Partiya sədrləri şikayətləndilər: “Oğlum xaricdən mənə pul yollayır”
Tarix: 20-04-2015, 16:52 |
Çap et
Modern. az saytı “Necə dolanırsınız?” rubrikasına davam edir. Bir-birini tanıyan müxtəlif peşə sahibləri rastlaşanda mütləq bir-birindən necə dolandığını soruşur. Biz də onların səsləndirdiyi suala tanınmış siyasətçilər, konkret olaraq pariya liderlərindən cavab almağa çalışdıq:
Azərbaycan Demokrat Partiyasının (ADP) lideri Sərdar Cəlaloğlu nə çox kasıb, nə də çox varlı olduğunu deyir. S.Cəlaloğlu xaricdə yaşayan övladlarından maddi yarım gördüyünü də deyir:
“Hər gün saat 6-da durub namazımı qılıram. Ondan sonra bir az gəzirəm, ya da uşaqları aparıb məktəbə qoyuram. Səhər saat 8-də isə işdə - ADP-də oluram. Axşam saat 7-8-ə qədər işləyirəm. Bir-iki kitab üzərində çalışıram, həmçinin partiyanın idarəetmə məsələləri, gündəlik siyasi prosesləri yaxından izləyirəm. Mənim bir günlük qrafikim əsasən bu cür davam edir.
Dolanışığımızın maddi tərəfinə gələndə isə deyə bilərəm ki, övladlarım xaricdədirlər, onlar mənə maliyyə yardımı edirlər, pul göndərirlər. Nə pis yaşayırıq, nə də xaricdəki siyasətçilər kimi əla durumdayıq. Amma siyasətdə pul çox önəmli faktordur. Pulun azlığı siyasət adamının işlərinə mənfi təsir edir. Nəticədə pulu olmayıb ağlı olan müxalifətçilər arxada planda qalır. Amma pulu olub ağlı olmayan müxalifətçilər özlərin ana müxalifət kimi təqdim edirlər. Ona görə də bir siyasətçi üçün pul çox vacib amildir”.
Vəhdət Partiyasının sədri, sabiq millət vəkili Tahir Kərimlinin maddi imkanı o qədər yaxşı olmasa da, özündən çox partiyanın taleyi üçün narahatdır:
“Maddi durum təəssüflər olsun ki, o qədər də ürəkaçan deyil. Təkcə ailə olsaydı, mən bu sözləri deməzdim. Baxmayaraq ki, övladlarım ali təhsillərini bitirib heç yerdə çalışmasalar da, mən şəxsi həyatdakı problemlərdən gileylənməyi xoşlamıram. Amma təkcə ailə deyil axı! Bilirsiz ki, bizim partiya işimiz də var. Həmin partiyanın mərkəzi qərargahını lazımi şəkildə təmin etmək, aparatın işçilərinə maaş ayırmaq mümkün olmur. Bundan əlavə, əksər partiyada olduğu kimi, biz də partiyamızın bölgələrdəki şöbələrinə maliyyə yardımı edə bilmirik. Amma ora da maddi yardım edilməlidir, bəzi işçilərə maaş ayrılmalıdır. Bz bu gün onu edə bilmirik”.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev maddi çətinliklərlə mübarizə apardığını deyir:
“Mən ümumiyyətlə əvvəldən təmtəraqlı həyata öyrəşməmişəm. Maksimum bazarlığımız həftəlik 50-60 manat olub. Birtəhər dolanmağa çalışmışıq. Biz əvvəlki pis günləri görmüşük, elə indi də pis gündə yaşayırıq. Biz sadəliyə öyrənmişik. İstər nazir olduğum dövrlərdə, istərsə partiya sədri kimi çətinliklərim çox olub. Bu gün də o çətinliklərlə mübarizə aparıram, böyük əziyyətlər çəkirəm. Taleyimiz belə gətirib, neyləmək olar. Manatın devalvasiyası da bir tərəfdən təsir etdi. Hər şey məhdudlaşıb, demək olar ki sürünürük”.
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin isə cavabı qısa olub: “Bir millət vəkili necə dolanmalıdırsa, mən də o cür dolanıram”.