İqbal Ağazadə: “Qərb iqtidara deyir ki, demokratiyanın faizini qaldır...”
Tarix: 6-05-2015, 10:03 |
Çap et
Azərbaycan önəmli bir mərhələyə qədəm qoyub. Hakimiyyət böyük maliyyə yatırdığı Avropa Oyunlarından qazanacağı dividentləri hesablamaqla yanaşı, noyabrda gözlənilən parlament seçkisinin hazırlıqlarına da başlayıb. Bu arada iqtidar mediasında anti-Qərb çıxışları genişlənib. Digər tərəfdən, iqtidar ictimai çəkisi o qədər də yüksək olmayan partiyalarla dialoqu davam etdirmək niyyətini açıqlayıb.
“Yeni Müsavat”ın bugünkü ictimai-siyasi gündəm, ölkədə, eləcə də beynəlxalq aləmdə Azərbaycanla bağlı gedən proseslər haqqında suallarını Ümid Partiyasının sədri İqbal Ağazadə cavablandırır.
- İqbal bəy, son açıqlamanızda “dialoq məsələsi”nə görə “Azadlıq 2015" blokundakı partiyaları möhkəm iynələmisiz. Bizim üçün açıq qalan bir məsələ var. Qabaqlar görüş üçün bütün partiyalara müraciət olunurdu. Bu dəfə Ümid Partiyasına, ADP-yə, Müsavata müraciətlər yoxdur. Proses yalnız ”Azadlıq 2015" bloku çərçivəsində gedir. İqtidarla siyasi partiyaların görüşü prosesində bizim qaçırdığımız yeni detalmı var?
- Mən “Azadlıq 2015" blokunu iynələməmişəm, sadəcə, mövqeyimi ifadə etmişəm. Dialoq başlayanda da bizim siyasi partiyalara çağırışımız olmuşdu, demişdik ki, hər bir partiyanın dialoqa gedib mövqeyini bildirməsini müsbət qarşılayırıq. Siyasi partiyaları dialoq adı ilə mövqe dəyişməyə çağırmırlar ki? Biz də iştirak etdiyimiz bütün görüşlərdə mövqeyimizi açıq demişik. Məsələn, mən görüşdə seçki məsələsinin müzakirə olunmasının tərəfdarı deyildim. Çünki bu formatda seçki ilə bağlı obyektiv fikrə gəlmək, müzakirələr nəticəsində Seçki Məcəlləsini dəyişmək mümkün deyil. Milli Məclis yay tətilinə çıxır, ardınca olimpiada olacaq, avqust ayında seçki prosesi başlayır, yəni bütün bunları operativ həyata keçirmək nələrisə dəyişməyəcək. Dialoqa niyə bəzi partiyaları çağırıblar, bəzilərini çağırmayıblar məsələsi də hakimiyyətin problemidir.
- Sizin bu formata münasibətiniz necədir?
- Mən keçən dəfəki danışıqlarda formata etiraz etmişəm.
- Bu etirazın nəticəsidirmi ki, siz növbəti danışıqlara dəvət edilməmisiz?
- Bilmirəm. Mən formata ona görə etiraz edirdim ki, orada partiya statusuna cavab verməyən yetərincə partiyalar var. Mən kimlərinsə ictimai-siyasi nüfuzunun olmadığını demirəm, sadəcə, bu partiyaların arxasında baza olduqca zəifdir. Açıq deyək ki, onların çoxu konfranslar keçirməyi unudublar. Nəinki rayon şöbələrini yaratmaq bir yana, ali orqanlarının toplantısını keçirməyi unudublar.
“Orda partiyalar var ki, hələ möhür davası eləyir. Birinin arvadı möhürü götürüb evinə aparıb, o birisi o möhürü ondan almaq istəyir...”
- Təklifiniz nədir?
- Ədliyyə Nazirliyi araşdırsın ki, hansı partiyanın yerli qurumları var. Bilinməlidir ki, kimlərin təsiretmə imkanları yüksəkdir. Format bu araşdırmaların nəticələrinə uyğun müəyyən edilməlidir. Birinci görüşə iqtidaryönlüləri dəvət etmişdilər. Yaxşı ki, sonradan onları çıxardılar... Orda elə partiyalar var ki, hələ möhür davası eləyirlər. Birinin arvadı möhürü götürüb evinə aparıb, o birisi o möhürü ondan almaq istəyir... Bu şəxslərlə ölkənin problemlərini həll etmək mümkün deyil.
- İqbal bəy, məzmun özü də maraqlıdır. Təklif olunur ki, Avropa Oyunları ilə bağlı müzakirələr aparılsın. Nə deyirsiz bu məsələyə?
- Bizə belə təklif gəlməyib.
- Təklif olsa, gedəcəksizmi?
- Mütləq gedəcəyik.
- Bu, Azərbaycan hakimiyyəti üçün çox həssas bir mövzudur. Sizin mövqeyiniz maraqlıdır.
- Mən olimpiadanı birmənalı dəstəkləyirəm. Dünən gənclərlə görüşdüm. Onlara primitiv bir misal çəkdim. Dedim, çoxlarınız kənd yerində böyümüsüz. Cəmiyyətin və ailənin inkişafı üçün şəhərdən çox qonağı gələn ailədəki inkişafla heç bir qonağı gəlməyən ailənin inkişafı arasında fərqləri görmüsünüz.
- Çox primitiv müqayisə deyilmi?
- Primitiv olduğunu başlanğıcda özüm qeyd etdim. Biz avropalıları ölkəmizə daha çox dəvət etməklə özümüz avropalıların bir hissəsi olduğumuzu dərk edəcəyik, digər tərəfdən də avropalılara qəbul etdirəcəyik ki, biz yalnız Şərqin deyil, Avropanın da bir parçasıyıq. Gəlin, məsələyə başqa açıdan da baxaq. Bundan yaxşı informasiya və mesaj vermək imkanımız harda ola biləcək ki? Hansı ölkələrin mətbuatı, elə bütövlükdə götürsək, bir qitə, olimpiada olmasa, Azərbaycanla bu qədər maraqlanacaq? Hər kəs öz bildiyini desin - iqtidar tərif etsin, biz problemlərdən danışaq. Əsas odur ki, daha çox təmas qurulsun.
- Ancaq bir ajiotaj da var. Səbəb nədir? Niyə Qərbin bir sıra dairələri hakimiyyəti qızışdıracaq səviyyədə rəsmi Bakının üzərinə gəlir? Bunlar gerçəkdən də erməni lobbisi və Azərbaycanı gözü götürməyən qüvvələrdirmi, yoxsa başqa bir məsələ var?
- Yox. Belə deyil. Yadınızdadırsa, mən sizə müsahibələrimin birində demişdim ki, Azərbaycan Avropanın, Qərbin yanındadır. Rusiya zəiflədikcə, Qərb demokratikləşmənin faizini yüksəltmək tələbləri ilə Azərbaycanın üzərinə gələcək. Qərb artıq deyir ki, biz Rusiyanı zərərsizləşdirdik, sizin Rusiya kimi bir təhlükəniz yoxdur, demokratiyanın faizini qaldırın. Rusiya Ukrayna hadisələrindən sonra artıq qonşu ölkələrlə münasibətdə daha az aqressivdir. Aqressivlik tamam yoxa çıxmayıb, bəyanatlar davam edir, hərəkətlər isə azalıb.
Bir il, yarım il öncə Avrasiya Birliyi ilə bağlı proqnozlar yadınızdadırmı? 2015-ci ilin may ayında artıq Avrasiya Birliyi Sovetlər Birliyinin yeniləşmiş modeli kimi tam şəkildə fəaliyyətə başlamalı idi. Varmı ortada belə bir birlik? Yoxdur. Buna görə biz hamımız Ukraynaya minnətdar olmalıyıq. Rusiyanın bu zəifləmə məqamında Qərb Azərbaycana deyir, demokratikləşmənin faizini qaldıracaqsız, daha Rusiya təhdidi əvvəlki deyil; bizə deməyin ki, siz bizi bir tərəfdən sıxırsız, Kreml bir tərəfdən, İran da bir tərəfdən; əgər kiçik də olsa, demokratik açılım etsək, kataklizmlər yaranar. Bəzən deyirlər ki, Azərbaycan Avropa ilə Qərblə çəkişir. Çəkişmə yoxdur, söhbət bütünlükdə demokratikləşmədən gedir. Artıq gündəlikdə yalnız insan haqları məsələsi deyil. Söhbət yalnız insan haqlarından getsəydi, çox rahatca bazarlığa çıxardılar, 3-5 siyasi məhbusu buraxardılar, minnətdarlıq alardılar.
- Demokratiyanın təməlində insan haqları dayanmırmı?
- Bu təməl deyil, görünən tərəfdir.
“Ən dəhşətlisi də odur ki, bütün bu şayiələrin hamısının ictimai rəyə ötürülməsi müxalifətin rəhbərliyindən və funksionerlərindən keçir”
- Bizi təəccübləndirən də odur ki, Azərbaycan hakimiyyəti adətən bu cür məsələlərdə əfv fərmanları ilə manevr edib vəziyyətdən çıxır. Ancaq indi prezident səviyyəsində bir bəyan var ki, bizi sıxırlar. Hətta Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyir ki, elə dəhşətli şəkildə sıxırlar ki... ancaq açıqlaya bilmirik. Nə baş verir?
- Mən Novruz Məmmədovun mesajlarını təkcə Qərbə ünvanlanmış mesajlar saymıram. Novruz Məmmədov bu sözlərin arxasında çox rahatca manevr edə bilər, hətta xarici siyasət idarəsi də edər, deyə bilər ki, biz Rusiyanı nəzərdə tuturduq, bizə dəhşətli basqılar var. Ancaq hədəf göstərilmir. Dövlət hələlik bununla bağlı heç bir yerdə rəsmi mövqe qoymayıb. Dövlətə yaxın olan qurumlar, strukturlar, media mövqe bildirir. Bunu əsaslandırmağa yerlər də var. Məsələn, Con Kerri ilə bağlı. Con Kerrinin ermənilərlə sıx münasibəti göz önündədir - bunu hər kəs bilir. Azərbaycan cəmiyyəti də özü üçün həssas bir məsələdə Con Kerriyə basqı göstərir. Hədəf ABŞ hökuməti deyil, fərdin Ermənistan-Azərbaycan münaqişəsində tutduğu tərəfli mövqe ona qarşı iradlara səbəb olub. Azərbaycan hökuməti xarici siyasətdə bütün manevr imkanlarını saxlayır. Hətta mediada hansısa analitik yazılar ortaya çıxırsa belə, Azərbaycan xarici siyasət idarəsi çox rahatca deyə bilər ki, demokratiyadadır, müəllif müstəqil mövqe bildirib. Qərbin Azərbaycanda demokratikləşmə tələbləri isə konkretdir.
- Söhbət necə bir açılımdan gedir?
- Bu açılım insan haqlarına da, seçkilərə də, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə də, siyasi institutlara da aiddir.
- Saydığınız spektrlərin hamısı ölü vəziyyətindədir.
- Elə Qərb də istəyir ki, bu ölü nöqtədən irəli gedilsin. Bunların üzərindən də Azərbaycan hökumətinə geniş demokratikləşmənin vacibliyi mesajları göndərilir. Hakimiyyət də bundan narahatdır əslində. Əslində Azərbaycanda demokratikləşmə prosesi başlayıb.
- Bu tələblərin yerinə yetirilməsi üçün Azərbaycana təsir mexanizmləri nələr ola bilər?
- Mexanizmlər çoxdur. Azərbaycanın siyasi, iqtisadi tərəfdaşları nə Şərqdə, nə də postsovet məkanında deyil, birmənalı olaraq Qərbdədir. Qərb Azərbaycanın daxilini çox yaxşı bilir. Bugünlərdə çıxışlarımdan birində demişdim ki, Azərbaycan insanı iqtidardan inqilab edə biləcək qədər narazı deyil.
- Arxasını da demişdiz. “Azərbaycan insanı hakimiyyətdən seçkidə ona səs verməyəcək qədər narazıdır, seçkilərə hazırlaşaq”... Bu qədərmi seçkiyə önəm verirsinız?
- Əlbəttə ki...
“Cəmil Həsənli bütün seçki prosesi boyu var gücü ilə çalışdı ki, xalq seçki prosesində iştirak etməsin”
- Bu, Azərbaycan insanı üçün qəribədir amma...
- Hakimiyyət bu mexanizmi ömrü boyu ustalıqla işlədib. Diqqət edin, qarşıdan 2015-ci ilin parlament seçkisi gəlir. Bütün televiziyalarda xəbərlər yayılır ki, bizdə inqilab hazırlayırlar, rəngli inqilablar üçün planlar cızılır. O şey ki, mümkün deyil, o şey ki olmayacaq, Azərbaycan seçicisinin bütün diqqətini oraya yönəldirlər. Azərbaycan seçicisi də seçkini, filanı, hər şeyi buraxır. Ən dəhşətlisi də odur ki, bütün bu şayiələrin hamısının ictimai rəyə ötürülməsi müxalifətin rəhbərliyindən və funksionerlərindən keçir. Onlar bunu həzm-rəbedən keçirib, bu informasiyaları ictimaiyyətə sırıyırlar. Belə təəssürat yaradılır ki, seçkidə heç nə dəyişmir. Bu gün sosial şəbəkədə seçki ilə bağlı bir şərh yazın və reaksiyalara baxın. O şərhin altından nə qədər insan sizə sual verəcək ki, siz seçki prosesinə inanırsız? Bəli, hakimiyyət istəyir ki, seçkiyə yetərincə az insan gəlsin, xalq prosesdən kənarda qalsın. Seçkidə bir iqtidar, bir müxalifət qrupu qalsın. Qrupların mübarizəsində iqtidar hər zaman güclüdür. Xalq olan yerdə isə yalnız xalq güclüdür. Ona görə də əgər iqtidar gerçəkdən seçki prosesinin olmasını istəsə, axşama qədər televiziyadan hamını seçkiyə səsləyər.
- Müxalifətin də vəzifəsi bu siyasəti ifşa edib xalqı seçkiyə çağırmaq deyilmi?
- Bəli. Ancaq özünü qatı müxalifətçi adlandıran kəsim biz insanları seçkiyə çağıranlara da deyir ki, siz seçkiyə inanırsız, yəqin yenidən deputat olmaq, siyahıya düşmək istəyirsiz? Yaxşı, onda niyə mübarizə aparırsız? İqtidar iki şayiəni klassik şəkildə ictimaiyyətə yeridib. Birincisi, seçicini inandırıblar ki, sənin səsin heç nəyi həll etmir, ikincisi, seçilənlərin hamısı mənimlə razılaşdırılmalıdır. Bu gün istənilən seçici ilə ilk təmasda verilən birinci klassik sual “yuxarı ilə razılaşmısız”dır.
- Bu həm də reallıqdır axı. Azərbaycanda illərdir seçki yox, təyinat var.
- Reallıq deyil. Reallıq odur ki, Azərbaycan iqtidarı seçicini seçkiyə gəlməyə qoymur. Bunun alt yapısını hazırlayıb, qalan məsələləri də özü təşkil edir. Adlarını çəkməyəcəm, Azərbaycan müxalifətinin partiya sədrləri və müavinləri, funksionerləri səviyyəsində ən çox səs toplayan şəxs - Rauf Arifoğlu istisna olmaqla, Rauf bəy 3 min səs yığmışdı - 2200 səsi keçə bilmir. Əhalinin seçkiyə marağı son dərəcə azdır. “125-lər” çərçivəsində biz yalnız 70 namizəd müəyyənləşdirə bilmişik. Azərbaycan müxalifətinin ayrı-ayrı qruplarına baxın. Söhbət namizəd olacaq şəxslərdən getmir. 125 yox, lap 325 namizədi yazaram da, verərəm də. Mübarizə apara biləcək 125 adamı ortaya çıxarmaq üçün uzun zaman lazımdır.
- Bütün dairələrdə adamınız varmı?
“İqtidar iki şayiəni ictimaiyyətə yeridə bilib. Birincisi, seçicini inandırıblar ki, sənin səsin heç nəyi həll etmir; ikincisi, seçilənlərin hamısı mənimlə razılaşdırılmalıdır”
- Cəmi 70 namizədimiz var.
- Ancaq adını “125-lər” qoymusuz...
- Qoymuşuq, ancaq bu istəyə çata bilməmişik. Reallıq budur.
- Bəlkə elə hamınız yığışıb bu müxalifət işini buraxasız?
- Mən müxalifət işi ilə məşğul deyiləm.
- Hakimiyyət bu qədər güclüdürsə, müxalifətin çevrəsi bu qədər zəifdirsə, namizəd olacaq adamlar tapmaq mümkün olmursa, bəlkə ümumi bir toplantı keçirib özünüzü buraxasız?
- İmkan verirsizmi? 2013-cü il seçkisində biz Milli Şura projesinin harada olduğunu dedik. Siz də sağ olun, müəyyən mənada prosesin içərisində olduz, getdiz o namizədə dəstək verdiz ki, onun bütün oyunu hakimiyyətin xeyrinə quraşdırılmışdı.
- Siz deyirsiz ki, Cəmil Həsənlinin namizədliyi hakimiyyətin xeyrinə idi?
- Bəli. Azərbaycan seçicisinin seçki prosesində iştirak etməsini iqtidar istəmir - bunu bayaq dəfələrlə dedik. Cəmil Həsənli bütün seçki prosesi boyu var gücü ilə çalışdı ki, xalq seçki prosesində iştirak etməsin.
- Etməsin?
“Qərb artıq deyir ki, biz Rusiyanı zərərsizləşdirdik, sizin Rusiya kimi bir təhlükəniz yoxdur, demokratiyanın faizini qaldırın”
- Bəli, etməsin. Cəmil Həsənli deyirdi ki, bu hökumət 48 milyard pul oğurlayıb... Bizdə xalq hər zaman düşünür ki, kimin pulu varsa, o qalibdir. İnsanlar düşünür ki, bu qədər oğurlayıbsa, mən buna nə edə biləcəm?
Cəmil Həsənli ardınca dedi ki, bu hakimiyyət gənclərin, dindarların cibinə narkotik atıb onları tutur, şərləyir, balalarımıza işgəncə verir. Xalq da düşündü ki, mənim balamı da zindana atacaq, prosesin dalınca getməyim. Sonra bildirdi ki, hakimiyyət xaricdə nüfuzlu şəxsləri “alır”, kürü diplomatiyası ilə Avropa təsisatlarını zəbt edir. Xalq düşündü ki, iqtidar hamını ala bilirsə, demək, bu dəfə də alacaq... Bu halda, bu təqdimatlardan sonra seçici nəyə baxıb prosesə qatılmalıdır?
- Sizcə, seçkiöncəsi çıxışlarda həqiqətləri gizlətmək gərək idi?
(ardı var)