Milli Şura təxribata hazırlaşır
Tarix: 25-04-2015, 12:22 |
Çap et
Milli Şuranın Koordinasiya şurasının ötən gün keçirilən toplantısında mayın 3-də mitinq keçirilməsi barədə qərar qəbul edilib.
“Unikal”ın məlumatına görə, bu barədə MŞ-nın Mətbuat Xidmətinin rəhbəri Oqtay Gülalıyev informasiya verib. O bildirib ki, mitinq "Talana son” şüarı ilə Məhsul stadionunda keçiriləcək. Mitinqi razılaşdırmaq üçün gün ərzində Bakı Şəhər İcra hakimiyyətinə müraciət ediləcək.
Məsələylə bağlı “Unikal”a açıqlama verən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib ki, Milli Şura artıq mitinq adı ilə özünü siyasi gündəmdə saxlamaq niyyəti güdür: “Bu adamlar yaxşı bilirlər ki, cəmiyyət heç bir halda nə Əli Kərimlinin , nə də Cəmil Həsənlinin çağırışı ilə mitinqlərə gəlmirlər, dəstək vermirlər. Ona görə də yalnız öz yaxın ətrafı, qohum-əqrəba və bir də təcrübəsiz gənclər bunların yanında olurlar. Odur ki, bir daha bu qurum öz "mövcudluğunu" beynəlxlaq təşkilatlara və bəzi siyasi dairələrə göstərmək üçün "mitinq" şousundan istifadə edirlər. Birmənalı şəkildə deyirəm ki, Əli Kərimli mitinq şousu göstərməklə məşğuldur”.
Digər müxalifət qüvvələrinin Milli Şuraya dəstək verməsi mümkündürmü? Sualımızı cavablandıran BAXCP yetkilisi deyib ki, özünə hörmət edən hər hansı siyasi təşkilatın Əli Kərimliyə və ya Cəmil Həsənliyə dəstək verməsinə inanmır: “Əksinə , baxın 2013-cü ildə birgə yaratdığı Milli Şuranı hansı partiyalar tərk etdi. Müsavat partiyası, KXCP, Liberal, Rəsul Quliyevin partiyası, və onlarla şəxs. 130 nəfərlə təsis olunan Milli Şuradan faktı 70 nəfərə yaxın adam istefa verib, qurumu tərk edib. Bu gün həmin qurumda 5-10 nəfər Əli Kərimlinin partiyasında olan şəxslər və hakmiyyətdən qovulan, bütün günü vəzifə eşqi ilə yaşayan Gültəkin Hacıbəylilərdən başaq kimsə yoxdur”.
AMİP Siyasi Şurasının üzvü Əli Orucov isə “Unikal”a açıqlamasında deyib ki, Milli Şuranın bundan əvvəl keçirdiyi iki mitinq göstərdi ki, cəmiyyət hələ siyasi proseslərdə fəal iştiraka hazır deyil: “Eyni zamanda,şəxsi problemlər məişət zəminidən sosial-syasi problemlə çatmayıb və fərdilıkdən ümumiliyə keçməyib.Amma bu çox təhlükəli haldır. Çünki narazılıqların içə salınması, məhdud müzakirə xarakteri alması çıxış yolu göstərmir və alternativlər ortaya qoymayır.Bu,daxili narazılıqları və böhranı daha da sakit axarla dərinləşməsinə istiqamət götürür. Milli Şuranın mitinqləri bunu bir daha əyani şəkildə ortaya qoydu. O da məlum oldu ki, insanlar çıxış yollarını siyasi mübarizədə və siyasi proseslərə qatılmada görmür, yaxud da inanmırlar. Lakin ətrafdakıları nəzərə alıb və qarşıdakı siyasi proseslərin axarını diqqətə alıb demək olar ki, növbəti mitinqlər ola bilsin bir qədər əvvəlkilərdən fərqlənsin. Kütləvilik vacibdir.Lakin cəmiyyətin siyasi cəhətdən fəallaşdırılması, maarifləndirilməsi və siyasi proseslərə rəng qatılması həm də müxalifətin vəzifəsidir”.
“Unikal”ın məlumatına görə, Müasir Müsavat Partiyası 3 may tarixində mitinq keçirmək üçün bu gün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcək.Partiya sədri Hafiz Hacıyev bildirib ki, onlar bu mitinqi Milli Şuraya cavab olaraq təşkil edirlər.Təşkilat işləri isə ənənəvi formalardan fərqli aparılır: "Milli Şura onsuz da meydanı doldura bilmir. Biz Bakı Şəhər İcra Hakimiyyətinə 3 may tarixində "Məhsul” stadionunun digər tərəfində mitinq keçirmək üçün müraciət edəcəyik.Mitnqdə çıxış prosesini isə bir neçə formada düşünmüşük. Əvvəla qeyd edim ki, biz boçkalardan ibarət tribuna qurmağı fikirləşirik. Stadionun böyük bir qismi boş qalır. Biz də orada aksiya edəcəyik. İkincisi isə artıq 10 ədəd at hazırlamışıq.Çıxışımızı at belində etməyi də düşünürük. İndidən 4 dənə də xoruz almışam. Sonda mitinqin qətnaməsinin yerinə həmin xoruzların boynuna Kərimov Əli və Həsənov Cəmilin qalstuklu şəkillərin asıb, onları göyə uçuracağıq. Mitinqlə bağlı artıq bir neçə təşkilatla görüş keçirmişik. Bu gün də razılaşma üçün Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi məktubumuzu göndərəcəyik. Avropa Oyunları yaxınlaşdıqca bir sıra tədbirlər nəzərdə tutmuşuq ki, onların da zaman keçdikcə şahidi olacaqsınız”.
“Unikal”ın əməkdaşı Milli Şuranın rəhbərliyində qəbul olunan son qərar barədə ilginc məlumatlar əldə edib. Aldığımız məlumata görə,Əli Kərimli ilə Cəmil Həsənli budəfəki mitinqdə təxribat törətmək niyyətindədirlər: “Bildiyiniz kimi, Əli Kərimli hələ ötən mitinqdə bu niyyətini gerçəkləşdirmək istəyirdi, amma o zaman nəzarət güclü olduğundan mümkün olmadı. Amma Avropa Oyunları yaxınlaşdığı üçün Qərbdəki havadarlarından sifariş alan Əli Kərimli növbəti mitinqdə təxribat olması üçün əlindən gələni edəcək.Çünki mitinqlərə adamların az gəlməsi onların heç bir dayağının olmadığını göstərir. Ona görə də təxribatla səs-küy yaratmağa çalışacaq. Onlar bununla Azərbaycan hakimiyyətinin də təzyiq altına düşməsinə çalışırlar. Hər halda, belə bir plan var.Yəqin ki, müvafiq qurumlar onların bu niyyətini nəzərə alıb lazımi addımlar atacaq”.