Rəsul Quliyev iş adamlarının həbsindən danışdı
Tarix: 14-05-2015, 10:36 |
Çap et
“Azərbaycanda həbs edilən iş adamları normal biznesmenlər deyillər”. Bunu Modern.az saytına açıqlamasında ABŞ-da mühacirətdə olan eks-spiker Rəsul Quliyev deyib.
O, son günlər Azərbaycanda iş adamlarının kütləvi həbsinə münasibət bildirərkən qeyd edib ki, bunun ətraflı izahı var. R.Quliyevin sözlərinə görə, bu həbslər elə bir xarakter daşıyır ki, onu bir neçə cümlə ilə şərh etmək olmaz.
Yaxın zamanlarda məsələ ilə bağlı geniş açıqlama verəcəyini deyən Rəsul Quliyev həbslərin səbəblərinin neft qiyməti faktoruna sökəndiyini bildirib:
“Bu məsələ aktuallığını uzun müddət saxlayacaq”.
Qeyd edək ki, “PNN Group” şirkətinin təsisçisi və sahiblərindən biri Nizami Piriyev, “Globus Plaza”nın sahibi, eks-deputart Dünyamin Xəlilov, “Xəzər adaları” layihəsini reallaşdıran "Avesta" holdinqin sahibi Hacı İbrahim Nehrəmli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar.
Bakının Nərimanov rayon Məhkəməsinin qərarı ilə Nizami Piriyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, dələduzluq və ictimai əmlakın talanması maddələri ilə təqsirləndirilir.
Bununla yanaşı Dövlət Bayrağı Meydanının keçmiş rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədovun da hazırda MTN-in istintaq təcridxanasında saxlanıldığı bildirilir.