"Xalq düşünür ki, kasıb, dinc yaşamaq yaxşıdır, nəinki..."
Tarix: 8-04-2015, 10:37 |
Çap et
Aprelin 5-də Milli Şura “Talana və yalana son!” şüarı ilə mitinq keçirdi. Bakı Şəhər Baş Polis İdarəsinin rəsmi məlumatına görə, mitinqdə 500 nəfər, təşkilatçıların açıqlamalarına görə isə 10 min adam iştirak edib. Neytral müşahidəçilər isə aksiyada təxminən 3 min civarında insanın iştirak etdiyini deyirlər.
Milli Şuranın sosial tələblərlə keçirdiyi birinci mitinq isə martın 15-də eyni ünvanda keçirilmişdi. Həmin mitinqə də təxminən eyni sayda insan qatılmışdı.
Manatın ucuzlaşması və ölkədə bahalaşma prosesinin getməsi, əhalinin sosial durumunun pisləşməsi, narazılığın artması fonunda sırf sosial tələblə, bahalaşma əleyhinə keçirilən mitinqlərə əslində üst-üstə 10 minə yaxın adam yox, bahalaşmadan narazıların sayının heç olmazsa 10 faizi qədərində insan çıxmalı idi. Keçirilən son iki mitinqdə isə bunu görmək mümkün olmadı. Mitinqə qatılanlar əsasən Milli Şuraya daxil olan qurumların və MŞ-dən kənarda olan müxalifət partiyalarının üzvləri idi. Cəmiyyətdəki kütləvi narazılıq mitinqlərdə özünü göstərmir. Belə bir vəziyyətin kökündə nə dayanır? İnsanlar narazılığın motivində dayanan hallar əleyhinə keçirilən etiraz aksiyalarına nə üçün qatılmırlar?
Azərbaycan Milli Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Natiq Miri hesab edir ki, bu vəziyyət uzun müddətdir hökm sürsə də, müxalif düşərgənin ritorikası, ittihamlarının ünvanı dəyişməyib, eyni adamlar ənənəvi düşmənlərini “zərərsizləşdirməklə” məşğuldurlar.
Vəziyyətin bu hala niyə gəldiyini təhlil edib təkliflər üzərində baş sındıran yoxdur. Ölkədəki vəziyyətdən, yaşayışından narazı insanların keçirilən mitinqlərə qatılmamasının səbəblərindən biri budur. Müxalifətdəki bir sıra liderlərin cılız ambisiyaları, illərlə tutduqları yanlış xətti insanlar izləyir və belələrinin keçirdiyi mitinqlərə qatılmağın müsbət nəticəsinin olmayacağını düşünür: “Partiya liderləri kifayət qədər aydın olan bu reallığı təhlil edib bir nəticəyə gəlmək həvəsində deyillər. İntriqa, söz güləşdirmək, qarşılıqlı ittihamlar adamlar üçün daha rahatdır, bununla işlərini bitmiş sayırlar.
Azərbaycanda ən müxtəlif səbəblərdən narazıların sayı kifayət qədərdir, amma onlar müxalifətin yanında dayanıb etiraz etmək istəmirlər. Bakıda, ölkənin müxtəlif bölgələrindən tez-tez etiraz xəbərləri alırıq, vətəndaşlar Prezident Administrasiyasının, başqa dövlət qurumlarının qarşısına toplaşır, qəsəbələrdə, kəndlərdə yolları kəsir, polislə toqquşur. Amma dinc mitinqdə hansısa partiyanın bayrağının yanında durub tələblərini səsləndirmək niyyətində deyil. Müxalif düşərgə bu barədə ən yaxşı halda sussa da, səbəb elə müxalifətin düşdüyü ağır böhranla bağlıdır. Uzun illər ərzində davam edən bu monoton proses insanları müxalifət təşkilatlarından uzaqlaşdırıb. Çox maraqlıdır ki, cəmiyyətin gözü qarşısına sərilən bu fiasko mənzərəsi heç olmasa bundan sonra diskussiya predmetinə çevriləcəkmi? Əgər çevrilməyəcəksə, dəyişiklik olmayacaqsa, alternativ olduğunu isbatlamayacaqsa, bundan sonra “müxalif güc”, “hakimiyyətin əsas rəqibi”, “seçkilərdə qalib gələn” epitetləri hədsiz ironiya doğuracaq. Belə görünür ki, dəyişmək əvəzinə kəmiyyətcə daha da kiçilən, qrup, fərdi maraqlar uğrunda çarpışan insanların bundan sonra ortaya başqa tablo çıxarmaq imkanları tükənib".
Bir sıra ekspertlər isə düşünür ki, uzun illərin nəticəsiz mübarizəsi və seçki ilə dəyişiklik ümidinə inamın tamamilə itməsi, müxalifətin əsas dəstəkçi kimi təqdim etdiyi Qərb strukturlarının hakimiyyətlə rahat işbirliyi, ölkədə dəyişikliyin mümkün olmayacağı rəyinin cəmiyyətdə kök atması, repressiya qorxusu insanların mitinqlərə qatılmamasında əsas səbəblərdəndir.
ADP sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, bahalaşma nəticəsində sosial vəziyyəti ağırlaşan insanların mitinqlərə qatılmaması bir tərəfdən xalqın öz taleyinə laqeyd qalması və apolitik vəziyyətdə olması ilə bağlıdır, ikincisi, xalq düşüncəsi təhtəlşüur işidir: “Təhtəlşüura insanların müdaxilə etmək imkanı yoxdur. Xalq şüurunda baş verən hadisələri adi məntiqlə izah etməyə cəhd edəndə yanılırıq. Adi məntiqlə heç vaxt xalqın davranışını izah etmək mümkün olmur. Yaranmış vəziyyəti sadə formada belə izah etmək olar ki, bir insan iki təhlükə qarşısındadır. Bir təhlükə həyatının itirilməsi, o birisi vəsaitinin itirilməsi, kasıblaşmaq təhlükəsidir. Azərbaycanda xalq bir tərəfdən görür ki, Ukrayna hansı problemlərlə üzləşib. Xalq onu da görür ki, yaxın Şərqdə guya demokratiya uğrunda başlanan mübarizə həmin xalqları, dövlətləri məhv edir. Ona görə də xalqın təhtəlşüurunda belə nəticə çıxır ki, kasıb, dinc yaşamaq yaxşıdır, nəinki yaxın Şərqin və Ukraynanın gününə düşmək. Xalqın gəldiyi bu nəticə onun sosial-iqtisadi həyatda itirdiklərini arxa plana çevirir”.
S.Cəlaloğlunun fikrincə, sadə insanların mitinqə qatılmaması həm də onunla bağlıdır ki, əslində insanlar Milli Şuranın və AXCP-nin özündən razılığını müşahidə edir: “İnsanlar da fərqindədir ki, Milli Şura və AXCP-nın bu mitinqləri keçirməkdə məqsədlərindən biri özlərini yeganə müxalifət kimi göstərməkdir. Həqiqətən də onların məqsədi odur ki, desinlər ki, Azərbaycanda ən güclü yeganə müxalifət onlardır, çünki mitinq keçirirlər. Bu məqsəd isə mitinqlərin guya xalqın hansısa problemlərini həll etmək üçün keçirildiyi fikrini təkzib edir. Digər tərəfdən, Milli Şuranın, AXCP-nin keçirdiyi mitinqlər göstərir ki, cəmiyyətdə ən güclü yeganə müxalif qüvvə olmaları və xalqın onlara böyük dəstək nümayiş etdirdiyi barədə dedikləri də yanlışdır, onlar bu məqsədlərinə çatmırlar.
Demokratik mübarizənin əsas prinsiplərindən biri ardıcıllıqdır. Mitinqlər o zaman effektli ola, artan tendensiya ilə inkişaf edə bilər ki, bu mitinqlərin arasındakı məsafə qısa olsun. Yəni mitinqlər arasındakı məsafə qısa olacaqsa, vətəndaşlar da mitinqlərə bir o qədər dəstək verəcək, mitinqlər bir o qədər də siyasi nəticələrə gətirib çıxaracaq. Sual ola bilər ki, nə üçün müxalifət mitinqləri intensiv keçirmir, bir ay keçirir, 3-4 ay sonra təkrar keçirir? Çünki bu mitinqlər sosial tələbat deyil. Sosial tələbat olsa, xalq gündə 3-4 dəfə mitinq keçirməyi tələb edər. Həm də mitinqlərdə nəticə olmadığına görə iştirakçıların sayı artmır, azalır".
Müsavat Partiyası Məclisinin üzvü Mustafa Hacıbəyli isə hesab edir ki, Müsavat aksiyaların daha geniş və kütləvi olması üçün birgə fəaliyyətin tərəfdarıdır: "Biz Milli Şuranın keçirdiyi aksiyaları dəstəkləyirik və aksiyaların keçirilməsini zəruri sayırıq. Eyni zamanda biz daha geniş və kütləvi aksiyaların təşkil olunması üçün bütün müxalifət partiyalarının birgə fəaliyyətinin tərəfdarıq. Biz əvvəldən də Milli Şura rəhbərliyinə aksiyada iştirak niyyətimizi bildirmişik. Lakin Milli Şura bizim çağırışımıza müsbət cavab vermədi. Buna baxmayaraq, yüzlərlə müsavatçı həmin aksiyada iştirak etdi.
Hamını bir yerə toplamaq və öz liderliyini təsdiq etmək üçün hər bir siyasətçi təkəbbürdən imtina etməlidir. Mən bunu hər kəsə aid edirəm. Hamı mənim “ayağıma yığılacaq” siyasəti yeritmək alınmayacaq. Ona görə də bütün siyasətçiləri bu təkəbbürdən uzaq olmağa, cəmiyyətin aparıcı qüvvəsi olan partiyaların ayağına getməyə çağırıram. Bütün təbəqələrin və təşkilatların səninlə bir yerdə olmasını istəyirsənsə, buna şərait yaratmalısan. Mən bunu təkcə AXCP rəhbərliyinə deyil, hər bir siyasətçiyə aid edirəm".
musavat.com