“Elçibəy dedi ki, Kəlbəcəri alsalar...” - MÜSAHİBƏ
Tarix: 3-04-2015, 09:04 |
Çap et
22 il həsrətiylə yaşadığı doğma yurdundan danışdıqca, erməni vəhşiliyinin qurbanı olmuş əzizlərini xatırladıqca kövrəldiyi duyulur. Ancaq bu dərdlərdən sınması, əyilməsi hiss olunmur. Ağ, nurani saçlarından, simasından, 82-ci sənəsindəki hələ də qamətli duruşundan Murovun, Dəlidağın sal qayalarına bənzəyir... Bu dəfə Kəlbəcər dərdlərini sazıyla-sözüylə o zirvələr oylağının rəsmlərini yaratmış Dədə Şəmşirin oğlu - hazırda Aşıq Şəmşir Mədəniyyət ocağının rəhbəri olan Kəlbəcərin sabiq icra başçısı, şair Qənbər Şəmşiroğlu ilə birgə yaşadıq...
- Qənbər müəllim, bilirik, sizin üçün -yurdundan didərgin salınmış, qəbri düşmən əlində qalmış Dədə Şəmşir ocağının davamçısı üçün Kəlbəcər haqqında danışmaq çox çətindir. Çünki ən azı, doğma Ağdaban kəndinin faciəsini yaşamısınız, ermənilər bacınız Çimnaz xanımı, neçə-neçə əziz qohumunuzu, həmkəndlinizi amansızlıqla qətlə yetiriblər...
- Doğrudur, oğul, ancaq yenə də bizlər susmamalı, danşmalıyıq. Danışmalıyıq ki, gənc nəsil o yurdlarımızı unutmasınlar. Hamı bilsin ki, biz torpağımızdan könüllü çıxmamışıq. İşğal edilmiş bölgələrimizin əksər sakinləri kimi Kəlbəcər camaatı da torpağına, obasına çox bağlı insanlar olub. O daşdan-qayadan elə yapışmışdılar ki, heç kəsin oradan çıxmaq fikri yox idi. Bizləri qəzavü-qədər çıxardı o yurdlardan. Həm də ermənilər bizim saflığımızdan, qonaqpərvərliyimizdən sui-istifadə edərək beynəlxalq himayədarlarının başçılığıyla öz məkrli planlarını qurubmuşlar. Rəhmətlik Dədə Şəmşir danışırdı ki, 1905-ci ildə bizim Ağdaban kəndi ilə qonşu Uşacıq (Çapar) kəndindəki ermənilərdən 5-ni, 1918-ci ildə isə 3-nü camaatımız dəyirmanda gizlədib ki, bizim əsgərlər onları öldürməsin... Həmin Uşacıq kəndindəkilər keçmişdə ordan-burdan köçürülmüş, əvvəllər bizim dədə-babamıza nökərçilik etmiş, mal-qaramızı otarmış ermənilərin törəmələri idi. Onlar bizim kəndlərin hesabına dolanırdılar. Yadımdadır ki, erməni qızları ulaqlarla kəndə soğan, sarımsaq, tut arağı gətirib əvəzində şor, yağ, lobya və s. alırdılar. Onlara “gözünüz üstdə qaşın var” deyən yox idi... Bu mərdliklərin, yaxşılıqların əvəzini ermənilər Ağdabandan necə çıxdıqları məlumdur...
“Hələ 1950-ci illərdə ermənilər uşaqlara silah işlətməyi öyrədirdi...”
Özüm də gəncliyimdən üzü bəri erməni fitnələrinin şahidi olmuşam. 1955-ci ildə Ağdaban kəndində məktəb direktoru olanda bir erməni tanışım var idi, dedi ki, ay Qənbər müəllim, gedək Qaranlıq dərəyə, bizim məktəblər orada atıcılıq yarışları keçirir, tamaşa edək. Getdim ki, bunlar məktəbli uşaqlara həqiqi odlu döyüş silahlarından atəş açmağı öyrədir və aralarında yarış keçirirlər. Sonradan anladım ki, bunlar o vaxtdan elə bizimlə müharibəyə hazırlaşırmışlar. Bizimkiləri isə hökumət silaha yaxın durmağa qoymurdu...
“Bu yerlər bizim olacaq” deyən erməniyə...”
- Rayonda rəhbər vəzifələrdə işləyəndə ermənilərlə bağlı nələri müşahidə edirdiniz?
- 1971-ci il idi. Kəlbəcər rayon partiya komitəsinin II katibi işləyirdim. Bir gün Kəlbəcərdə məşhur riyaziyyat müəllimi kimi tanınan Qara Bəhmən xahiş etdi ki, Basarkeçərdən Hayqaran adlı bir köhnə erməni dostum gəlib, gəl, bir yerdə çörək kəsək. Xülasə, Şirinbulaq deyilən məşhur bulağın başında süfrə üstdə söhbətə başladıq. Oradan Kəlbəcərin ən gözəl mənzərəli yerləri görünürdü; Qarabağ aşırımına qədər uzanan Tərtər dərəsinin üstünü duman alıb, yuxarılar – dağların yamacları, çəmənlər, meşələr isə günəş altında bərq vurur. Çox qeyri-adi bir panorama yaranıb. Duman aşağıda göyərdiyindən adama elə gəlir ki, dəryanın kənarındasan. Bu erməni bir az dəmləndikdən sonra başladı ki, Qənbər müəllim, görürsən də, nə gözəl yerlərdi. Ara, bilirsən, bu yerlər bizimdir, elə yenə bizim olacaq. Bu sözləri eşidən də əsəblərimi cilovlaya bilmədim, bunun sifətinə bir tutarlı şapalaq vurdum, bağıra-bağıra qaçdı... O vaxtdan o nankor dığanın sözləri beynimdə həkk olundu və ermənilərə qarşı bir nifrət yarandı ki, deməli, bunlar bizi gözləmədiyimiz məqamda arxadan vura bilərlər. Ancaq yenə inanmırdım ki, ermənilər bizi yurdumuzdan qovmaq dərəcəsinədək qudura bilərlər...
“Kəlbəcərin Ermənistanla 111 km-lik sərhədini piyada gəzdim...”
- Deyəsən, ermənilər elə sovet dövründən sərhədyanı rayonların torpaqlarını hissə-hissə oz torpaqlarına qatırmışlar...
- Yaxşı yadıma saldınız. 1969-cu ildə SSRİ Nazirlər Soveti Ermənistanla sərhədləri guya dəqiqləşdirmək üçün “qırmızı xətt” deyilən bir qərar vermişdi. Ermənilər də bundan istifadə edərək məhsuldar torpaqlarımızı yavaş-yavaş “özəlləşdirmək” istəyirdilər. Heydər Əliyev Azərbaycana I katib gələndən sonra ermənilər bu məsələni qaldırmağa cəsarət etmədilər. 1982-ci ildə H.Əliyev Moskvaya gedən kimi Qazaxdan tutmuş Zəngilana, Naxçıvanadək Ermənistanla həmsərhəd torpaqlarımızın qarış-qarış qoparılması cəhdləri yenidən başlandı. O zaman Kəlbəcər Rayon İcraiyyə Komitəsinin sədri idim. Digər rayonların İK sədrləri ilə birgə Kommunist Partiyasının dəstəklədiyi bu erməni iddialarına etiraz edirdik. Bir neçə dəfə bununla bağlı Nazirlər Sovetinin sədr müavini Şəmil Rasizadənin də yanında da olmuş, öz rəyimizi ona da bildirmişdik. Ancaq o dövrdə son sözü rayon I katibləri deyirdi. Ona görə də onları topladılar o vaxtkı respublika I katibi Kamran Bağırovun yanına və “qırmızı xətt” layihəsinin icrasına başlanıldı. O zaman məcbur olub respublika baş yer quruluşu idarəsinin rəisi Arif Dadaşovla birgə Kəlbəcərin Ermənistanla 111 km-lik sərhəddini piyada gəzib ermənilərlə hər təpə, kol üstündə qarşıdurma həddinə çatan ciddi mübahisələr apararaq mümkün qədər az torpağın verilməsinə çalışdıq....
“Gevorkov dedi ki, DQMV ayrıca dövlətdir...”
1985-ci ildə mən RİK sədri işləyərkən Kəlbəcərin Bağlıpəyə kəndi ilə Ağdərənin Çərəktar kəndi arasında 30 ha sahəyə görə mübahisə yaranmışdı. Həmin Arif Dadaşovla birlikdə DQMV-nin I katibi Gevorkovla görüşmək üçün Xankəndinə gəldik. O, özünü Azərbaycan torpağında o dərəcədə arxayın hiss edirdi ki, bizi xeyli qəbul otağında gözlətdikdən sonra görüşəndə heç kürsüsündən tərpənmədi. Salam verdik, salamımızı da almadı. Mən Gevorkovu Bakının Kirov (indiki Binəqədi) rayonunun I katibi işlədiyi dövrdən tanıyırdım. O vaxtlar Kəlbəcərlə həmin rayon arasında yardımlaşma barədə müqavilə olduğu üçün bir neçə dəfə o erməni ilə görüşmüşdüm. Nə isə, torpaq üstündə mübahisəmiz başladı. O rusca dedi ki, bilirsiz, siz başqa bir dövlətin torpağını zəbt edirsiz. Ona cavab verdim ki, siz nə danışırsız, hansı başqa dövlət, bura Azərbaycanın tabeliyində olan ərazidir. Gevorkov hikkə ilə dedi ki, xeyr, Dağlıq Qarabağ vilayət deyil, ayrıca dövlətdir. Siz mənimlə ayrıca bir dövlətin başçısı kmi danışmalısız. Nə isə, mübahisəmiz uzandı. Gevorkov Rasizadəyə zəng vurdu ki, sizin rayonun İK sədri mənimlə çox kobud danışır. Sonra Rəsizadə mənimlə də danışdı. Dedim ki, Şəmil müəllim, yoldaş Gevorkov deyir ki, mən ayrıca br dövlətin başçısıyam... O da məsləhət gördü ki, sağollaşıb çıxıb gedin...
“Kəlbəcərin mərkəzində Baqrat adlı bircə erməni var idi...”
- Sovet dövründə Kəlbəcərin kəndlərində və ya mərkəzində yaşayan, vəzifədə olan ermənilər var idimi?
- Xeyr. Kəlbəcər, bəlkə də ermənilərlə qonşu olan yeganə rayon idi ki, ərazisində cəmi bir neçə erməni yaşayıb . Yadımdadır ki, Kəlbəcərin mərkəzində bircə nəfər Baqrat adlı erməni dəmirçi var idi, o da sonradan köçüb getdi... Amma qonaq kimi tez-tez Ermənistandan da Qarabağdan da gəlib- gedirdilər. İstisu sanatoriyasında yayda azərbaycanlıdan çox erməni olurdu... Onlar çox hiyləgər idilər. Deməli, kənbəkənd gəzib gümüş qabları, xalça-palazlarımızı ucuz qiymətə alıb xaricə erməni məhsulu adı altında satırmışlar. Bir dəfə mən II katib olanda rəhmətlik milis rəisi Sabir Məmmədov gəldi ki, Qənbər müəllim, ermənilər yaxşı gəbə gətiriblər, bir neçəsini də sizə götürdüm. Dedim ki, sağ ol, neynirəm gəbəni, Kəlbəcərdə gəbə tapılmır. Dedi ki, yox, bu, Almaniya gəbəsidir. Sən demə, ermənilər bizim köhnə, cırıq gəbələrin birini beş alman gəbəsinə dəyişib aparıb çeşidini, toxunma texnologiyasını öyrənib güclü qazanc əldə edirmişlər. Bundan sonra ayıldıq, I katiblə birgə bütün sovet sədrlərini, kolxoz sədrlərini toplayıb tapşırdıq ki, camaatı öz gəbələrini satmağa imkan verməsinlər...
“Ermənilərin silah daşıması barədə DTK-ya xəbər versək də...”
O vaxtdan hiss olunurdu ki, ermənilər müharibəyə hazırlaşırlar. Bu barədə Mərkəzi Komitəyə, DTK-ya məlumat versək də, heç bir ciddi əks-tədbir görülmürdü. Basarkeçərdən gəlib Ağdərəyə gedən yolda Ermənistanla sərhəddən azca bəri İstibulaq kəndində bir qəzaya uğramış “Moskviç”in içində külli miqdarda pul tapılmışdı. Erməni sürücü çıxıb qaçmışdı. Həmin pulları bunlar Xankəndinə silah alınması üçün gətirirmişlər. Ermənilərin–meyvə-tərəvəz yükü altında gizli şəkildə silah-sursat daşıması barədə də faktlar var idi. Təəssüf ki, milis və təhlükəsizlik orqanları bunları qulaq ardına vururdular. 1980-ci illərin əvvəllərindən belə olaylar müşahidə olunduğundan mən dəfələrlə səlahiyyətli yoldaşlara deyirdim ki, ermənilər bizi qırmağa hazırlaşır. Yenə də təəssüf...
“Dedilər ki, Balayanın oğluyla işin olmasın...”
1985-ci lin sonlarında Kəlbəcərin yenilənməsiylə bağlı geniş tikinti işləri apardığımız günlərdə sürücülərdən biri gəldi ki, Ağdərədə Balayan soyadlı bir deputatın oğlu var, milisdə işləyir, yolda postun rəisidir. Bizə daş gətirən maşınların qarşısını kəsib müxtəlif bəhanələrlə ya rüşvət alır, ya da Kəlbəcərə keçməyə qoymur. Gəlib həmin Balayanın oğlunu tapdıq. Ondan soruşdum ki, siz hansı əsasla bizim maşınları saxladıb yükünü boşaldırsız. Dedi ki, yaxşı edirik, bizə vulayət rəhbərliyindən tapşırıblar. Cavab verdim ki, vilayət rəhbərliyi qələt edir və bunun sifətinə bir tərs şapalaq çəkdim. Bizim sürücülərə də tapşırdım ki, bundan sonra sizi qeyri-qanuni saxlatmaq istəsələr, maşını sürün üstlərinə. Bakıda Respublika Avtomobil Müfəttişliyinin rəisi ilə də görüşüb dedim ki, o Ağdərədəki postu götürdün. Rəis dedi ki, gözüm üstə. Ancaq sonra adını çəkmək istəmədiyim iki babat vəzifəli azərbaycanlı xahiş etdi ki, Qənbər müəllim, o Balayan yaxşı adamdır, onun oğluyla işin olmasın...
“3000 m hündürlükdən yol çəkməyə başladıq...”
Artıq 1988-1989-cu illərdən ermənilər başladı kəndlərə atəş açmağa, yolları kəsməyə, maşınları daşlamağa və s. O vaxtlar həm Laçın istiqamətinə, həm də Murov aşırımından – dəniz səviyyəsindən 3 min metrədək yüksəklikdən keçərək indiki Göygöl rayon mərkəzinə aparan yol çəkməyə başladıq ki, camaat təhlükəsiz gedib-gələ bilsin...
- Erməni məsələsi qızışan dönəmlərdə 1989-cu ildən 1992-ci ilin mayınadək Gədəbəydə işləmisiz. Yəqin buna rəğmən Kəlbəcərə gedib-gəlir, hadisələri izləyirdiniz?
- Bəli, Gədəbəydə işləyəndə də Kəlbəcərlə əlaqə saxlayırdım. Murov aşırımından yolun çəkilişi zamanı iki-üç gündən bir yol çəkənlərə ərzaq gətirir, işin gedişiylə maraqlanırdım. İstəyim bu idi ki, yol tez çəkilsin, camaat əziyyətdən qurtulsun. Təəssüf ki, ermənilərin vəhşilikləri hələ də davam edirdi.
“Ermənilər Ağdərə yolunda bacımı qətlə yetirdilər...”
...1990-cı ilin iyunun 30-da bacım Çimnazı ermənilər Ağdərə yolunda qətlə yetirdilər. Güllə düz alnından dəymişdi. Yaxşı ki, qucağındakı yenicə doğulmuş nəvəsi salamat qalmışdı...
Sonra da 1992-ci il aprelin 8-də Ağdaban faciəsi baş verdi.
“Elçibəyə dedik ki, Kəlbəcəri alsalar...”
- Kəlbəcərin işğalının qarşısını almaq üçün nəsə edə bildinizmi?
- (Ah çəkir) Həmin vaxt Bakıda - Azərittifaqda işləyirdim. 1993-cü il martın 24-də bir qrup Kəlbəcər ziyalıyısla birgə prezident Əbülfəz Elçibəylə görüşməyə cəhd etdik. Lakin buna imkan vermək istəmirdilər. Dedik ki, ermənilər Kəlbəcərə girmək üzrədir, biz mütləq dövlət başçısıyla görüşməliyik. Xülasə, yaxşı tanıdığım prezidentin köməkçisi rəhmətlik Gürşad Zərbəliyevin köməyi ilə böyük bir çətinliklə Əlövsət Ağalarov, Adil Cəmil də daxil olmaqla, 5 nəfər Elçibəylə görüşə bildik. Onu deyim ki, Əbülfəz bəyi 1970-ci illərdən - qardaşı Almurad bəy Kəlbəcərdə işləyən vaxtlardan tanıyırdım. Bir dəfə təsadüfən qardaşının yanına gələndə onunla birgə çörək də kəsmişdik. Görüşən zaman bunu da xatırlatdım. Bir saatdan çox davam edən səmimi söhbət zamanı prezident bildirdi ki, biz Kəbəcərin müdafiəsi üçün əlimizdən gələni edəcəyik. “Vaxtilə Napoleon da Moskvanı işğal edib yandırmışdı, sonra xalq birləşib geri aldı. Lap ermənilər Kəlbəcəri alsalar da, biz onu geri qaytaracağıq...”. Biz etiraz etdik ki, Moskvanın o vaxtkı olayıyla Kəlbəcəri müqayisə etmək olmaz. Ermənilər rusların köməyi ilə o dağları alsalar, biz illərlə onları geri qaytara bilməyəcəyik. Elçibəy Müdafiə Nazirliyinə, ora –bura zəng edib dedi ki, arxayın olun, gedin. Azərnəşrin binasında bizi xeyli kəlbəcərli gözləyirdi. Soruşdular ki, nə oldu. Cavab verdim ki, heç nə, Kəlbəcər getdi... Cəmi 7 gün sonra dağlar yurdu, Ələsgər, Şəmşir ocağı rus-erməni birləşmələrinin əlinə keçdi...
“İşğaldan 2 gün sonra məni özümdən xəbərsiz başçı təyin etdilər...”
- Bəs necə oldu ki, işğaldan sonra siz Kəlbəcərə başçı təyin edildiniz?
- Həmin vaxtlar Elçibəy tanıdığı kəlbəcərlilərdən soruşub ki, hazırkı durumda rayonu kim idarə edə bilər. Onlar da deyib ki, yalnız Qənbər müəllim...
Martın sonu, aprelin əvvəlində burada olan demək olar bütün Kəlbəcər ziyalıları Göygolə getdik ki, qaçıb gələn camaatı qarşılayaq, əlimizdən gələn köməyi edək. Oğlum Cavid də getmişdi. Aprelin 4-də Cavid dedi ki, ata, səni Bakıya çağırıblar. Gəldim Bakıya. Həyat yoldaşım da təəccübləndi ki, sən Kəlbəcər yerində olan vaxt I katibliyə getmədin, indi bu qaçqınlıqda rayona necə başçı olacaqsan. Soruşdum ki, nə başçı, məgər məni başçı qoyublar. Dedi ki, indi televizorda eşitdim ki, səni Kəlbəcərin icra başçısı qoyublar. And içdim ki, mənim bundan xəbərim olmayıb. Nə isə, 4 gün mən prezidentin qəbuluna getmədim. Nəhayət, Kəlbəcər ziyalılarının, dost-tanışın təkidini nəzərə alıb Elçibəylə görüşə getdim. Söhbət zamanı öncə özümdən xəbərsiz başçı təyin olunmağıma etiraz etdim. Xatırlatdım ki, rəhmətlik Heydər Əliyev məni rayona II katib qoyanda özü qəbul edib, 40 dəqiqə söhbət eləmişdi... Sonra prezidentdən xahiş etdim ki, kəlbəcərlilərin yüksəkliyə görə maaşlarına əlavə edilən faizləri kəsilməsin və rayonda olan heç bir iş ştatı ləğv olunmasın. Sağ olsun, gecə ikən maliyyə naziri Saleh Məmmədovu çağırıb dediklərimi tapşırdı.
Xülasə, sonra da işlədiyim bir ilə yaxın müddətdə yalnız camaatın problemləriylə məşğul oldum. Təsəvvür edin, on minlərlə didərgin, evsiz-eşiksiz, işsiz, çörəksiz insanın problemini həll etmək nə deməkdir. Ancaq şükür, Allahın köməkliyi ilə əlimizdən gələni edə bildik.
1993-cü ilin sonu 1994-cü ilin əvvəllərində Kəlbəcəri geri almaq üçün ordumuz bir neçə cəhd etdi. Ancaq Rusiyanın düşmənin arxasında durduğu üçün heç nəyə nail ola bilmədik. Bu minvalla 22 ili Kəlbəcərsiz başa vurduq...
“Allah bizə təpər versin...”
Bu gün isə dünyadakı siyasi proseslərdən görünür ki, ümidimizi yalnız Allaha və özümüzə bağlamalıyıq. Bütün kafir dünyası müsəlmanlara qarşı növbəti səlib yürüşünə çıxıb. Ona görə də heç bir böyük ölkə müsəlmanların, o cümlədən, Azərbaycanın haqqını müdafiə etmir. Allah özü dövlətimizə, prezidentimizə, xalqımıza kömək olsun. İnşallah, Allah təpər versin, ordumuzun gücü ilə digər torpaqlarımız kimi Kəlbəcəri də azad edək...