"Ayaz Mütəllibovun hakimiyyətə qayıtmaq istəyindən xəbərimiz vardı"
Tarix: 15-05-2015, 10:01 | Çap et
"Ayaz Mütəllibovun hakimiyyətə qayıtmaq istəyindən xəbərimiz vardı"
Xalq Arzusu Hərəkatının lideri, vaxtilə AXC Naxçıvan Şöbəsinin rəhbəri olmuş, AXC iqtidarı devriləndən sonra 8 il məhbus həyatı yaşamış Asəf Quliyev Moderator.az-a müsahibəsində 92-ci ilin 14-15 may hadisələrindən danışır:


-Asəf bəy, 1992-ci ilin 14 mayında harada idiniz?

-Naxçıvanda.

-Əvvəlcədən sizdə hansısa məlumat var idi ki, Ayaz Mütəllibov yenidən hakimiyyətə qayıtmaq üçün çalışır və ayın 14 –də Ali Sovetin sessiyası çağırılacaq?

-Təbii, artıq bizə gizli deyildi ki, o yenidən hakimiyyətə qayıtmaq istəyir və aşkar-gizli danışıqlar aparır və bu danışıqların dairəsi Azərbaycanla da məhdudlaşmır. Amma bizdə bir arxayınçılıq vardı ki, əgər o qayıtma təşəbbüsündə bulunsa iflasa uğrayacaq, çünki o dövrdə ölkədə və dünyada baş verən proseslər, cəmiyyətin hədsiz fəallığı, AXC-nin gücü onu deməyə əsas verirdi ki, o bunu etsə belə bu dəfə daha rüsvayçı vəziyyətdə getməyə məcbur olacaq. Təsəvvür edin ki, heç Ayaz Mütəllibovun özünün komandası da yox idi. Yəni ölkənin birinci şəxsi olduğu dövrdə o öz komandasını formalaşdıra bilməmişdi. Təbii ki, 20 noyabrdakı vertolyot faciəsində onun əsas komanda üzvləri sıradan çıxarılmışdı, amma o yenisini formalaşdıra bilməmişdi, cəmiyyətdə də ona qarşı münasibət birmənalı deyildi və əksəriyyət onun prezidentliyinin əleyhinə idi. Bir sözlə, onun qayıtmaq istəyindən xəbərimiz, hakimiyyətdə qala bilməyəcəyindən əminliyimiz vardı.

-Mayın 15-də Bakıdakı mitinqə Naxçıvandan adam göndərmişdinizmi?

-Xeyr, amma burda olan naxçıvanlılar iştirak edirdi və proses nizamlı şəkildə həyata keçirilirdi.

-Bəs Ayaz Mütəllibovun hakimiyyətdən getməsi üçün AXC Naxçıvan şöbəsi nə etdi?

-Biz də Naxçıvanda mitinq keçirdik.

-Mayın 15-də?

-Ondan öncəki günlərdə də Ayaz Mütəllibovun yenidən hakimiyyətə qayıtması cəhdlərinin əleyhinə.

-Ayın neçəsində?

-Ayın 14-də. Ümumiyyətlə, o dövr Ayaz Mütəllibovun Naxçıvanda demək olar ki, heç bir gücü yox idi. Sadə camaatdan əlavə hətta onun dövründə vəzifədə işləyən məmurlar belə onu qəbul etmirdi.

-Təbii ki, Heydər Əliyevin Ali Məclis sədri olduğu Muxtar Respublikada başqa cür ola bilməzdi...

-Sözsüz ki, Heydər Əliyevin də Ayaz Mütəllibovun qayıtmasına qarşı özünəməxsus etirazı vardı.

-Heydər Əliyev AXC-nin keçirdiyi 14-15 may mitinqlərinə qatılmamışdı?

-Xeyr.

-Çağıran da olmamımışdı onu mitinqə?

-Xeyr.

-Axı o vaxt o AXC üzvü deyildimi?

-1991-ci ilin oktyabrında AXC-nin konfransında iştirak etdi və açıq mətnlə ifadə etdi ki, elə mən də Xalq Cəbhəsinin üzvüyəm. Elə mənimlə söhbətində də demişdi ki, mən də sizinlə bir yerdəyəm.

-Ona AXC üzvü kimi vəsiqə verilmişdi?

-Xeyr, vəsiqəsi yox idi və rəsmi olaraq nə müraciət etməmişdi, nə üzvlüyə qəbul olunmamışdı.

-Rəsul Quliyev Moderator.az-a müsahibəsində deyib ki, hadisəni Türkiyədə eşidib və səhərisi gün-mayın 15-də Naxçıvana gələrək Heydər Əliyevlə saatlarla çəkən söhbət aparıb. Sizin onun gəlişindən və apardığı danışıqlardan xəbəriniz oldumu?

-Xəbər tutduq, amma nələri müzakirə etdiklərini bilmədik.

-Rəsul Quliyev AXC-nin 15 mayda hakimiyyətə gəlişini dövlət çevrilişi adlandırıb.

-Mən bunu qəbul etmirəm. Əksinə, Ayaz Mütəllibovun gedəndən sonra ikinci dəfə təzyiqlə qayıtması əslində dövlət çevrilişi idi. Amma o dövrün prizmasından yanaşdıqda bu hadisələri dövlət çevrilişi adlandırmaq doğru olmazdı. Çünki ölkədki qarmaqarışıqlıq tez-tez hakimiyyət dəyişikliyini diqtə və labüd edirdi.

-Rəsul Quliyevlə ümumiyyətlə Naxçıvanda təmaslarınız olubmu?

-Xeyr, ümumiyyətlə heç vaxt onunla görüşməmişəm.

-14-15 may hadisələrinə Heydər Əliyevin münasibəti necə oldu?

-Sözsüz ki, birmənalı olaraq Ayaz Mütəllibovun qayıtmasına qarşı idi. AXC-nin də hakimiyyətə gəlməsinin əleyhinə deyildi. Açığı, 92-ci ilin ortalarınadək Heydər Əliyevin ümidi vardı ki, Xalq Cəbhəsi məhz prezidentliyə onun namizədliyini irəli sürəcək. Hətta onun Naxçıvana yeni gələndə AXC-yə münasibəti, istər əhali arasındakı çıxışı tamam fərqli idi. Amma 92-ci ilin ortalarından Heydər Əliyevlə AXC arasında konfliktlər yaranmağa başladı.

-Bu münaqişələrin yaranmasında Naxçıvan şöbəsi olaraq siz də məsuliyytə daşıyırdınız. Şəxsən o vaxt mən AXC Naxçıvan şöbəsinin sədri olsaydım hansısa formada onu ya yola gətirər, ya da neytrallaşdırardım. Yəni elə bir adamın AXC-yə rəqib olmasının fəsadlarını hesablamamaq ağılsızlıq olardı...

-Bilirsiniz, Heydər Əliyev müstəqil siyasət aparır və mərkəzi hakimiyyətlə hesablaşmırdı. O Ali Məclisin sədri kimi təkbaşına İranla, Rusiya və Türkiyə ilə separat danışıqlar aparırdı. Onun hər üç ölkə rəhbərliyi ilə geniş əlaqələri vardı. AXC iqtidarının süqutunda da əsas rolu Türkiyə oynadı. O dövrdə mən rəhmətlik Elçibəyin məktubu ilə Türkiyədə yüksək səviyyəli danışıqlar aparanda da vəziyyətin necə olduğunu görürdüm. İstər Türkiyədəki bütün güclü partiya rəhbərləriylə, istər dövlət rəsmiləriylə görüşlərimdə Türkiyə hakimiyyətinin içərisində Azərbasycana qarşı ikitirəlilik olduğunu gördüm. Süleyman Dəmirəl AXC-nin iqtidardan getməsini istəyirdi və o heç bunu gizlətmirdi də. Mərkəzi hakimiyyəıtin başı üzərindən onun Naxçıvana 100 milyon vəsaitin ayırması Elçibəyin hakimiyyətdən getməsinə xidmət edirdi. Təsəvvür edin ki, Elçibəy çətin anlarda Ankaraya etdiyi xahişlərə ya mənfi cavab alırdı, ya da yersiz süründürməçilklə qarşılanırdı. Kəlbəcər ermənilər tərəfindən işğal olunanda isə Dəmirəl AXC hakimiyyətinin ən qısa zamanda getməsini istədiyini aşkar şəkildə ortaya qoydu və Elçibəyin mülki əhalini çıxarmaq üçün helikopter istəməsinə sayğısızlıq göstərdi. Bundan başqa da çoxsaylı məsələlər vardı ki, Türkiyənin imtinası Heydər Əliyevin hakimiyyətə gətirilməsinə hesablandığı sirr deyildi. Heydər Əliyevlə AXC-nin münasibətlərinin qırılmasının bir səbəbi də beynəlxalq güclərin artıq açıq şəkildə bizim hakimiyyətdən getməsini istəmələrini Heydər Əliyevin üzərində qurmağa başlaması idi.

-Heydər Əliyevə AXC-də hər hansı vəzifə verilməsi, onun Bakıya dəvət edilərək Elçibəylə görüşdürülməsini, ümumiyyətlə onun AXC iqtidarına qarşı incikliyinin aradan qaldırıması üçün heç təşəbbüs göstərdinizmi?

Ardı var...





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net