox yaxşı olub və belə olan halda hər hansı blokun yaradılmasına və seçkilərdə ayrılıqda iştiraka heç bir zərurət yox idi. Yəni, partiya tərəfindən həmin gənclərə lazımi dəstək veriləcəkdi".
Sevinc Hüseynova bildirib ki, bu baxımdan Tural Abbaslının blok yaradaraq namizədliyini oradan irəli sürməsi Müsavatın nüfuzuna xələl gətirən bir addımdır. Dediyinə görə, bu səbəbdən də Tural Abbaslı və digər gənclərin fəaliyyətinə MNTK-nın iclasında baxılacaq və müvafiq tədbir görüləcək.
Xatırladaq ki, T.Abbaslı 21 saylı Nəsimi seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Həmin dairədən Müsavat Partiyasının üzvü Məzahir Məmmədlinin namizədliyi isə Dairə Seçki Komissiyası tərəfindən qeydə alınmayıb.
Baş verənlər isə ən azı noyabrın 1-də keçiriləcək parlament seçkilərindən sonra Müsavat partiyası daxilində səngidiyi ehtimal edilən etitazlar dalğasının yenidən müşahidə ediləcəyini düşünmək üçün əsaslar yaradır. Proses isə heç şübhəsiz ki, başqan Arif Hacılıya asi düşmüş, onun legitimliyini qəbul etməyən gənclərə təzyiqlərlə özünü göstərəcək.