“AXC dövlət çevrilişi ilə ABŞ şirkətiylə imzalayacağım neft kontraktını pozdu”
Tarix: 7-07-2015, 10:43 | Çap et
“AXC dövlət çevrilişi ilə ABŞ şirkətiylə imzalayacağım neft kontraktını pozdu”
Vertikal.az Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibovun strateq.az-a müsahibəsini təqdim edir:

- Rusiya Federasiyasının Baş Prokurorluğu hakim “Vahid Rusiya” partiyasının deputatlarının müraciətinə əsasən, Pribaltika ölkələrinin müstəqiliyinin SSRİ Dövlət Şurası tərəfindən tanınmasının qanuniliyi məsələsinə baxacaq. “Vahid Rusiya” partiyasının deputatları iddia edirlər ki, SSRİ Dövlət Şurası Konstitusiyaya zidd qurum olmaqla yaradılıb, bu cür qurum SSRİ-nin Konstitusiyası ilə nəzərdə tutulmayıb. Siz də Dövlət Şurasının üzvü olmusunuz. Bu müraciətə münasibətiniz necədir? Ümumiyyətlə, Dövlət Şurası ideyası necə yarandı, hansı məqsədə xidmət edirdi?

- “Vahid Rusiya” partiyasının bu müraciəti hansısa konkret məntiqə uyğun gəlmir. Zənnimcə, Dövlət Şurasının Pribaltika respublikalarının müstəqilliyini tanıması qərarından və onlara edilən güzəştlərdən respublika rəhbərlərinin xəbəri olmayıb. Hər halda mən şəxsən eşitməmişəm.

Dövlət Şurası qeyri-konstitusion bir qurum idi. Mənim yadıma gəlmir, o, haçan, nə məqsədlə yaradılmışdı və konkret nə ilə məşğul idi və hansı ideyaya xidmət edirdi. Dəqiq yadımdadır, Prezident Qorbaçov tərəfindən Yeni İttifaq sazişini müzakirə etmək üçün yaradılmışdı, onun iclaslarında dəvət olunmuş kimi iştirak etmişəm.

- SSRİ-ni xatırlamışkən, bu mövzuda söhbətimizi davam etdirək. Son zamanlar Rusiyanın bəzi siyasi dairələri SSRİ-nin mirası, SSRİ-nin başqa formatda bərpası, yaxud əvvəlki “kiçik qardaşların” nəyin bahasına olursa-olsun Moskvanı müdafiə etməli olmaları ilə bağlı fikirləri, ideyaları gündəliyə gətirməyə, aktuallaşdırmağa çalışırlar. SSRİ rəmzləri bərpa olunur, SSRİ-nin təbliğatını xatırladan tədbirlər keçirilir və s. SSRİ-nin süqutunu mərkəzdən izləmiş, içdən məlumatı olan şəxs kimi, bu haqda və ümumilikdə rusların niyə sovet nostalgiyasından əl çəkmək istəməməsi ilə bağlı nə deyə bilərsiniz?

-SSRİ-nin dağılması” yenidənqurma” siyasətinin ölkədə yaratdığı xaosun və özbaşınalığın nəticəsi oldu. Üç dövlət xadiminin (Rusiya, Ukrayna və Belarus) rəhbərinin imzası ilə dünyanın fövqəldövləti dağıldı. SSRİ dağıldıqdan sonra müstəqilliyə çıxmış respublikalar öz dövlətçiliyini bərpa etdi, dövlətçiliyinə, yəni dövlət maraqlarına uyğun siyasi xətt seçdilər. Son zamanlar Rusiyadan səslənən SSRİ-nin bərpası məsələsi ilə bağlı fikirləri qeyri-mümkündür. Hər şeydən əvvəl, burada Sovet dövründə olan iqtisadi inteqrasiyanın bərpasından söz gedə bilər.

SSRİ nostaljisi təkcə ruslara aid deyil. Ümumilikdə, SSRİ ideologiyasından qalmış tibb, təhsil, elm, insanlara qayğı və s. prinsiplərin bəzi respublikalarda olmaması, SSRİ xatırlamağa səbəb olur. Belə düşünürəm ki, sovet sistemində olan yaxşı cəhətləri saxlamaqla ,sosial gərginliyi azaltmaq mümkündür. Belə olduqda, o nostalji də itə bilər.

- SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov İttifaqın dağılmasının bir səbəbini öz komandasında görür. “Yenidənqurma”nın son siyasi komandasının üzvü kimi, onunla razısınızmı? SSRİ-nin süqutunun əsas səbəbləri barədə qısaca nə deyə bilərsiniz?

- Hər şeydən əvvəl, mən, ümumxalq səsvermə yolu ilə seçilmiş Azərbaycanın legitim Prezidenti idim. Bununla belə, 1991-ci ilin avqustuna qədər, Azərbaycanda yüksək hakimiyyət eşalonu, SSRİ-nin hakimiyyət orqanlarında təmsil olunurdu, ancaq məni Mixail Qorbaçovun komandasına aid etmək düzgün deyilir. Sadəcə olaraq, mən yüksək nomenklaturaya aid idim və bunu SSRİ Konstitusiyası tələb edirdi.

Baxmayaraq ki, məni respublika təşkilatında rəhbər postuna irəli çəkməkdə əsas rolu kommunist partiyası oynamışdı, onun tarixində ilk dəfə olaraq Birinci katib yerinə alternativ seçkilər keçirtmişdim. Alternativ kimi Həsən Həsənovu bülletenə salmışdım. Bu, ən düzgün demokratik seçki idi. Seçildikdən sonra həmişə respublikanın maraqlarından çıxış etmişəm. Hətta SSRİ Prezidentinin və yüksək vəzifəli şəxslərin fikirləri maraqlarımıza uyğun gəlməyəndə, onlarla mübahisə aparmışam və onları başa salmışam.

Mixail Qorbaçov radikal islahatlara getdi. Bu nöqteyi-nəzərdən, Mixail Qorbaçov hörmətə layiqdir, çünki bir insan kimi, Sovet dövlətinin əsaslarının demokratikləşdirilməsiylə bağlı böyük məqsədlər qarşısına qoymuşdu. Qorbaçova qədər bir kəs bu miqyasda və əhəmiyyətdə islahatlara cürət etməmişdi. Buna səbəb kimi, islahatların vaxtı çatdığını da qeyd etməliyik, çünki onlar haqda söz-söhbət çoxdan gedirdi. Bununla belə, Mixail Qorbaçovun bu yükü öz üzərinə götürməsi və bunun yenidənqurma ilə əlaqəsi olduğunu deməsi təqdirəlayiq əməldir. Qorbaçov və onun ətrafı öz üzərilərinə götürdüklərini həyata keçirə bilmədilər, çünki bu işin nə qədər çətin olduğunu təsəvvürlərinə belə, gətirə bilmirdilər.

Bununla belə, “yenidənqurma” kodu ilə islahatları dünyaya bəyan etdilər. Qorbaçov məqsədlərini həyata keçirməyin labüdlüyünə də bəraət qazandırdı. Əsasən, üç istiqamətdə islahatlar aparılırdı : çoxpartiyalı siyasi sistemin yaradılması, Avropa parlamentarizmi və şəxsi mülkiyyət.

Birpartiyalı sistemə keçidi Qorbaçov Sov.İKP-nin demokratikləşdirilməsindən başladı. Bu, bütün kommunist təşkilatlarının - aşağı partiya komitələrindən başlayaraq, yüksək partiya iyerarxiyalarına qədər, hakimiyyət funksiyalarını əllərindən almağı nəzərdə tuturdu. Belə qərar qəbul edilmişdi ki, təsərrüfat, iqtisadiyyat, həmkarlar ittifaqlarında communist təşkilatı olmasın. Həmin andan Sov.İKP sovet cəmiyyəti üzərindəki nəzarətini itirdi. Sov.İKP-nin sonuncu Plenumundan sonar, demək olar ki, bu təşkilat daha mövcud deyildi. 1991-ci ildə Azərbaycan Kommunist Partiyasının rayon təşkilatları yerli sovet orqanları ilə birləşdi. Biz əlimizdən gələni edirdik ki, kadr potensialını saxlayaq . Partiya orqanlarının idarəçilikdən uzaqlaşdırılması praktiki olaraq bütün müttəfiq respublikalarda baş verdi. İşsiz qalmış partiya funksionerlərinə yeni siyasi təşkilatların leqallaşdırılması, bunun fonunda qeyri-formal ictimai təşkilatların, yeni siyasi xadimlərin ortaya çıxması, Kreml tərəfindən xalq cəbhələrinin yaradılması çox pis təsir göstərirdi. Bu qeyri-formallar o dövrün qanunlarını qəbul etmir, hakimiyyətə tabe olmur, bununla belə kommunistlərə müxalif olurdular. Bəzi qeyri-formal ictimai hərəkətlərin strateqləri, Sov.İKP kimi, əllərinə düşmüş imkanlardan istifadə edərək, kommunistlərdən də yaxşı siyasi konyuktura yaratmışdılar. Maraqlısı budur ki, qeyri-formallar SSRİ-nin yuxarı instansiyalarından aldıqları fəaliyyət azadlıqlarından faydalanaraq, yerli hakimiyyətə qarşı mübarizə aparırdılar.

Bununla belə, Xalq Cəbhələrinə “Yenidənqurma”nın dəyərləri uğrunda mübarizə aparmaq göstərişi Qorbaçov komandası tərəfindən verilirdi. Mixail Qorbaçovun ətrafından olanların bəzilərinin dediklərindən belə çıxırdı ki, onlar ölkə hakimiyyətini aşağıdan dəstəkləsələr də, cəbhəçilər aşağıdan onları vurmalı idilər. Bilirsiz, bu piroqun içi kimlər olmalı idi? Bəli, biz – partnomenklatura! Odur ki, bütün hadisələr, o cümlədən Azərbaycanda baş verənlər, bu və ya digər formada “demokrat xadimlər” tərəfindən, ilk növbədə, Rusiya Federasiyasından - Boris Yelsin tərəfindən idarə olunurdu.

Mixail Qorbaçovun ən böyük səhvi Ermənistanın Azərbaycana qarşı yürütdüyü ərazi iddiası oldu. Onun əhatəsində olanlar bu və ya başqa formada bunu dəstəkləyirdilər. Mahiyyət etibarilə, Dağlıq Qarabağdan başlamış hadisələr son nəticədə SSRİ-nin dağılmasına gətirib çıxartdı.

Hakimiyyətdən gedən Mixail Qorbaçov etiraf edirdi: “Mən çox şeyi etməyi bacarmadım. Ancaq kommunist sistemini dağıtmağa nail oldum.”

- Söylədiyiniz kimi, SSRİ-nin qanlı miraslarından biri Qarabağ münaqişəsdir. Rusiyanın təşəbbüsü ilə hər dəfə MDB məkanında inteqrasiya təşəbbüsləri başlayanda, ittifaqlar yarananda Azərbaycan və Qarabağ münaqişəsi mütləq gündəliyə gəlir və çeşidli ehtimallar irəli sürülür. Avrasiya İqtisadi İttifaqı yarananda da belə oldu. Minsk və Astanada Qarabağ münaqişəsi barədə danışdılar. Hazırda yenidən Azərbaycanın bu İttifaqa mümkün üzvlüyü və bunun Qarabağ münaqişəsinin həlli perspektivinə təsiri ilə bağlı müzakirələr açılır, rəylər verilir. Siz necə düşünürsünüz, bu məsələ ilə bağlı hansı mülahizələri yürütmək olar?

- Qarabağın həllinin bir yolu var: Ermənistanı bir aqressiv ölkə kimi, BMT-nin çıxardığı 4 qətnaməni yerinə yetirməyə və məcburi sülhə vadar etmək lazımdır! O ki qaldı Avrasiyaya üzvlüklə bağlı Qarabağ probleminin həllinə, bu, mümkün deyil, çünki Azərbaycan tərəfi bu ittifaqa və yaxud “Şərq Tərəfdaşlığı”na üzv olmaq niyyətində deyil, müstəqil siyasət yeritmək istəyir. Daha dəqiq desək, heç bir bloka qoşulmaq istəmir. Bu, düzgün siyasətdir. Biz məcburiyyət qarşısında qalıb, Rusiya ilə strateji əməkdaşlıq etməklə, Qarabağ məsələsini Azərbaycanın ərazi toxunulmazlığı çərçivəsində həll edə bilərik.

- Bir çox ekspertlər qeyd edirlər ki, Moskva Avrasiya İqtisadi İttifaqı layihəsini ortaya atanda Qarabağ münaqişəsi ilə bağlı, ən azı, Azərbaycanı ümidləndirəcək aydın mesajlar vermədi. Biz bütün cəmiyyətə ünvanlanmış mesajları nəzərdə tuturuq. Bu baxımdan, Moskvanın ötən əsrin 90-cı illərində olduğu kimi, yenə son məqamda erməniləri müdafiə edəcəyini vurğulayanlar çoxluq təşkil edir. Siz necə düşünürsünüz, doğurdanmı, Moskvanın Ermənistan siyasəti o qədər sabit və möhkəmdir ki, hətta Azərbaycanın Moskvanın layihələrində yer alması perspektivi belə bu siyasətdə dəyişikliklərə səbəb ola bilmir?

- Bu, düzgün fikir deyil. Rusiyanın son zamanlar Azərbaycana göndərdiyi mesajların arxasında pozitiv məqamlar vardır ki, Qarabağın həllinin mümkünlüyünü göstərir. Rusiyaya Qafqazda sülh lazımdır. Odur ki, reallıq belədir - iki xalqı barışdırmaq.

- Hazırda Azərbaycan balanslaşdırılmış xarici siyasətə sadiqliyini nümayiş etdirir. Düzdür, son zamanlar ABŞ və Qərb ölkələri ilə münasibətlərdə müəyyən problemlər müşahidə olunur. Bununla belə, rəsmi Bakı əməli olaraq Qərb ölkələrinə münasibətdə diqqəti cəlb edəcək heç bir addım atmayıb. Bakı Avropa İttifaqı ilə Assosiasiya Sazişi imzalamaqdan imtina edib, eyni zamanda Avrasiya İttifaqından da kənarda qalmağa üstünlük verib. Bununla belə, biz hər gün Qərb mətbuatında Azərbaycanla bağlı tənqidi məqalələr dərc olunmasını görürük. Necə düşünürsünüz, doğurdanmı, artıq balanslaşdırılmış siyasət üçün imkanlar qalmayıb?

- Azərbaycanın balanslaşdırılmış xarici siyasəti düzgün addımdır. Bunun nəticəsində Azərbaycan yüksək nailiyyətlərə malik olub. İndi də bu siyasətdən çıxış etmək lazımdır. Ancaq iki ölkənin – ABŞ və Rusiyanın qarşıdurması və düzünü desək, “İkinci soyuq müharibənin” başlaması Azərbaycana həm Qərbin, həm də Şərqin müəyyən təzyiqlərinə gətirib çıxaracaq. O ki qaldı balanslaşdırılmış siyasətə, xarici siyasət həmişə balansı saxlamalıdır. Balansın pozulması ölkələr arasında əlaqələri də pozur. Qərb mətbuatının yazıları isə təzyiq vasitələridir. Bu, həmişə olub, olacaq da. Azərbaycan iqtidarı öz dövlətçilik marağından, ilk növbədə, iqtisadi marağından çıxış edib, xarici siyasətini qurmalıdır. Bu, elə balanslaşdırılmış siyasət deməkdir, çünki söhbət ölkənin mövcudluğundan gedir.

- Son zamanlar Qərb ölkələrinə etibar edilməsinin mümkün riskləri barədə daha çox müzakirə aparılır. Əvvəlki dövrlərdə Azərbaycanın xarici siyasət kursunda hiss olunacaq dərəcədə Qərbə meyillənməsi cəmiyyətdə düzgün yanaşma kimi sorğu-sualsız qəbul olunurdu. İndi isə alternativ fikirlər daha ucadan səslənməyə başlayıb. Bir çoxları bunu Rusiyanın Krımın ilhaqından sonra aqressiv xarici siyasətinin təsiri, digərləri isə Qarabağ münaqişəsi ilə bağlı Qərb ölkələrinin sonadək Azərbaycanı müdafiə etməmələri ilə əlaqələndirməyə çalışırlar. Siz necə düşünürsünüz, Azərbaycan ictimai rəyində Qərbə münasibətdə şübhələrin artması nə ilə bağlıdır? Bu, təbii prosesdirmi, yoxsa yönləndirilir?

- Azərbaycanın xarici siyasətində Qərbə meylin çox olması haqda fikirlərdə həqiqət olsa da, bununla belə, nəzərə almalıyıq ki, neft kontraktlarından sonra Azərbaycanın inkişafında əsas faktorlardan biri Qərb ölkələriylə əlaqələri idi. Azərbaycan öz enerji resurslarını Qərbə satırdı. Yəqin ki, Qərblə əməkdaşlıq yaradarkən, biz Qərbin qarşısına Qarabağla bağlı müəyyən tələblər qoymuşduq.

Qarabağla bağlı Qərb ölkələrinin mövqeyi dəyişməz qalacaq, çünki Qarabağ Qərbin əlində Azərbaycana təzyiq vasitəsidir. Bu, aydın şəkildə gözə dəydiyindən Azərbaycanda, təbii ki, Qərbə qarşı inamsızlıq yaranır.

- Neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatının inkişaf perspektivləri ilə bağlı müzakirələrə start verib. Bu müzakirələrdə qeyri-neft sektorunun inkişaf etdirilməsi, sahibkarlığa dəstək verilməsi və s. məsələlər önə çəkilir. Eyni zamanda, iqtisadiyyatın və siyasətin mövcud monopolistlər, oliqarxlardan təmizlənməsinin vacibliyi də əsas şərtlərdən biri kimi vurğulanır. Bununla bağlı dövlət başçısı da əhəmiyyətli mesjalar verib. Siz necə düşünürsünüz, cəmiyyət bu cür qəti addımları dəstəkləməyə, islahatlara dəstək verməyə hazırdırmı?

- Neftin qiymətinin aşağı düşməsi, neftə arxalanan Azərbaycan iqtisadiyyatına və maliyyə sisteminə ciddi zərər vura bilər. Bu, aydın şəkildə gözə dəyir. İndi Azərbaycanın qarşısında bir məsələ durur - qısa müddət ərzində qeyri-neft sektorunun qurulması və neftdən asılılığı bacardığımız qədər aşağı endirmək. İndiki şəraitdə hələ imkanlarımızın olduğunu nəzərə alsaq, bu mümkündür.

- Avropa Oyunları başa çatdı və Azərbaycan ev sahibi ölkə kimi bu qitəmiqyaslı böyük idman yarışının yüksək səviyyədə baş tutması üçün əlindən gələni etdi. I Avropa Oyunları olimpiya oyunları səviyyəsində keçirildi və yüksək səviyyədə təşkilatçılıqla yadda qaldı. Bununla belə, I Avropa Oyunları ilə bağlı Avropanın bəzi çevrələri Azərbaycanı tənqid etməyə çalışdılar. Sizin fikirinizcə, israrla Azərbaycanın bu idman yarışı kontekstində hədəfə gətirilməsi hansı səbəblərlə bağlıdır?

-Avropa oyunları böyük tarixi hadisə idi. Dünya idman oyunları tarixinə Azərbaycan öz adını qızıl hərflərlə yazdı. Azərbaycan necə inkişaf etdiyini dünyaya göstərirdi. Azərbaycanın müstəqil siyasətini sevməyən ölkələr, əlbəttə ki, Azərbaycana qarşı belə hallara yol verəcəklər. Siyasətçilər paxıl olurlar. Ancaq bu, o demək deyil ki, Avropa xalqları Azərbaycana qarşıdır. Əksinə, hiss olunur ki, Azərbaycan xalqına qarşı stereotiplər dağıdılıb. Avropa xalqları Azərbaycanı yüksək mədəniyyətə və tolerantlığa sahib olan ölkə kimi tanımağa başlayıblar. Siyasətçilər gəldi-gedərdi, əsas xalqdır.

- Azərbaycanda iqtidarın təşəbbüsü ilə hakimiyyət və müxalifət partiyaları arasında görüşlər keçirildi və müzakirələr aparıldı. I Avropa Oyunları ilə bağlı bu görüşlərə ara verildi. Bu görüşlər, fikir mübadiləsi prosesi ilə bağlı da birmənalı fikirlər səslənmir. Sizcə, bu proses nə dərəcədə inkişaf etdirilməldir, məqsəd nə olmalıdır? Tərəflər prosesin irəliləməsi üçün hansı addımlar atmalıdırlar?

- Bü, düzgün siyasətdir. Hər hansı partiya müəyyən ictimai fikri ifadə edir, dövlət idarəçiliyinə sağlam fikirli insanların cəlb edilməsi üçün şərait yaradır. Anaq bu proses yarımçıq qalmamalıdır.

- 1992-ci ildə hakimiyyətdən getməyinizin o dövrün geopolitik zəruriəti olması barədə deyilənlərlə razısınızmı?

- Əlbəttə ki, yox!

- 1990-cı ildə Ali Sovetə keçirilən seçkilərdə müxalifəti təmsil edən 30 deputatın seçilməsi prosesinə razılıq verməyinizə peşiman deyilsiniz ki? Həmin Ali Sovet Sizin siyasi taleyinizdən bir “qırmızı xətt” kimi keçdi...

- Qətiyyən, yox! O dövrdə Qarabağı azad etmək üçün hamı birləşməli idi. Odur ki, müxalifətin rolunu artırmaq istədim. Əlimdə bütün imkanlar vardı ki, Qarabağı azad edim. Milli Şura yaratmaqla mən müxalifəti bu prosesə cəlb etmək istədim. Müxalifət isə hakimiyyətə gəlmək üçün Azərbaycan xalqına xəyanət etdi. Onların xəyanətinin nəticəsidir ki, torpaqlarımız işğal altındadır.

- Qərbin Azərbaycanın neft ehtiyatlarına marağı hələ 90-cı illərin əvvələrindən bəlli idi. Siz prezident olarkən 1992-ci ilin fevralında ABŞ dövlət katibi Beykerin Bakıya səfəri baş tutub. O görüşdə neft müqavilələri ilə bağlı hər hansı ilkin müzakirələr aparmışdınızmı?

- 1991-ci ilin axırlarında neft kontraktları ideyasını yox, planlarını ABŞ-ın AMOCO şirkəti ilə müzakirəyə çıxartmışdım. Kontrakta qol çəkilsəydi, neftdən gələn gəlirlərin 82%-i Azərbaycanın, 18%-i Qərbin olurdu. Üstəlik, neft hasilatında işlədilən cihazlar və maşınlar Azərbaycanın Neft maşınqayırma zavodlarında hazırlanırdı və Qərb bu zavodların təkmilləşdirilməsini, yolların salınmasını və ev tikintisini də öz üzərinə götürürdü. 1992-ci ilin fevralında ABŞ dövlət katibi Beykerin Bakıya səfəri də bununla bağlı idi. Dövlət çevrilişləri bu planın həyata keçməsinin qarşısını aldı.

- Müxalifətlə münasibətləriniz ziq-zaqlı olub. Siz indi, ömrünüzün müdrik çağında, böyük siyasi təcrübənizə söykənərək, Azərbaycanda siyasi müxalifətin perspektivini necə görürsünüz?

- Müxalifətsiz demokratik dövlət qurmaq mümkün deyil. Ancaq müxalifət, gərək, xalqın marağını təmsil etsin.

- Qarşıdan parlament seçkiləri gəlir. Cəmiyyətin bu seçkilərdən ciddi gözləntiləri var. Sizin bu barədə hansı qənaətləriniz vardır?

- Yaxşı olar ki, xalq bu seçkilərdə aktiv iştirak etsin. Layiqli insanlara səs versin.

- Seçkilərdə namizədliyinizi irəli sürmək barədə düşünürsünüzmü?

-Əlbəttə ki, yox. Azərbaycanın eks-prezidentiyəm. Mənim statusum heç də deputat statusundan aşağı deyil. Xalqımasa həmişə xidmət etməyə hazıram.

- İnsan Allahın ona verdiyi ömür payını rahat yaşamır: həyat yolunda yüksəliş, enişlər qaçılmaz olur. Hakimiyyətin zirvəsində olmuş şəxs kimi, geriyə baxdıqda nələri düşünürsünüz?

-Allah mənə hər şeyi verib. Vətənim qarşısında üzüm ağdır. Onun üçün çox şeylər edə bilərdim. Həmişə xalqımla olmuşam! Onu düşünmüşəm, düşünürəm və düşünəcəyəm də...





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net