Sərdar Cəlaloğlu: “Müxalifətin impotentliyi Araz Əlizadənin üzərində yoxlanılıb?”
Tarix: 3-12-2015, 13:13 |
Çap et
“Təkcə impotent yox, fahişəliyin özü də qüsurdur, bəziləri siyasətdə fahişə rolunu oynayırlar”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu millət vəkili Araz Əlizadənin Azərbaycan müxalifətinə qarşı “impotent” ittihamına Cebhe.info-ya açıqlamasında cavab verib.
S.Cəlaloğlunun sözlərinə görə, sonuncu parlament seçkilərinin saxtalaşdırılması Azərbaycan iqtidarında olan 5-ci kolonun nümayəndələrinin ölkəmizin müstəqilliyinə və demokratiyasına qarşı son həmlələridir. ADP sədri qeyd edib ki, parlamentə elə adamları yığıblar ki, onlar Azərbaycanın dostlarına, strateji müttəfiqlərinə hücum edəcəklər:
“Araz Əlizadə dünyanın terrora lənət yağırdığı, Azərbaycan anti-terror koalisiyasına qoşulduğu, prezidentin G-20 sammitində terroru pislədiyi vaxtda demişdi ki, Ağ Evi partlatmaq lazımdır. Digər deputatlar isə telekanallara çıxaraq sərhədi pozan Rusiya təyyarəsini vurduğuna görə Türkiyənin bu ölkədən üzr istəməli olduğunu deyirlər. Halbuki, Türkiyə yeganə strateji müttəfiqdir ki, düşmənlər çənbərində Azərbaycanın dövlət müstəqilliyini təmin edir. Türkiyə əlini çəkən kimi Azərbaycan “Kurtlar vadisi”ndə tək qalacaq. Bu gün guya deputat seçilmiş, əslində isə siyahı əsasında deputat mandatı almış adamın çıxıb Türkiyənin əleyhinə bu cür fikirlər səsləndirməsi məntiqsizdir. Rusiyanın bir çox siyasi dairələri Türkiyəni haqlı hesab etdikləri halda, azərbaycanlı millət vəkilləri çıxıb deyirlər ki, Rusiya haqlıdır, Türkiyə haqsız. Bu adamlar Rusiyadan Xocalı soyqırımının, 20 Yanvar faciəsinin haqqını tələb etmirlər. Rusiya torpaqlarımızda Ermənistan dövləti yaratdığına görə həmin adamlar səslərini çıxarmırlar. 300 il Azərbaycanı əsarəti altında saxlayıb taladığına görə Rusiyadan bunun haqqını tələb etmirlər. Türkiyənin haqlı olaraq öz ərazisinə soxulmuş düşmən təyyarəsini vurduğuna görə deyirlər ki, Türkiyə üzr istəsin. Saxta bir mandatı olan bir şəxs də çıxıb Məhəmməd Əmin Rəsulzadə haqqında ağzına gələni danışır. Bu gün siyahı əsasında parlamentə gətirilən adam elə bil Rəsulzadənin tay-tuşudur. Küçə sözləri ilə Azərbaycan xalqının ideallarından birini söyür. Rəsulzadə də, Heydər Əliyev də, Elçibəy də Azərbaycanın simvollarından biridir. Onları təhqir etmək Azərbaycanın simvollarını təhqirdir. YAP-ın funksionerləri var ha, Siyavuşdur, o birisidir, bu birisidir, çıxıb demirlər ki, sən prezidentdən çox bilirsən? Prezident bu adamın Azərbaycan dövlətçiliyinə xidmətlərinə görə 130 illik yubiliyinin, silsilə tədbirlərin keçirilməsi haqqında sərəncam verib. Həmin saxta deputat da çıxıb bu adamı təhqir edir. Sən kimsən ki, Rəsulzadə haqqında bu sözləri deyirsən?!”.
Sərdar Cəlaloğlunun sözlərinə görə, yeni formalaşmış parlament 3 məqsədə xidmət edir: “Azərbaycanın dostları ilə əlaqələrini pozmağa, Azərbaycanı düşmənləri qarşısında təslim etməyə, Azərbaycan müxtəlifətini təhqir və dünyanın demokratik ictimaiyyətinə qarşı hücum etməyə. Bunlardan başqa parlamentdə oturan insanlar heç bir işlə məşğul olmayacaqlar. Bunun bariz nümunələrindən biri Araz Əlizadədir. Bir neçə gün əvvəl deyir ki, Ağ Evi partlatmaq lazımdır, indi deyir ki, Azərbaycan müxalifəti impotentdir. Müxalifətin impotentliyi Araz Əlizadənin üzərində yoxlanılıb?”
ADP sədri hesab edir ki, bu parlament Azərbaycan üçün çox ciddi təhlükə mənbəyi olacaq. Fəaliyyətə başlamamışdan artıq bunun əlamətləri görünür. S.Cəlaloğlunun sözlərinə görə, təkcə Araz Əlizadə yox gələcəkdə, Azərbaycan müxalifətinə, demokratiyaya, beynəlxalq təşkilatlara, Azərbaycanın müttəfiqlərinə qarşı ən ağılasığmaz nalayiq şəkildə hücumlar təşkil ediləcək:
“Bunları parlamentə gətirməkdə yeganə məqsəd Azərbaycan dövləti və xalqını onun düşmənlərinə təslim etmək, Rusiyanın qarşısında diz çökdürməkdir. Sən get cəmiyyətin problemlərilə məşğul ol. İnsanların milyon problemi var. Dünya qaynayır, çox aktual problemlər var. Kişisənsə, çıx denən ki, türkmənləri niyə qırırsız? Füzulinin tayfasını qırırlar, sən səsini çıxarmırsan. Bunlara şöhrət gətirən adamlar lazımdır, sadə adamları neynirlər ki?! Əgər türkmənlər bizimkilər deyilsə, nə əcəb Bakıda Füzuli adına meydan, küçə adları var? Füzuli də həmin tayfadandır də... Bəzi “deputatlar” qeyrət nümayiş etdirib, Azərbaycan haqqında düşünmürlər. Az qala Üçüncü Dünya Müharibəsi başlasın, az qala bəzi dövlətlər siyasi xəritədən silinsinlər, bu adamlar qalxıb ağızlarına gələni danışırlar. Parlamentdə oturub zorakılığı təbliğ etmək Azərbaycan qanunlarına, beynəlxalq hüquq normalarına ziddir, bu cinayətdir. Ümumiyyətlə, Ağ Evi partlatmağı təklif edən adamdan nə gözləmək olar ki?! Kim bunları qışqırdır, kim bunlara saxta mandat verir? Əsas məsələ budur. Bunlar radiodurlar, açırsan danışırlar, bağlayırsan susurlar. Yuxarıdan göstəriş verilsə, Araz Əlizadə 5 il ağzını açmadan yerində oturar. Biz Araz Əlizadəni tanımırıq ki? O, “knopka”yla işləyən adamdır. Başqaları da istiqamətlərini kənardan alırlar. Cəmiyyət bilməlidir ki, 5 il ərzində bu proseslər gedəcək”.
AXCP sədrinin müavini Cavid Musazadə də Araz Əlizadəni fikrilərinə görə ciddi tənqid edib. C.Musazadənin sözlərinə görə, Araz Əlizadənin sabiq prezident Ayaz Mütəllibovun hesabına və prezident seçkilərindəki ədəbsiz çıxışlarına mükafat olaraq aldığı mandat ağlını başından alıb:
“İndi də bihuş halda bu cür ifadələr işlədir. Onun fkirlərini doğru qəbul etmirəm, ümumiyyətlə Araz Əlizadəni siyasətçi kimi tanımıram”.
Xatırladaq ki, millət vəkili Araz Əlizadə Cebhe.info saytına açıqlamasında Azərbaycan müxalitənin ideya cəhətdən impotent olduğunu deyib.