"Ədliyyə Nazirliyi bunu necə qeydiyyata alıb?"
Tarix: 15-06-2015, 11:52 |
Çap et
“Azərbaycanda iqtisadi təhlükəsizliklə bağlı ciddi problemlər mövcuddur”.
Bunu Moderator.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. Onun sözlərinə görə, bəzi hallarda iqtisadi təhlükəsizliyi təhdid edən faktlarla bağlı əlaqədar qurumlara informasiya verilsə də, məlum qurumlar məsələnin araşdırılması istiqamətində lazımi addımlar atmır:
“Bu gün kimlərsə külli miqdarda pul qazanmaq məqsədi ilə saxta, anonim şirkətlər yaradır, bəzi hallarda isə bu şirkətləri heç bir savadı olmayan insanların adına açırlar. Bugünlərdə məlum olub ki, Lerikdə qoca bir qadının adına 10 şirkət açıblar. Bu cür faktlarla bağlı dərhal cinayət işi qaldırılmalıdır. Araşdırıllmalıdır ki, adını yaza bilməyən bu qadın 10 şirkətə necə sahibkarlıq edir? Ədliyyə Nazirliyi bunu necə qeydiyyata alıb? Onun əvəzinə sənədlərə kim imza atıb? Bu müəssisələri kimlər harda, hansı məqsədlə yaradıblar?
Bu cür faktları yoxlasan, o zaman bu faktların arxasında gizlənən cinayətkar şəbəkə də ifşa olunacaq. Hətta dövlət səviyyəsində bu cür saxta şirkətlələ bağlı məlumat verilir, lakin hüquq-mühafizə orqanları heç bir tədbir görmür. Halbuki, bu, iqtisadi təhlükəsizliklə bağlı olan bir məsələdir. Bu cür mövqe isə məlum sahədəki problemlərin çiçəklənməsinə gətirib çıxardır”.