YAP-çı deputat həmsədrlərə etiraz etdi
Tarix: 26-01-2016, 11:42 | Çap et
YAP-çı deputat həmsədrlərə etiraz etdi
“ATƏT-in Minsk qrupunun həmsədrləri son bəyanatları ilə Dağlıq Qarabağ münaqişəsinin həllini monopoliyaya götürdüklərini iddia edirlər, sanki onlardan başqa heç kim bu məsələni müzakirə edə və həllinə çalışa bilməz”.

AzVision.az-ın məlumatına görə, bu barədə yap.org.az saytına açıqlamasında YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.

Millət vəkili vurğulayıb ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatı cəmiyyətdə təəccüb doğurur: “Əslində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə cavabdeh olan üç dövlətin nümayəndələri heç də problemin həllinə yönəlməyən bəyanat verdilər. Əgər həmsədrlər münaqişənin həlli ilə bağlı nəticələr əldə etsəydi, Azərbaycan ictimaiyyəti bu monopoliyanı onlara verə bilərdi. Amma münaqişənin başlamasından uzun illər keçsə də, onun həlli istiqamətində hər hansı irəliləyiş yoxdur”.

Deputatın fikrincə, Ermənistan torpaqlarımızı işğal altında saxlasa da, həmsədr dövlətlər onu işğalçı kimi tanımır. Eyni zamanda, problemin həllinə real dəstək verilmir. Digər tərəfdən, digər beynəlxalq təşkilatlarda münaqişənin həllinə obyektiv yanaşılması nədənsə həmsədrlərdə qıcıq yaradır.

“Onlar iddia edirlər ki, başqa qurumların təşəbbüsləri və apardıqları müzakirələr münaqişənin həllinə maneçilik törədə bilər. Maraqlıdır, nə zamandan işğalçının öz adı ilə çağırılması, beynəlxalq hüquq normalarına əməl edilməsi problemin həllinə maneçilik törədə bilər? Əlbəttə ki, həmsədrlərin belə bir mövqeyi cəmiyyətimizdə böyük narazılıqla qarşılanr. Məsələyə Azərbaycanın Xarici İşlər Nazirliyi münasibət bildirib, ictimaiyyətin nümayəndələri isə etiraz edirlər. İstərdik ki, həmsədrlər bu məsələdə üzərlərinə düşən vəzifləri yerinə yetirsinlər və kənar dəstəklərdən də imtina etməsinlər. Onların belə bəyanat verməsi Ermənistana xüsusi simpatiyasının olduğunu ortaya qoyur. Beynəlxalq hüquq normalarını əsas götürməli olan həmsədrlərin belə bəyanat verməsi həm beynəlxalq hüquqa, həm də diplomatik etikaya çox zidd addımdır”- deyə, A.Mirzəzadə vurğulayıb.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri amerikalı Ceyms Uorlik, rusiyalı İqor Popov və fransalı Pyer Andryunun yayılan birgə bəyanatında AŞPA və digər beynəlxalq təşkilatlara Minsk qrupunun danışıqlar üçün qəbul olunmuş yeganə format olduğu xatırladılır. Vurğulanır ki, ATƏT-in Minsk qrupunun mandatına xələl gətirəcək və davam edən danışıqlar prosesini çətinləşdirəcək addımlar atıla bilməz.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net