Hakimiyyət-müxalifət dialoqu YENƏ GÜNDƏMDƏ
Tarix: 25-12-2015, 12:27 |
Çap et
Ölkədə yeni müxalif blok yaranır. Hafta.az məlumat veriri ki, bu günlərdə 6 müxalif partiya bir araya gəlib. Liberal-Demokrat Partiyasının (ALDP) qərargahında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev və ALDP-in sədri Fuad Əliyev toplaşıblar.
Qeyd edək ki, adı çəkilən partiyalar “Azadlıq-2015" seçki blokunun təsisçiləri idilər. İndi isə qərara alınıb ki, altı partiyanın iştirakı ilə “Azadlıq” Siyasi Əməkdaşlıq Mərkəzi yaradılsın. Yalnız AXP bu mərkəzdə yoxdur. Partiyanın sədri Pənah Hüseyn hafta.az-a açıqlamasında mərkəzdə iştirak etməyəcəyini bildirib.
Bu yeni Mərkəzin fəaliyyətinin əsasən nədən ibarət olacağı hələ ki, tam bəlli deyil. Mərkəz üzvlərinin saytımıza verdiyi məlumata görə, onlar ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə etmək üçün bir araya toplaşacaqlar. Birlikdə siyasi aksiyaalrın keçirilməsi isə hələ gündəmdə deyil.
Blok iki gün əvvəl bəyanat yayaraq hakimiyyət-müxalifət dialoqunun tezliklə bərpa olunmasını istəyirdi. Mərkəzdən verilən məlumata görə isə hələ müraciətlərinə cavab verilməyib.
Mərkəzin üzvü KXCP sədri Mirmahmud Mirəlioğlu da dialoqu bir daha gündəmə gətirib. O, bu istəyini manatın məzənnəsinin kəskin surətdə aşağı düşməsi ilə izah edir.
Bu il Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov siyasi partiyalarla bir neçə görüş keçirib. Görüş üçün danışıqları isə Mirmahmud Mirəlioğlu aparmışdı.
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə isə bildirirb ki, hakimiyyət dialoqdan heç vaxt uzaq durmayıb.