ABŞ-da keçirilən dinləmələr Avropa Oyunlarına qarşı aksiyadır - Zahid ORUC
Tarix: 9-06-2015, 10:16 | Çap et
ABŞ-da keçirilən dinləmələr Avropa Oyunlarına qarşı aksiyadır - Zahid ORUC
İyunun 10-da Vaşinqtonda növbəti anti-Azərbaycan dinləmələri keçiriləcək. Dinləmələrdə iştiak edən kəslər isə, yazı və çıxışları ilə Azərbaycan iqtidarına qarşı olan şəxslərdir.

Belə ki, onlar ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç, Makkeyn institutunun nümayəndəsi Devid Kremer, "Amerikanın səsi" – "Azadlıq və Azad Avropa" radiolarının birgə layihəsi olan “İndiki zaman” teleproqramının icraçı direktoru Kənan Əliyev, azərbaycanlı bloqçu və jurnalist Arzu Qeybulla iştirak edəcəklər.

Məsələ ilə bağlı Hafta.az-a danışan millət vəkili Zahid Oruc bildirib ki, Avropa Oyunları ərəfəsində keçirilən bu dinləmələrin əsl məqsədi başqadır:

“Dinləmələrin əsas niyyəti bizlərə bəllidir. İndi onlar hər hansı istəklərini pərdələyə bilərlər. Ancaq keçmişə baxdıqda belə xarakterli müzakirələrin aparılması onu deməyə əsas verir ki, dinləmələrin hədəfi məhz Azərbaycanın aktivliyidir, müxtəlif məsələlərdə Qərb maraqlarına qarşı çıxmasıdır. Bu dinləmələr formatına görə heç bir obyektiv diskussiyalar aparılmasına imkan vermir. Çünki Azərbaycanın hər bir siyasi ideoloji kəsimi orada təmsil olunmur. Eyni zamanda, Azərbaycan Avropa Oyunlarının astanasındadır. Avropa Oyunlarına qədərki dövrdə ölkənin siyasi şəxsləri müxtəlif beynəlxalq hücumlara cavab verməli oldu. Əslində biz bununla Avropa Oyunlarının birinci mərhələsini başa vurduq. Burada yarışları gözə görünən və görünməyən qüvvələr aparmaqda idi. Sonda isə bu söylədiyim yarışları, real idmançılar tatami üzərində davam etdirəcəklər”.

Millət vəkili bildirib ki, dinləmələr onların əslində hər hansı bir şəkildə Azərbaycanı sıxmaq niyyətlərinin davamıdır:

“Ancaq yaxşı bilirlər ki, bu vasitə ilə Azərbaycanı dəyişmək qeyri-mümkündür. Sadəcə olaraq özləri danışıb, özləri də dinləyirlər. Bundan isə Azərbaycan cəmiyyəti heç bir fayda götürmür. Əgər həqiqətən də normal diskussiya meydanlarını bərqərar etmək istəyirlərsə, Azərbaycana təklif buyursunlar. Burada müxtəlif formatda müzakirələrin keçirilməsi mümkündür. Ona görə də mən bu dinləmələri Avropa Oyunlarına qarşı aksiya kimi dəyərləndirirəm”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net