Doxsanıncı illərin siyasi partiyalarının bugünkü durumu
Tarix: 24-01-2018, 05:44 |
Çap et
1992-ci ildən Azərbaycanda siyasi partiyaların fəaliyyəti üçün münbit şərait yarandı. Sovet hakimiyyəti illərindəki birpartiyalı sistem artıq yerini çoxpartiyalılığa buraxmışdı.
Həmin dövrlər ölkənin müharibə vəziyyətinə düşməsi, qonşularla gərilmiş diplomatik münasibətlərlə yanaşı, siyasi partiyaların fəaliyyətində müəyyən rəngarənglik vardı.
Hətta qeyri-rəsmi məlumatlara görə, 1992-2006-cı illərdə Azərbaycanda 90-dan artıq partiya qeydiyyatdan keçmişdi. Hazırda bu rəqəm rəsmi göstəricilərə əsasən 54-dür.
Partiyaların çoxluğu fonunda sönük fəaliyyətsizliyi indi siyasi mühitdə 1990-cı illərdəki coşğunluğunu öldürüb. Bu baxımdan o dövrlərin rəngarəng partiyaları haqqında bəzi faktları yenidən yada salmaq yerinə düşür.
Başlayaq müstəqillik dövründə rəsmi olaraq qeydiyyata alınmış ilk siyasi partiyadan.
Azərbaycan Xalq Demokratik Partiyası (AXDP) 1992-ci ilin ilk günlərində ilk siyasi partiya olaraq dövlət tərəfindən rəsmən qeydə alındı. Qurucusu və hazırkı sədri Rafiq Turabxanoğludur. AXDP 1992-ci il Prezident seçkisində Azərbaycanda dövlət qeydiyyatından keçmiş yeganə siyasi partiya olaraq iştirak etdi. Rafiq Turabxanoğlu Azərbaycan Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyə rəqib oldu. Həmin ilin 30-31 oktyabrında AXDP təşəbbüs göstərərək Bakıda "Turan mənəvi dövləti" yaratmq uğrunda "Turan mənəvi birliyi"nin təsis qurultayını keçirdi. Bundan sonra partiya bir neçə dəfə Milli Məclis seçkilərində iştirak etsə də, deputat mandatı ala bilmədi.
Məlumat üçün qeyd edək ki, partiya sovet dövründə qeyri-rəsmi fəaliyyət göstərib. Daha dəqiq desək, 1967-ci ildə “sinfi mübarizənin məntiqsiz olması nəzərə alınaraq” Ümumazərbaycan Fəhlə-kəndli partiyasının bazasında yaradılıb. Partiyanın rəsmi tanıtım səhifəsində belə qeyd olunur.
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) - Azərbaycanda fəaliyyət göstərən siyasi təşkilatlardan biridir. 26 sentyabr 1992-ci ildə təsis edilib. 3 noyabr 1992-ci ildə isə rəsmi dövlət qeydiyyatına alınıb (Şəhadətnamə 7-red.). Partiyanın təsis qurultayında Nizamnamə, Məramnamə qəbul edilir və meydan hərəkatının əsas simalarından olan Sabir Rüstəmxanlı partiyanın sədri seçilir. Hazırda rəsmi sənədlərdə partiya üzvlərinin sayı 20 min göstərilsə də, VHP-nin siyasi aktivliyi bir o qədər də müşahidə olunmur. Doğrudur, hazırda Milli Məclisdə partiyanın iki təmsilçisi var. Ölkənin əsas müxalif partiyalarında da belə bir göstərici yoxdur. Buna baxmayraq, VHP əvvəlki dövrlərdəki aktivliyinə sahib deyil və siyasi proseslərdə öz mövqeyini çox zəif şəkildə sərgiləyir.
Azərbaycan Demokrat Partiyası (ADP) 26 yanvar 1991-ci ildə yaradılıb. O vaxt hələ Azərbaycanda sovet hakimiyyəti mövcud idi. 27 nəfərin iştirakı ilə Naxçıvan şəhərində təsis olunub. İlk dəfə qeydiyyata 17 oktyabr 1991-ci ildə Naxçıvan MR Nazirlər Kabineti tərəfindən alınıb. Qurucusu Sərdar Calaloğludur. Siyasi partiyalar haqqında Azərbaycan Respublikası qanunu qəbul edildikdən sonra Ədliyyə Nazirliyinin Kollegiyası tərəfindən 14 mart 1993-cü ildə qeydə alınır. ADP Azərbaycanın siyasi tarixində inteqrasiyanın pioneri və lideridir. 1996-cı il martın 30-da keçmiş Baş Prokuror və Ədliyyə Naziri İlyas İsmayılovun rəhbərlik etdiyi Ədalət partiyası, 1998-ci ildə eks spiker Rəsul Quliyevin rəhbərlik etdiyi "Beynəlxalq Demokratiya və Ekologiya Fondu", Demokratik Azərbaycan partiyası, 2000-ci ildə isə Demokratik Yol Partiyası ADP-yə birləşib.
Ana Vətən Partiyası (AVP) —partiyanın qurucusu və hazırki sədri Fəzail Ağamalıdır. Аzərbаycаndа gеdən Milli Azadlıq Hərakatında və Azərbaycanın ərazi bütövlüyününü qorunub saxlanmasında daha fəal iştirak etmək məqsədilə bir qrup ziyalının və tələbələrin təşəbbüsü ilə 1990-ci ilin sentyabrında AVP-nin Təşəbbüs Qrupu yaradılır. Həmin ilin 24 noyabrında partiyanın təsis qrultayı keçirilir. Pаrtiyа 1992-ci ilin 11 avqustunda Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçir. I, II, III və IV çağırış parlament seçkilərində 2 üzvü Milli Məclisdə AVP-ni təmsil etmək hüququ qazanır.
AVP 1998-ci il prеzidеnt sеçкilərində Hеydər Əliyеvin, 2003-cü ildə İlhаm Əliyеvin nаmizədliyini irəli sürərək sеçкilərdə iştirаk edir. Hazırda partiyanın elə bir siyasi aktivliyi müşahidə olunmur.
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) qurucusu Zərdüşt Əlizadə olsa da, sonradan rəhbərlik qardaşı Araz Əlizadəyə keçib. Araz Əlizadə partiya sədri olaraq ASDP-ni parlamentdə təmsil edən yeganə şəxsdir. Azərbaycan Sosial Demokrat Partiyası 1989-cu ildə təsis edilib. 27 iyul 1990-cı ildə dövlət qeydiyyatına alınıb. Partiyanın ideologiyasının əsasında sosial-demokratik dəyərlərin cəmiyyətdə bərqərar olması durur. 1990-cı illərin əvvəllərində həddən artıq aktivlik nümayiş etdirən bu siyasi təşkilatın hazırkı durumu haqda bunu demək çətindir. Ətalətlilik sükunətinə qərq olmuş Partiyanın rəsmi sənədlərdə 8 min üzvünün olduğu göstərilir.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP). 1989-cu ildən Əbülfəz Elçibəy Azərbaycan Xalq Cəbhəsinin lideri idi. Azərbaycan Respublikasının müstəqil olmasından və 1992-ci ildə Ayaz Mütəllibovun Azərbaycan Respublikası Prezidenti postundan istefasından sonra Əbülfəz Elçibəy Azərbaycan Xalq Cəbhəsinin partiyaya transformasiyasını keçirir. Bundan sonra o 1992-ci il Azərbaycan Respublikası prezidenti seçkilərində qalib gəlir. 1995-ci il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə partiya Milli Məclisə 4 yer, 2000-ci il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə isə 6 yer qazanır.
2000-ci ildə Əbülfəz Elçibəyin ölümündən sonra AXCP 2 qola bölünür: konservativ (Klassik Xalq Cəbhəsi Partiyası) və reformist-proqressiv (Azərbaycan Xalq Cəbhəsi Partiyası). 2000-ci ildən etibarən Əli Kərimli Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədridir. 2005-ci il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər ərəfəsində partiya Müsavat Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Demokrat Partiyası və Vətəndaş və İnkişaf Partiyası ilə birləşərək Azadlıq Blokunun tərkibində seçkilərdə iştirak edir.
Partiya 2008-ci il Azərbaycan Respublikası prezidenti seçkilərini baykot edir və bu seçkilərdə iştirak etmir. 19 avqust 2015-ci ildə Əli Kərimlidən narazı qüvvələr AXCP-də sabiq müavin olan Razi Nurullayev və tərəfdarları AXCP Etimad Qurultayı Təşkilat Komitəsi (AXCP EQTK) yaratdıqlarını bəyan edir.27 sentyabr 2015-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qurultayında Əli Kərimlinin növbəti dəfə sədr seçilməsindən sonra AXCP EQTK bu qurultayı və seçkiləri tanımır. 17 oktyabr 2015-ci ildə qurultay keçirib və Razi Nurullayevi AXCP sədri seçib.
Bir sözlə, hazırda Azərbaycanın siyasi səhnəsi rəng qatmağa çalışan qurumlardan biri olan AXCP Elçibəy dönəmindən sonra öz aktivliyini demək olar itirib. Partiya indi “Məhsul” stadionunda heç 3-4 min nəfəri bir araya gətirə bilmir.