"Sabir Rüstəmxanlı bir tərəfdən Ziya Məmmədovla qohumdur, o biri tərəfdən də Milli Şurada təmsil olunur"
Tarix: 21-04-2015, 09:46 | Çap et
"Sabir Rüstəmxanlı bir tərəfdən Ziya Məmmədovla qohumdur, o biri tərəfdən də Milli Şurada təmsil olunur"
Məlum olduğu kimi, Müsavat Partiyası mitinq keçirməkdən yayınıb və bunun təqsirini Bakı Şəhər İcra Hakimiyyətində olduğunu bəyan edib. Ancaq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının aprelin 19-na təyin etdiyi etiraz yürüşü ətrafında yaranmış anlaşılmazlığa münasibət bildirib.

BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov bildirib ki, yürüşün təşkilatçılarından olan Razim Əmiraslanlı ilə BŞİH-də görüş keçirilib və ona qurumun rəsmi mövqeyi açıqlanıb: "Yürüşün nə üçün məqsədəuyğun hesab edilmədiyi barədə partiya funksionerinə məlumat verilib. Bildirilib ki, aprelin 19-da keçmiş "Məhsul" stadionunda mitinqlə bağlı müraciətə baxıla bilər. Ancaq onlar bizə təkrar müraciət etməyiblər".
Müsavat Partiyası isə müraciətə rəsmi məktubla cavab verilməsini istəyir. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı açıqlamasında bildirib ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun və dövlət orqanlarının vətəndaşların müraciətlərinə qanunla müəyyən edilmiş müddətdə yazılı cavab verməkdən imtina edilməsinə görə məhkəməyə müraciət ediləcək. G.Aslanlı onu da qeyd edib ki, partiya aprelin 19-na təyin edilən etiraz yürüşünü razılıq olmadan keçirmək fikrində deyil: "Aprelin 20-də Müsavat Divanının iclasında mövqeyimizi bir daha açıqlayacağıq".
Bu barədə açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, artıq Müsavat Partiyası tamamilə məhv olub. Onun sözlərinə görə, məhv olmuş bir qurumun aksiya keçirməsi də mümkün deyil: "Müsavat rəhbərliyi elə bir yerdə yürüş keçirmək təklifi veriblər ki, sadəcə olaraq, mümkün deyil. Həmin prospektdə iki maşın yan-yana gedə bilmir. Yəni, özləri də bilirdilər ki, həmin yerdə aksiyaya icazə verilməyəcək. Bakı Şəhər İcra Hakimiyyəti də ağıllı şəkildə cavab verdi ki, Məhsul stadionunda nə qədər istəyirsiniz, mitinq edin. Amma bunlar mitinq keçirə bilməyəcəklərini bildiklərinə görə bunu bəhanə elədilər. Onların heç bir gücü yoxdur, ətraflarında da üç-beş adam qalıb. Arif Hacılı partiyanı dağıtdı, indi kommersiya işi ilə məşğuldur. Deyəsən, indi də pal-paltar alverinə girişiblər".
MMP sədri onu da bildirib ki, Arif Hacılı ilə İsa Qəmbər bu bəhanədən istifadə edərək Türkiyəyə getdilər: "Sabir Rüstəmxanlı bir tərəfdən Ziya Məmmədovla qohumdur, o biri tərəfdən də Milli Şurada təmsil olunur. İndi də Azərbaycan xalqına xəyanət edən Arif Hacılı ilə İsa Qəmbəri Türkiyəyə aparıb ki, ermənilərlə gizli görüş keçirsinlər. Bilmirəm,bunlar Azərbaycan dövlətinə işləyirlər, yoxsa yox? Heç olmasa, qohumu Ziya Məmmədov Sabir Rüstəmxanlıya demir ki, nə iş görürsünüz? İndi mən məcburam ki, əlimdə olan faktları ölkə başçısına çatdıram".
Müsavat başqanının keçmiş müşaviri Hüseyn Məlik açıqlamasında deyib ki, "Müsavat Partiyası rəhbərliyi yürüş mitinq üçün müraciət edəndə bilirdi ki , icazə verilməyəcək. Bu, sadəcə blef idi. Blef edirlər də, demək istəyirlər ki , biz də mitinq edə bilərik. Təbii ki, hakimiyyət icazə versə. Mən düşünürəm ki, Müsavat indiki vəziyyətində heç piket də edə bilməz".
Müsavat Partiyası başqanlığına sabiq namizəd Tural Abbaslı deyib ki, aprelin 19-na təyin etdiyi etiraz yürüşü ilə bağlı qərar yanlış idi. O bildirib ki, etiraz yürüşü ilə bağlı qərar verilərkən bəzi nüanslar nəzərlə alınmayıb.Onun sözlərinə görə, hazırda Müsavat üçün əlverişli siyasi dönəm deyil: "Müsavat Partiyası 100 ilin partiyasıdır və bu müddət ərzində Müsavatda elektorat problemi olmayıb. Amma dönəm-dönəm hər bir partiya gərgin məqamlardan keçib. Bu gün də Müsavat Partiyası üçün əlverişli siyasi dönəm deyil. Bu dönəmdə partiya rəhbərliyində olan şəxslər zamanına uyğun qərarlar və addımlar atmalıdırlar. Yəni, bugünkü siyasi şəraitdə bütün faktorlar nəzərə alınaraq qərar verilməlidir. Ancaq belə görünür ki, rəhbərlikdə olanlar ya bu məsələləri nəzərə almırlar, ya da nəzərə alacaq təcrübələri yoxdur ki, belə vəziyyət yaranır. Yürüş-mitinq keçirmək hər bir partiyanın hüququdur. Ancaq bu gün mitinq keçirmək istəyiriksə, bunu keçmiş "Məhsul" stadionunda da edə bilərik. Biz dost olmayan siyasi qüvvələrin qərəzli analizlərinə şərait verməmək üçün gərək addımlarımızı ölçüb-biçib ataq. Mitinq qərarının verilməsində bəzi boşluqlar var idi, bu gün də bu qərarların acı nəticəsini görürük. Bu baxımdan mən hesab edirəm ki, mitinq qərarı hərtərəfli müzakirə olunmadan verilmişdi. Cəmiyyətdəki siyasi aktivlik analiz olunsaydı, indiki məqamda mitinq qərarı verilməzdi".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net