`Leyla Yunusun hay-küyü ermənilərə xas xüsusiyyətdir` - YAP
Tarix: 7-08-2015, 15:11 |
Çap et
Bu qadının xəstəliyi barədə irəli sürdüyü iddiaları da cəfəngiyatdan başqa bir şey deyil.
“Leyla Yunusun məhkəmə prosesində hay-küylü çıxışı onun ermənilərə xas xüsusiyyətlərindən doğur. Keçmiş postsovet məkanında da, Azərbaycanda yaşadıqları dönəmdə də biz ermənilərin bənzər xüsusiyyətlərini çox müşahidə etmişik. Onlara yaxşı bələdik. Bu baxımdan da düşünürəm ki, bütün bunlar sırf erməni xislətindən doğan hərəkətlər kimi yadda qaldı”. AzVision.az xəbər verir ki, bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
YAP rəsmisi qeyd edib ki, Leyla Yunus məhkəməni şantaj etməklə özünün törətdiyi əməllərini ört-basdır etməyə çalışıb: “Necə ki, ermənilər dünya mətbuatında azərbaycanlılara qarşı şantajlarla çıxış edirlər, qərəzli mövqe sərgiləyirlər, eləcə də Leyla Yunus belə edir. Bu qadının xəstəliyi barədə irəli sürdüyü iddiaları da cəfəngiyatdan başqa bir şey deyil. Bütün bunların hamısı ictimaiyyətdə şou düzəltməyə hesablanmış addımlardır. Əsas məqsədlərdən biri də məhkəmənin doğru qərar qəbul etməsinə maneçilik törətməkdir”.
Siyavuş Novruzov həmçinin bəzi beynəlxalq təşkilatların Leyla Yunusu müdafiə etməsinə də münasibət bildirib. İcra katibinin müavini qeyd edib ki, sözügedən beynəlxalq təşkilatlar bu insanlarla əlbirdir:
“Neçə illərdir bunlara qrantlar verən beynəlxalq təşkilatlar erməni lobbisinə xidmət edənlərdir. Ermənistanın demokratik imicini formalaşdırmaqdan ötrü Ermənistanın hər hansı bir ölkə ilə düşmənçilik mövqedə dayanmadığını, hətta azərbaycanlıların gəlib Ermənistanda tədbirlərə qatıldığını göstərmək üçün erməni lobbisinin ayırdığı maliyyə hesabına həyata keçirilirdi.
Leyla və Arif Yunusovların hər dəfə özləri ilə tədbirlər adı altında düşmən ölkəyə apardıqları insanların xüsusi kəşfiyyat orqanları ilə görüşdürülməsi və həmin insanları öz nəzarətləri altında saxlamaları üçün kifayət qədər pul qazanıblar. Ona görə də bu beynəlxalq təşkilatlar cinayətlərinin üstü açılmasın deyə bu cür bəyanatlarla çıxış edəcəklər. Artıq istintaqa onların bütün əməlləri ifşa olunub. Dünyanın aparıcı, inkişaf etmiş ölkələrində, o cümlədən Avropa məkanında bu hallar yolverilməzdir”.