Əli Kərimlinin əmisi oğlu Fransadan deportasiya oluna bilər
Tarix: 11-01-2016, 09:42 | Çap et
Əli Kərimlinin əmisi oğlu Fransadan deportasiya oluna bilər
AXCP sədri Əli Kərimlinin Fransada mühacirətdə yaşayan əmisi oğlu İnqilab Kərimov barədə Baş Prokurorluq cinayət işi başlayıb. Bu barədə rəsmi qurumun mətbuat xidməti müsavat.com-a məlumat verib.

Məlumatda qeyd olunur ki, 7 yanvar 2016-cı il tarixdə Fransada məskunlaşmış Azərbaycan vətəndaşı Kərimov İnqilab Qüdrət oğlunun facebookda özünə məxsus səhifəsində və kütləvi informasiya vasitələrində paylaşdığı fotoşəkildə odlu silahı - tapançanı nümayiş etdirərək ayrı-ayrı Azərbaycan vətəndaşlarını onların həyatları üçün real zorakılığı özündə əks etdirən öldürməklə hədələmə məzmunlu şərhlər yayması, eləcə də “İŞİD” terror təşkilatının Azərbaycan Respublikasında terrorçuluq fəaliyyətinə açıq çağırışlar etməsi hərəkətlərində cinayət əməllərinin əlamətlərinin mövcudluğuna əsaslı şübhələr olduğundan, Baş Prokurorluqda həmin faktlar üzrə Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 214-2-ci (Terrorçuluğa açıq çağırışlar) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə, İ.Kərimov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilib.
Qeyd edək ki, aylar öncədən AXCP sədrinin əmisi oğlunun deportasiya olunma ehtimallarının yüksək olması ilə bağlı mətbuatda xəbərlər dolaşırdı.

Buna səbəb tez-tez İ.Kərimovun sosial şəbəkələrdə cinayət xarakteri daşıyan xəbərlər paylaşması idi. Ötən ilin avqustunda onun İŞİD-ı Azərbaycana dəvət etməsi, ardınca yanvarın 7-də odlu silahla şəklini nümayiş etdirərək, Azərbaycan məmurlarının övladlarını öldürəcəyi ilə hədələməsi Baş Prokurorluğu onun barəsində addımlar atmağa vadar etdi. Onun barəsində axtarış elan edilməsi, heç şübhəsiz ki, Fransa hökumətini də bu istiqamətdə müəyyən addımlar atmağa sövq edəcək.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı hesab edir ki, istənilən ölkə sığınacaq verdiyi şəxsin təhlükəsizliyini təmin edir: “Hər şeydən ötrü insanı təhvil vermirlər. Çünki beynəlxalq öhdəliklər var. Rauf Mirqədirov Türkiyədə siyasi mühacir deyildi. Ona görə də hökumət onu asanlıqla təhvil verdi. Bu baxımdan Fransa hökuməti İnqilab Kərimovu təhvil verməyə də bilər. Xatırlayırsınızsa, Hüseyn Abdullayevlə bağlı da bu cür addımlar atılmışdı. Azərbaycan hökumətinin qaldırdığı cinayət işi uzun sürəcək. Hakimiyyət onu İnterpol axtarışına verə bilər”.

Hüquq müdafiəçisi hər bir şəxsin yazdığı statusda diqqətli olmasını da tövsiyə etdi: “Sosial şəbəkədə dəhşətli situasiya yaranıb. Azərbaycandan xarici ölkələrə gedən siyasi mühacirlər arasında çox qəribə, xoşagəlməz situasiya yaranıb. Bir-birini təhqir etmələr, şantaj kimi hallar baş alıb gedir. Ətrafdakılara hörmətlə yanaşmaq lazımdır. İnqilab Kərimovun bu tipli statusları düzgün deyil. Çağırışlar dövlətçiliyimizə qarşı olmamalıdır. Azərbaycan məmurunu tənqid edə bilərsən, korrupsiya əməllərini ifşa edərsən, amma hədələyici yazılar yersizdir. Nəvəmin həyatına sui-qəsd olacağı ilə bağlı xəbərlər yayılmışdı. Özümə yer tapa bilmirdim. Ata kimi kənardakıları da nəzərə almaq lazımdır. İstəmirəm ki, sosial şəbəkələrdə bu tərzdə təhqir, söyüşlər olsun”.

Hüquqşünas Aslan İsmayılov biədəb sözlərin yolverilməz olduğunu söylədi: “Siyasi mühacirətdə yaşayıb, biədəb sözlər işlədənlərin daim əleyhinə olmuşam. Ona görə ki, orada hər şey danışmaq olar. Əgər doğrudan elə qoçaqdırlarsa, burada sözlərini desinlər. Burada da istənilən ədəbsiz hərəkətin, sözlərin əleyhinə olmuşam. Bir müddət mənim də hörmət etdiyim xarici mühacirin biri - adını deməyəcəm - bildirdi ki, gəlib hamınızı dar ağacından asacağıq. Mən o zaman onun qəti əleyhinə çıxış etdim. Belə etmək doğru deyil. ”Dar ağacından asacağıq" demək, hakimiyyətdə olanın daha qəddar, kreslodan daha möhkəm yapışmasına səbəb olur. Düşünürlər ki, vəzifədən getsələr, onu asacaqlar. Onun üçün də sona qədər vuruşmaq yolunu seçirlər. Bütün bunlar çox yanlış yoldur".





Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net