Partiyalar evi yananlara kömək edəcəkmi? -SORĞU
Tarix: 21-05-2015, 10:21 | Çap et
Partiyalar evi yananlara kömək edəcəkmi? -SORĞU
Bakının Binəqədi rayonu ərazisində yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən yanğından sonra əhali arasında könüllü yardım kampaniyaları başladı və bununla bağlı müxtəlif təkliflər edildi.

Çoxsaylı insan itkisinin səbəb olduğu yanğının baş verdiyi ərazi artıq şəhər sakinləri üçün anım yerinə çevrilib.

Ötən gündən etibarən binanın qarşısında xüsusi bir guşə yaradan sakinlər faciə nəticəsində ölənləri elə oradaca yad etməyə başlayıblar. Özləri ilə gətirdiyi şamları yandiran vətəndaşlar hadisə nəticəsində dünyasını dəyişənlərin ruhuna dualar oxuyublar.

Hətta bir cox tanınmış simalar yanan bina ərazisinə gələrək ölənlərin xatirəsini yad ediblər.
Bəzi siyasi partiyalar isə yanğın hadisəsi ilə bağlı yalnız bəyanat verməklə kifayətləndilər.

Bəs, bu partiyalar yanğından zərərçəkmiş insanlara niyə dəstək olmurlar?

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı AzVision.az-a açıqlamasında bildirib ki, partiya bəyanat yayıb və ölkədə matəm elan olunmasını təklif edib: “Bundan başqa bu hadisədə günahkar olanların cəzalandırılmasını istədiyimizi də bəyan etmişik. Partiya olaraq əlimizdən gələn ancaq budur”.

Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlı isə deyib ki, partiya təkcə bəyanat verməklə kifayətlənməyib, həmçinin üzvlər yanğında həlak olanların dəfn mərasimində iştirak edib: “Əgər qanvermə aksiyası olacaqsa, Müsavat Partiyası üzvləri bu kampaniyaya da qoşulacaq”.

Ümid Partiyasının sədri İqbal Ağazadə yanğın nəticəsində evsiz qalan vətəndaşlara müvəqqəti olaraq evində qonaqlaya biləcəyini deyib: “Təklif etmişik ki, evi olmayanları müvəqqəti öz evimizdə, bizimlə yaşamağa dəvət edirik. Bundan başqa yaralılara da baş çəkəcəyik”.

“Dövlət səviyyəsində fond yaradılmalıdır və bu fond vasitəsilə yanğının ziyan vurduğu ailələrə yardım olunmalıdır”.

Bu təkliflə Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa çıxış edib: “Amma belə kustar formada yardımın hansı təyinat üzrə olacağı bəlli deyil. Partiya olaraq mövqeyimizi də bəyan etmişik”.

Yaralılara baş çəkməyə gəlincə isə partiya sədri onlarla maraqlandığını və baş çəkəcəklərini əlavə edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net