Erməni sevdalı İbrahimbəyov
Tarix: 23-06-2015, 11:07 | Çap et
Erməni sevdalı İbrahimbəyov
Bir neçə il öncə özünü siyasətə sırımağa çalışan, hətta prezidentlik sevdasına düşən Rüstəm İbrahimbəyov yenidən köhnə havaları çalmaqdadır. Onun açıqlamalarından da görünür ki, kinorejissor əvvəlki ampluasında qalıb və fikirlərində heç bir dəyişiklik yoxdur. Milli Şuranın fəxri sədrinin müsahibə verdiyi “The New Times” onunla müxtəlif mövzularla yanaşı, ölkə hakimiyyəti ilə münasibətlərindən də danışıb. İlk olaraq isə R.İbrahimbəyova üzərində işlədiyi sonuncu film haqda sual verilib. Elə kinorejissorun iç üzünün növbəti dəfə faş olunması da bu zaman baş verib. Belə ki, ssenari haqda danışan Rüstəm İbrahimbəyov “Qafqaz triosu” filmi üzərində işin tamamlandığını və burada özünə bənzəyən personaj olduğunu açıqlayıb: “Bu, baş qəhrəmanın atasının dostudur. O, hesab edir ki, Azərbaycan öz siyasətini düzgün qurmur, hər şey bir anda dağıla bilər. “Qafqaz triosu” adının arxasında isə qafqazlılar durur. Trio, yəni erməni, azərbaycanlı və gürcü. Üç dostu ortaq uşaqlıq illəri və gənclik birləşdirir. Bizim zamanda bu mövzu risklidir. Azərbaycanda çoxlarına mənim baxışlarım xoş gəlmir. Ancaq mən səmimi qəlbdən əminəm ki, biz erməni xalqı ilə düşmən deyilik və gec-tez mütləq barışacağıq. Ermənistan və Azərbaycan xalqları baş verənlərə görə günahkar deyillər. Və mən hər iki tərəfdən aqressiv ritorikanın əleyhinəyəm”.

Rejissor filmin real situasiya əsasında çəkildiyini iddia edir: “Mənim tanışım olan bir aktrisa azərbaycanlıya ərə getdi və onun familiyasını götürdü. Onun birinci ərdən – ermənidən oğlu var idi. Atalıq uşağı oğulluğa götürdü, ona öz azərbaycanlı soyadını verdi. Uşaq böyüdü, Moskvaya gəldi və artıq yetkinlik yaşında ikən öz doğma atası ilə tanış oldu və hətta dostlaşdı (bu rolu Yuri Stoyanov oynayır). Atası onu öz əvvəlki - erməni familiyasını qaytarmaq üçün yola gətirdi. Aydındır ki, bu zaman dəhşətli mərəkə qopdu. Ana-azərbaycanlı hiddətləndi: “Onsuz da hamı bilir ki, sənin atan ermənidir. Ancaq heç kim heç vaxt sənin xətrinə dəyən söz deməyib, indi isə sən öz qərarınla bizi çətin vəziyyətə qoyursan”. Təəssüf ki, bu, həqiqətdir. Belə situasiya Bakıda insanların həyatını ciddi şəkildə qaralda bilər. Ancaq erməni ata israr göstərir və anlamaq istəmir ki, onun bu arzusu mövcud reallıqlarda faciəyə gətirə bilər. Bu, sırf ailə konfliktidir”.

Rejissor ermənilərə sevgisini izhar eləməklə kifayətlənməyib və çəkinmədən azərbaycanlılarla əməkdaşlığın dəhşətli olduğunu söyləyib: “2007-ci ilədək mənim Azərbaycan hakimiyyəti ilə normal münasibətlərim olub. Qarabağ məsələsi barədə söylədiklərimə görə mənə hücum çəkən milli mətbuatla da problemim yox idi. Mənim “Dalğaların toplanması” povestimdən sonra - əsər Azərbaycanın həlli yetişən problemlərindən bəhs edir – hakimiyyət də özünü incik saydı. Məni xalq düşməni adlandırmağa başladılar. Sonra Demokratik Qüvvələrin Milli Şurasına rəhbərlik elədim – sadəcə, ona görə ki, bunu etməyə bilməzdim. Mənə şərt qoyulmuşdu ki, prezident seçkilərində müxalifətin vahid namizədi olum. Ancaq Rusiya vətəndaşı olduğum üçün seçkilərə xoşbəxtlikdən buraxılmadım”.

R.İbrahimbəyovun bu müsahibəsi isə ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb və o, qınaq atəşinə tuş gəlib. Onun hər zaman nümayiş etdirdiyi ermənipərəst mövqeni yenə də davam etdirməsi təbii ki, susqunluqla qarşılanmayıb. Bir zamanlar eyni təşkilat daxilində - Milli Şurada birgə fəaliyyət göstərdikləri şəxslər də rejissora etiraz edirlər. Müsavatçı Tural Abbaslı qəzetimizə açıqlamasında dedi ki, o, həmişə belə fikirlər səsləndirib: “Onun siyasi xadim kimi dedikləri haqda tənqidi fikirlər bildirmək istərdim. Amma sonra düşünürəm ki, o, kinorejissordur. Mən onun fikirlərini siyasi xadimin fikirləri kimi qəbul edə bilmirəm və ümumiyyətlə, bunun tərəfdarı deyiləm. Hesab edirəm ki, İbrahimbəyovun açıqlamaları siyasi bəyanat kimi qəbul edilməməlidir. O, ictimai xadim kimi danışsa, daha məqsədəuyğun olar. Mənim üçün o, sırf mədəniyyət nümayəndəsi, rejissordur və çəkdiyi filmlər haqda fikirlərini bölüşsə, daha yaxşı olar. Biz onun haqda fikirlərimizi əvvəllər də bölüşmüşük. O özü sübut etdi ki, siyasətçi deyil və siyasi xadim olmağı bacarmır. Bu mövqeyimi heç zaman gizlətməmişəm və hər zaman demişəm. Çünki o özü belə düşünməyimiz üçün şərait yaradıb və faktiki olaraq, siyasətdə heç nə edə bilməyib. Ona görə də onun fikirlərinə heç münasibət bildirməyə ehtiyac da görmürəm. Bəlkə də kimlərsə onun fikirlərini ciddiyə alır, amma mən yox. Dediyim kimi, mən onun yalnız kino, incəsənət barədə fikirlərini normal qəbul edə bilərəm. Siyasət haqda heç bir ciddi fikir bildirə bilməz”.

Göründüyü kimi, ölkəyə demokratiya gətirəcəyini vəd edən, amma ölkəyə heç özü gəlməyən R.İbrahimbəyov yenə də ermənipərəst mövqeyindən əl çəkmir. O, prezidentliyə namizəd olduğu vaxtlarda da ermənilərə və onların havadarları olan ruslara arxayın idi. Ümumiyyətlə, Milli Şuranın bir Rusiya layihəsi olduğu heç kimə sirr deyil. Rusların ən yaxın müttəfiqlərinin də ermənilər olduğu tarixən məlumdur. Lakin rejissor onlardan heç bir xeyir gəlmədiyini faktiki olaraq görsə də, yenə də bu mövqeyindən əl çəkmir. Deməli, bu, xislət məsələsidir. Bunun isə çarəsi yoxdur. Faktiki olaraq, İbrahimbəyovun xisləti də ermənilərinkindən fərqlənmir. Sadəcə, adam erməni sevdalı birinin sənə prezidentlik etmək istədiyini düşündükcə, dəhşətə gəlir. Türklər demişkən, şakası bile kötü...





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net