“Azərbaycanın anti-İŞİD mübarizəsində Türkiyəyə hərbi dəstək verəcəyini düşünmürəm”
Tarix: 3-12-2015, 13:40 |
Çap et
Türkiyənin İŞİD-ə qarşı aviasiya zərbələri endirməkdə davam etdiyi bir zamanda, qardaş ölkənin quru qoşunlarının da əməliyyatlara qatılması ehtimalı getdikcə artmaqdadır. Maraqlıdır, Türkiyənin quru qoşunları İŞİD-ə qarşı əməliyyatlara start verərəsə, Azərbaycan dost ölkəyə hərbi baxımdan dəstək verə bilərmi? Belə bir addım Türkiyənin dəstəklənməsi, beynəlxalq terrorizmlə mübarizə və Azərbaycan ordusunun praktiki döyüş bacarığına yiyələnməsi baxımından əhəmiyyətli olmazdımı?
Bununla bağlı Moderator.az-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu Azərbaycanın Türkiyəyə hərbi baxımdan dəstək verməsinin inandırıcı görünmədiyini qeyd edib:
“Hesab edirəm ki, indiki halda Azərbaycanın İŞİD-lə mübarizədə Türkyəyə hərbi dəstək verməsi, xüsusilə də Azərbaycan ordusuna aid hərbi birliklərin bu əməliyatlarda iştirakı inandırıcı görünmür. Bunun da konkret səbəbləri var. Məsələ bundadır ki, Türkiyə və dünya İŞİD-ə qarşı mübarizə apardığı bir zamanda İran və Rusiya bu ad altında Əsəd rejimini dəstəkləyir. Azərbaycana qonşu olan iki dövlətin belə bir siyasət yürütdüyü zamanda Azərbaycanın İŞİD-ə qarşı əməliyyatlarda yer alması inandırıcı görünə bilməz. Lakin şübhəsiz ki, hər şey Türkiyə və Azərbaycan arasındakı münasibətlərin səviyyəsindən, iki dövlət arasındakı razılaşmadan asılıdır. Bu baxımdan yaxın gələcəkdə bu məsələdə Azərbaycanın hansı addım atacağının şahidi olacayıq”.