Müxalifətdən İlham Əliyevin Türkiyə jestinə reaksiya gəldi
Tarix: 17-03-2016, 09:22 | Çap et
Müxalifətdən İlham Əliyevin Türkiyə jestinə reaksiya gəldi
Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə son səfəri iki ölkə cəmiyyətində rəğbətlə qarşılanıb. Son iki gündə cəmiyyətdən gələn reaksiyalar bunu deməyə əsas verir. Bəs, Azərbaycan müxalifəti İlham Əliyevin bu jestini necə qarşılayıb?

ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, Türkiyə ilə Azərbaycan arasında müqavilələrin imzalanması vacib idi: “Lakin bəlli səbəblərdən Ərdoğan ikinci dəfə səfərini təxirə salmalı olmuşdu. İmzalanan sənədlərin vacibliyi və iki qardaş ölkənin bir-birinin yanında olduğunu nümayiş etdirmək baxımından İlham Əliyevin səfəri baş verdi. Türkiyədə ard-arda terror aktları həyata keçirildiyi, Türkiyənin Rusiya ilə, Avropa ilə münasibətlərinin indiki məqamında Azərbaycan dövlət başçısının Ankaraya getməsi və Türkiyəyə dəstəyin ifadə edilməsi iki qardaş ölkənin münasibətinin bir gərəyi idi. Bu baxımdan mən bunu dəyərləndirirəm ki, vaxtında və düzgün atılmış addımdır. Bu, həm də bir siyasi mesajdır. O ölkələr ki, Azərbaycanla Türkiyə arasında əlaqələrin pisləşməsində maraqlıdır və Azərbaycanın müəyyən proyektləri həyata keçirməsinə cəhd edirlər, İlham Əliyevin Ankaraya səfəri bu qüvvələrə verdiyi dərsdir”.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Azərbaycan prezidentinin Türkiyəyə səfər etməsinə belə münasibət bildirdi: “Azərbaycan tərəfi öz üzərinə düşən işi gördü. Azərbaycan Türkiyə ilə strateji müttəfiqdir. Ona görə də belə də olmalı idi. Amma Ankarada imzalanan sənədlərin səviyyəsi həmin görüşün mahiyyətinə heç də uyğun gəlmədi. Hər kəs gözləyirdi ki, bu görüşdə çox vacib, çox ciddi sənədlər imzalanacaq, ən azı Türkiyə ilə Azərbaycan arasında viza rejimi ləğv olunacaq. Lakin bu görüşün tarixi bir görüş olması ancaq onunla bağlı oldu ki, Azərbaycan tərəfindən belə bir məqamda jest edildi. Bu da normal haldır. Hər bir halda indiki zamanda Türkiyəyə getmək təbii ki, lazım idi. Bu hadisə iki qardaş dövlətin bir-birinin yanında olmasını göstərən hadisədir”.

VİP sədri Əli Əliyev prezidentin qərarını müsbət qiymətləndirdiyini dedi: “Doğru və diplomatik baxımdan sərrast qərardır. Bunun bir neçə səbəbi var: 1. İlk növbədə mənəvi tərəfi- Türkiyə qardaş və strateji baxımdan istinad dövlətdir. Qardaşın digər qardaşın yanında ən ağır günlərdə olması mənəvi borcdur. Ölkə başçısının Azərbaycan xalqının təmsilçisi qismində Ərdoğanın yanında durması bütün dünyaya simvolik mesajdır. 2. Türkiyəyə son dövrlər terror vasitəsilə hücumlar, Prezident Ərdoğan başda olmaqla, AKP iqtidarının yürütdüyü ardıcıl siyasətə üzdə PKK-nın, altda isə dünya güclərinin narahatlığı və verdiyi reaksiyadır. Türkiyənin son dövrlər bütün seqmentlərdə qlobal gücolma iddiası, onun təhdidlə üzləşməsinin ilk səbəbidir. Belə miqyaslı təzyiq kampaniyasına Azərbaycanın bu səfərlə demarş etməsi, Türkiyəyə qahmar çıxması ciddi jestdir. Eyni zamanda Türkiyəyə qarşı olan qüvvələrə çağırışdır. Riskli addımdır. Ancaq risk sevməyən Azərbaycanın siyasi zirvəsindən bu addımı görmək qeyd olunmağa layiqdir. 3. Terrorun Bakı səfəri ərəfəsinə təsadüf etməsi və səfərlərin ertələnməsinə rəğmən, Azərbaycan tərəfinin addımı həm də cəsarət nümunəsidir. 4. Türkiyə mətbuatında terrorun alternativ qaz kəməri layihəsinə qarşı olduğu versiyası müzakirə edilirdi. Əgər həqiqətən belədirsə, Azərbaycan tərəfinin bu layihədə israr nümayiş etdirməsi, həmin güc sahiblərinə çağırış kimi başa düşülməlidir. Belə mövqeyin altının cızılmaması insafsızlıq olardı. 5. Nəhayət, görüşün atmosferi və məzmunu qeyd olunmalıdır. Ən yüksək səviyyədə qəbul, nümayiş etdirilən sayğı və siyasət üçün xarakterik olmayan səmimiyyət səfərin ruhunun göstəricisidir. Düzü, prezidentin İran səfərindən, Putinlə telefon danışıqlarından və onun təmsilçilərinin ardıcıl Bakı səfərlərindən sonra Azərbaycan hakimiyyətinin xarici vektor seçimi ilə bağlı şəxsən məndə yaranmış narahatçılıqlar müəyyən qədər toxdadı”.

Yeni AXCP-nin sədri Razi Nurullayevə görə, prezidentin Ankaraya getməsi bir neçə cəhətdən diqqət çəkib: “Birincisi, Azərbaycan prezidenti Türkiyə xalqına başsağlığını bir daha Ankarada dilə gətirdi. Bir çox insanlar Ankaraya terror qorxusu səbəbi ilə səfərini təxirə salarkən, Azərbaycan prezidenti səfər gerçəkləşdirdi. Təbii ki, bu jest də həm Türkiyə prezidenti, həm də xalqı tərəfindən yüksək qiymətləndirildi. Bu səfər qardaşlığın sözdə yox, həm də əməldə olduğunun sübutu oldu.

Səfərin ikinci maraqlı tərəfi isə Rusiya-Türkiyə münasibətlərinin hələ də yaxşılaşmaması fonunda baş verməsidir. Bir sıra ekspertlər Putinin Azərbaycana təzyiq göstərdiyini və Türkiyə ilə münasibətlərində sərhəd qoyması tələbini irəli sürdüyünü yazırlar. Hətta Putinin Azərbaycanı cəzalandıracağı barədə fikrilər dilə gətirirlər. Bu ehtimalın da yalan olduğu və ya Azərbaycanın bu tip hədələrdən qorxmadığını, Türkiyə-Azərbaycan qardaşlığının daha möhkəm bünövrə üzərində olduğu aşkara çıxdı. Üçüncüsü, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti toplantısının keçirilməsi vacib idi. Yenidən təxirə salınması, lazımi ismarışların verilməsini ləngidə bilərdi. Neftin qiymətinin düşməsi fonunda TANAP və TAP layihələrinin də risk altında olduğu vurğulanmaqdadır. Bu isə Azərbaycan üçün məqbul hal deyil. Bu görüşdə TANAP layihəsinin tikintisinin daha da sürətləndirilməsi haqqında müzakirə hər iki tərəfin xeyrinə işləmiş oldu".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net