“Bu, ADR-lə Müsavatın məhkəmə çəkişməsi deyildi...”
Tarix: 19-02-2016, 10:11 | Çap et
“Bu, ADR-lə Müsavatın məhkəmə çəkişməsi deyildi...”
Müsavat Partiyası ilə Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) arasında aylardır davam edən məhkəmə prosesi fevralın 15-də başa çatıb.

Binəqədi Rayon Məhkəməsi ADR-in iddiasını əsassız sayıb. Bu barədə bastainfo.az saytına Müsavatın hüquqlarını müdafiə edən, partiyanın Divan üzvü Osman Kazımov məlumat verib: “Mən öz çıxışımda bu iddianın əsassız olduğunu, üstəlik, şikayətin verilmə vaxtının gecikdirildiyini bildirdim. Müsavatın qurultayı cəmiyyətin, jurnalistlərin gözü qarşısında keçirilib. Nə sübut təqdim edə bilərdilər ki? Onlar qurultayda Azərbaycan tarixinin ən şəffaf seçkisində uduzmuşdular, məhkəmədə də uduzdular”.

Qeyd edək ki, məhkəmə bitəndən sonra sosial şəbəkələrdə tərəflərin bir-birilərinə qarışıqlı ittihamları yenidən start götürüb.

Müsavat Qadınların Birliyinin sabiq sədri və eyni zamanda Müsavatçıların Hüquqlarının Müdafiə Komitəsinin üzvü Ellada Məmmədli musavat.com-a bildirib ki, sözügedən məhkəmə prosesi mətbuatda yanlış təqdim olunur. Onun sözlərinə görə, bu məhkəmə çəkişməsi əslində Müsavatçıların Hüquqlarını Müdafiə Komitəsinin üzvləri ilə Müsavatın indiki rəhbərliyi arasında gedir: “Partiyanın VIII qurultayının nəticələrinin saxta olmasını təsdiq edən faktlar və videomateriallarla məhkəməyə müraciət etmişik. Biz məhkəməyə müraciət edəndə heç Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) təsis edilməmişdi”.

E.Məmmədli bildirib ki, məhkəmə qərarını aldıqdan sonra buna uyğun addım atacaqlar: “Binəqədi məhkəməsi işi icraata aldı, prosesi 3 ay uzatdı. İddiaya tələb olunan sənədləri son anda qismən təmin etdi. Nəticədə Müsavatın vəkili Osman Kazımovun feysbukda olan yazışmalarına yer ayırdı. Saxtakarlığı aşkar edən faktlara və videoya baxmağa lüzum bilmədi. Ölkədəki hüquq- məhkəmə sisteminin vəziyyəti qənaətbəxş olmasa da, yenə ədalətin qüvvəsinə inanırıq. Müsavatın indiki rəhbərliyinin müsavatçılıq ideologiyasından kənar olduqları bəlli idi. Məhkəmə onların iqtidar projesi ilə hərəkət etdiklərini təsdiq etdi. İqtidara güclü Müsavat lazım deyil. Arif Hacılıya da onu başqan kimi görməyənlər, saxtakarlığını qəbul etməyənlər yox, onu qəbul edənlər lazımdır. İndiyəcən görüşlərdən yayınan, üzümüzə baxmağa cürət edə bilməyən bizimlə bir masada oturmayıb və oturmaz da. Saxta protokolu Ədliyyə Nazirliyi təsdiq etmişdir.

İndi tam əminliklə söyləmək olar ki, şərəfli yol keçmiş Müsavat Partiyası 27 sentyabr 2014-cü il tarixində ömrünü başa çatdırdı. Məhkəmə qərarından sonra atacağımız addımlar 10 gündən sonra əlimizə alacağımız qərardan sonra müəyyənləşəcək. Özümüzü məğlub yox, qalib hiss edirik. Çünki Müsavat Partiyasından, Ədliyyə Nazirliyindən ala bilmədiyimiz qurultay protokolunu məhkəmədən aldıq və bir daha VIII qurultayın işində olan saxtakarlığı aşkar etdik”. (musavat.com)





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net