ACLIQ ŞOUSU - Və yaxud "5-ci kolon"un DİETA TAKTİKASI...
Tarix: 15-01-2019, 14:16 | Çap et
ACLIQ ŞOUSU - Və yaxud "5-ci kolon"un DİETA TAKTİKASI...
Əslində bu barədə yazmamaq da olardı. Çünki söhbət həbsdə olanlardan gedir. Necə olsa da, onlar azadlıqdan məhrum ediliblər və baş verənlərlə bağlı şüurlu şəkildə qərar çıxarmaya bilərlər. Amma sonradan "Jam.az" saytının baş redaktoru Fikrət Fərəməzoğlunun verdiyi reaksiya fikrimi dəyişdirdi. Fikrət Fərəməzoğlunun timsalında göründü ki, həbsdə olmaq heç kimə alət olması üçün səbəb yaratmır və dörd divar arasında da şüurlu qərar vermək olar.

***

Gələk, məsələnin əvvəlinə... Mehman Hüseynova qarşı irəli sürülən əlavə ittihamın ardından onun aclıq aksiyasına başladığı duyduruldu. Vöyük hay-küy qoparıldı, sosial şəbəkələrdə bir həngamə salındı ki, sanki bir XALQ QƏHRƏMANINA qarşı hansısa haqsız addım atılıb. Bir-birinin ardından mitinq də təyin etdilər... Hətta həbsdə olan öz üzvlərini qeydinə qalmağı düşünməyənlər üçün də fürsət oldu. Müsavat Partiyası da mitinq qərarı verdi, Milli Şura da... Hamısı Mehmana görə... Mehmanın təbliğatını bu bir neçə gündə elə apardılar ki, sanki Azərbaycan bir dəyərli oğlunu nahaq yerə bağlı qapı arxasında saxlayır.

Amma hər kəs gözəl bilirdi ki, əslində sosial şəbəkələrdə müşahidə olunan PSEVDOVƏTƏNPƏRVƏRLİKlərin, hoqqabazlıqların arxasında Azərbaycana düşmən olan qüvvələr birbaşa dayanmaqda idilər və günü bu gün də dayanırlar.

Onlar üçün Mehmanın, Süleymanın, Mahmudun həbsdə və yaxud da azadlıqda olmaları maraqlı deyil. Onların BİZNES MARAQLARI var və onlar illərdir ki, Azərbaycandan gedən və özlərini "siyasi mühacir" kimi təqdim etməyə çalışanları ən ucuz alətlərdən biri kimi istifadə etməkdədirlər. Nə zaman ki Azərbaycan dövləti hansısa mühüm siyasi qərarı vermək ərəfəsində olur və bu qərarın sırf milli dövlətçilik maraqlarına xidmət etməsi kimlərisə narahat etməkdə olur, o zaman da həmin dil pəhləvanları, söyüş pərgarları işə salınırlar. Onlar artıq dilləri ilə o qədər pislikləri yalamağa vərdiş ediblər ki, bunun istənilən nəticəsinə qatlanmağa hazır kimi görünürlər.

Əslində bu gün onlar Azərbaycan dövləti uğruna yox, Azərbaycan dövlətinə qarşı fəaliyyət göstərilrə ki, bunu da görməmək imkansızdır. Həm də bir alət olaraq. ŞÜURSUZ şəkildə. Çünki şüuru olan belə bir xəyanətin altına imzasını basa bilməz. Çünki bu gün onların heç birinin Azərbaycandan separatçı kimi qovulmuş xainlərdən fərqləri yoxdur və onlar bu gün məhz Azərbaycan düşmənləri ilə eyni səngərdə yer almaları ilə tam mahiyyətlərini ortaya qoyublar.

***

Sosial şəbəkələrdə şivənlik salan təkcə əmr qulu olan "5-ci kolon" nökərləri deyil. Həm də açıq düşmənlərimiz olan ermənilərdir. Bu faktdır ki, bu gün minlərlə azərbaycanlı kimi, hətta 1 NÖMRƏLİ AZƏRBAYCANSEVƏR kimi görünən sosial şəbəkə istifadəçisinin altında bir erməni yatır. Bu gün İrəvan dövlət universitetinin Azərbaycanşünaslıq fakultəsinin tələbələri sosial şəbəkələrdə "təxribatçı-azərbaycanlı" qiyafəsində təcrübə keçir, universitetlərinin praktika dönəmini başa vururlar. Və bu gün onların məhz "5-ci kolon"la yanaşı görünmələri də təəccüblü deyil. Hər halda AÇIQ DÜŞMƏNDİRLƏR...

***

Və belə bir düşmən bolluğu şəraitində Mehman Hüseynovun partlayana qədər şişirdilərək qəhrəman kimi sırıdılmasının hansı maraqlara xidmət etdiyini təxmin etmək o qədər də çətin deyil. Hər halda, Mehman Hsüeynov güllələnməmişdi ki, ona bu qədər yas saxlayırdılar. Məhkəmə var və hələ məhkəmə qərarı olmadan belə bir şivənin qoparılması artıq antiAzərbaycan qüvvələrin hansı səviyyədə bir tapşırıq aldıqlarını tam olaraq ifşa etmiş oldu.

***

İndi də Mehmanın öz əvvəlki məhbəs həyatına qayıtdığı bir ərəfədə daha bir neçə məhbusun aclıq aksiyası keçirdiyi söylənildi, adları açıqlandı, müraciətləri yayıldı. Gözlənilən idi. Çünki ŞOU DAVAM ETMƏLİ İDİ.

Sifariş alınmışdı. Amma Mehmanın aclığı dayandırması onların planını pozurdu. Ona görə də işə əlavə qüvvələr cəlb olunmalı idi.

Sanki Azərbaycana qarşı bir savaş aparırmış kimi davranırlar. Bütün vasitələrdən istifadə etməyə çalışırlar.

Və əslində elə Azərbaycana qarşı savaş aparırlar. BUNUN BAŞQA ADI YOXDUR!!!

***

Tələm-tələsik adlar da açıqladılar: İlkin Rüstəmzadə, Bayram Məmmədov, Əhsən Nuruzadə və Elçin İsmayıllı... Aralarında İranın agenti də var, "5-ci kolon"un sıradanları da... Net şəkildə görünəni odur ki, sosial şəbəkələrdə olduğu kimi, burada da Azərbaycanın bütün düşmənləri ölkəmizə qarşı səfərbər olublar. Hədəflərində isə AZƏRBAYCANDIR!

Necə ki, "15 Temmuz" olayları vaxtı həmin qara qüvvələrin digər astar üzü qardaş Türkiyə dövlətini hədəfə almışdı və onlar Ərdoğanın timsalında Türkiyə dövlətini hədəfləmişdilər, eləcə də indi Azərbaycanda anoloji hadisələrin bir oxşar variantı tədarükü görünməkdədir. Məqsədləri XAOS, QARIŞIQLIQdır...

Amma alınmayacaq.

***

Dünən adları həmin dietaya oturdulanlarla bir yerdə çəkilən Fikrət Fərəməzoğlu belə bir aksiyada iştirak etmədiyini və adının onlarla çəkilməsini istəmədiyini bəyan etdi.

Kim istəyər ki, adı ölkəsinə qarşı cinayətdə hallansın ki...




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net