“Əli Kərimlinin adı siyasi səhnədən silinəcək”
Tarix: 16-09-2015, 09:49 | Çap et
“Əli Kərimlinin adı siyasi səhnədən silinəcək”
AXCP sədri Əli Kərimlinin “Qaynar Qazan” projesində sabiq müavini, Etimad Qurultayı üzrə Təşkilat Komitəsinin rəhbəri Razi Nurullayev barəsində səsləndirdiyi fikirlər əks düşərgədə ciddi etirazla qarşılanıb.

AXCP sədrinin əsas narazılıq yaradan fikirləri bunlardır: “Razi məsələsi gündəmə necə çıxıb? Mən bu adam haqqında birinci dəfədir ki, danışıram. Özü bu barədə necə açıqlama verib? Nə baş verib? Onu partiyadan necə uzaqlaşdırmışıq? Çağırmışam, sübutlarımı təqdim etmişəm, qərarımı da vermişəm”.

Ə.Kərimli R.Nurullayevi bir müddət əvvəl Müsavatdan çıxarılan Qubad İbadoğlu ilə müqayisə edənlərə öz etirazını bildirib.

AXCP adına və möhürünə iddiasını irəli sürən R.Nurullayevdən qurultayla bağlı son durum və Ə.Kərimlinin onun barəsində dediyi fikirlərə cavab aldıq.

Etimad Qurultayı üzrə Təşkilat Komitəsinin sədri yaxın günlərdə qurultay gününü elan edəcəklərini söylədi: “Hazırda hazırlıqlarımız sürətlə gedir. 12 şöbədə konfranslarımız yekunlaşıb. Bu həftə isə 7-8 rayonda konfrans keçirəcəyik. Demək olar ki, bu ay ərzində konfranslarımızın böyük əksəriyyətini yekunlaşdırmaq niyyətindəyik. Hüququ cəhətdən imkanımız olacaq ki, qurultayımızı təyin edə bilək. Yəqin ki, sentyabrın sonu-oktyabrın əvvəli qurultayımızın zamanı məlum olacaq. Konfranslarımız zamanı maneələrə rast gəlirik. Ağstafada konfrans keçirməyə imkan vermədilər. Məcburiyyət qarşısında qalıb, başqa rayonda keçirdik. Mətbuata bu barədə xəbər verdik. Ağcabədidə bu hal yaşandı. Konfransımızı dağıtdılar. Bir neçə rayonda da bu problemlər yaradıldı. Kiminsə evində, həyətində tədbirimizi keçirməyə məcbur oluruq”.

R.Nurullayev 50-dən çox rayonda yaradılan şöbələrlə qurultaya gedəcəklərini açıqladı: “Yəqin ki, bu rəqəm 50-yə yaxın olacaq. Bəlkə də daha çox oldu. Bundan sonra qurultay baş tutmuş sayılacaq. Azərbaycanın bütün rayonları ilə təmaslar qurulub. Hazırlıqlar gedir. Sadəcə, seçki cəhətdən vaxtımız məhduddur. Bir də maneələr yaradılır. Bu da öz təsirini göstərir. Problemlər olmasa, artıq 30-dan çox rayonda konfransımız keçirilmiş olardı. Şəraitsizlik bizi sıxır. Rayonlarda çox ciddi, qəddarcasına davranışların şahidi oluruq”.

R.Nurullayev hər gün AXCP-dən qopmaların olduğunu və güclərinin artdığını da qeyd etdi: “Daha üç gənc istefa verdi. Mediaya bu barədə məlumat verəcəyik. Yaxın günlərdə də onlarla gənc biz tərəfə keçəcək. Ciddi işlərimiz gedir. İndidən açıqlamaq istəmirəm. Yəqin ki, yaxın günlərdə hər kəs şahidi olacaq. Məqsədimiz aydındır. AXCP adını qaytarmaq, partiyanı Əli Kərimli və onun dəstəsindən azad etməkdir. Bu, əsas hədəfimizdir. Bunu əldə etmək üçün var gücümüzlə çalışacağıq. Əminəm ki, biz bunu bacaracağıq. Əli Kərimlinin 27 sentyabrda keçirəcəyi qurultayı hüquqi cəhətdən baş tutmuş hesab etməyəcəyik. Çünki indiyə qədər keçirdikləri konfransların əksəriyyəti qanunsuz şəkildə olub, protokollar da qeyri-qanuni yollarla hazırlanıb. Bütün saxtakarlıqları onlar ediblər. Elə olub ki, çayxanada oturub, ətrafdakıları çağırıb, şəkil çəkdirərək öyünürlər. Bu baxımdan narahat deyilik. AXCP Əli Kərimlidən azad olunacaq. Əli Kərimli adlı siyasətçi Azərbaycan səhnəsindən silinəcək. O adam söyüş zavodunun direktorudur. Onlar söyüşdən, təhqirdən, insanların arvad-uşağına söyüş söyən insanlardır. Başladığımız bir kampaniya var. Onların söyüşləri ilə bağlı. İctimaiyyətdən dəstək də almışıq. Eyni zamanda onların söyüş və təhqirlərinə dəstək verən tanınmış siyasətçilər var. Onların da maskalarını cıracağıq. Aləmdə rüsvay olunacaqlar. Biləcəklər ki, insanların arvad-uşağına, anasına, bacısına söyməyin bədəli nə olur. Cəmiyyət də biləcək ki, belə tərbiyəsiz sözlər işlədən siyasətçilər var. Onların hamısı Əli Kərimlinin ətrafındadır”.

R.Nurullayev Ə.Kərimlinin “Qaynar Qazan”da onun barəsindəki fikirlərinə sərt cavab verdi: “Onunla aramızda olan söhbəti mətbuata açıqlamışam. Söhbətimiz zamanı sadəcə quru-quru ittihamlar səsləndirdi. Heç bir fakt ortaya qoymayıb. Heç bir məsələni sübut edə bilməyib. Əslində mən onu çətin suallar qarşısında qoymuşam. Sadəcə, çiyinlərini çəkib. Əgər əlində sübutlar varsa, mənə təqdim etsin. Əgər sübutlar varsa, gizlətməkdə məqsədiniz nədir? Çox gülünc, mənasız-mənasız danışıqlardır. Bunlar Əli Kərimli və dəstəsinə xas olan xüsusiyyətdir”. (musavat.com)





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net