Fazil Mustafa: "Satqın dedikdə, Əli Kərimli yada düşür"
Tarix: 2-09-2015, 11:18 |
Çap et
"Yaxşı olardı ki, Əli Kərimlinin “satılmaması” barədə danışanlar 1995-ci il və sonrakı tarixə bir də nəzər salsınlar. Onda yadlarına düşər ki, Əli Kərimli hakimiyyətlə hansı danışıqlara gedib”. Bu fikirləri SİA-ya açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa “Milli Şura”nın koordinasiya şurasının üzvü Gültəkin Hacıbəylinin mətbuata verdiyi müsahibəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin heç vaxt satılmaması barədə irəli sürdüyü iddialarına münasibətini bildirərkən deyib.
BQP başqanı eyni zamanda bildirib ki, ümumiyyətlə, onun (Əli Kərimlinin) Əbülfəz Elçibəyə qarşı apardığı mübarizənin arxasında hansı xəyanətlərin və satqınçılığın dayandığını, eləcə də Kərimlinin yanındakıların da kimlər olduğunu xatırlayanlar yaxşı bilirlər: “Ona görə də kimlərinsə tərəfindən tarixin bu dərəcədə təhrif olunması heç də ciddi qəbul edilmir. Azərbaycan Xalq Cəbhəsində satqınçılığın əsasını Əli Kərimli və bu gün onun yanında olan adamlar qoyub. Bu səbəbdən də Xalq Cəbhəsi dağılmağa məhkum oldu”.
Fazil Mustafa AXCP sədri barədə bu cür iddia ilə çıxış edən Gültəkin Hacıbəylinin Cəbhə haqqında danışmağa mənəvi haqqının olmadığını da vurğulayıb və bildirib ki, əslində Azərbaycanda satqın dedikdə, birinci olaraq, Əli Kərimli yada düşür: “Onu da qeyd edim ki, bu gün Əli Kərimlinin “satılmamasını” iddia edən tərəflərin bu cür danışmağa mənəvi haqları yoxdur. Çünki xəyanət, satqınçılıq dedikdə ilk olaraq, təsəvvürlərdə məhz Əli Kərimlinin obrazı canlanır”.