“Yazır ki, bizim nə gəlirimiz, nə də çıxarımız var”
Tarix: 10-02-2016, 09:33 | Çap et
“Yazır ki, bizim nə gəlirimiz, nə də çıxarımız var”
Maliyyə hesabatı verməyən siyasi partiyaların işi çətinləşir.

Vertikal.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Trend-ə bununla bağlı “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər hazırlandığını bildirib.

O, qeyd edib ki, maliyyə hesabatı verməyən siyasi partiyalar haqqında ölçü götürülməlidir: "Hesab edirəm ki, Milli Məclisin yaz sessiyasında “Siyasi partiyalar haqqında” qanuna bir neçə ciddi əlavə və dəyişikliklər edəcəyik. Birincisi, hesabatlılıq özü şəffaflığın bir nümunəsidir. Əgər hər hansı bir partiya gecə-gündüz mətbuatda şəffaflıqdan, düzgünlükdən danışırsa, lakin özü hesabat vermirsə və yaxud hesabat əvəzinə bir ağ kağız göndərirsə, bunlara qarşı tədbirlər görülməlidir. Yazır ki, bizim nə gəlirimiz var, nə də çıxarımız. Amma baxırsan ki, partiyanın ofisində onlarla insan çalışır, yüksək əməkhaqqı alır, partiya sədrləri bahalı avtomobillərdə gəzir və ətraflarında cangüdənləri var, mətbuat orqanları saxlayırlar”.

S.Novruzov bildirib ki, bu partiyaların hesabatlılığı və şəfafflığının təmin olunması üçün qanuna dəyişikliklər edilməlidir: “Yeni Azərbaycan Partiyası bütün dövrlərdə öz maliyyə hesabatını mətbuat vasitəsilə ictimaiyyətə çatdırır. Bu baxımdan digər partiyalar da maliyyə hesabatlarını təqdim etməlidir. Əks tədqirdə, bəlli olur ki, bu vəsaitin böyük hissəsi bu və ya digər təşkilatlar tərəfindən, o cümlədən erməni lobbisi, xarici kəşfiyyat orqanları tərəfindən verilir və təbii ki, kim pul verirsə, musiqini də o, sifariş edir. Həmin dairələr də müxtəlif tapşırıqlar verir ki, Azərbaycanda ictimai-siyasi sabitlik pozulsun, qarşıdurma yaradılsın, dövlət əleyhinə böhtan xarakterli materiallar hazırlansın, ayrı-ayrı beynəlxalq təşkilatlara Azərbaycan əleyhinə sənədlər göndərilsin və s.”

Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. Bir neçə siyasi partiya 2014-cü il üzrə maliyyə hesabatını indiyə qədər MSK-ya təqdim etməyib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net