Əhalinin rayonlardan Bakıya gəlməsinin başlıca səbəbi...
Ekspert: “İş yerləri açılmalı, yerli istehsal təşviq olunmalıdır”
Bu gün regionlarımızın inkişafını şərtləndirən əsas amil ölkənin ümumilikdə həyata keçirilən sosial-iqtisadi inkişafı strategiyasından təcrid edilməməsidir. Ölkəmizdə regionların inkişafına həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi baxılır. Məhz bu yanaşmanın nəticəsində regionların inkişafı üzrə ayrıca dövlət proqramları hazırlanaraq icra edilir. 2004-cü ildən icra olunan bu proqramlar davamlı olaraq, bir-birinin ardınca həyata keçirilməkdədir.
Azərbaycan Prezidenti İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi regionların, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərin növbəti illərdə də davam etdirilməsi, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, yerlərdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsidir.
Bununla belə, son dövrlərdə regionlarda yaşayan əhalinin paytaxta miqrasiya etdiyi müşahidə edilir. Bu isə Bakıda sıxlığın yaranması, rayonlarda inkişafın getdikcə aşağı düşməsinə səbəb ola bilər. Bəs görəsən, kənd yerlərindən əhalinin köç etməsinin əsas səbəbi nədir, bunun qarşısı necə alına bilər?
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev “Yeni Müsavat”a mövzunu belə şərh edib: “Bu gün regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının növbəti mərhələsi həyata keçirilir. Əslində regionların sosial-iqtisadi inkişafının başlıca mahiyyətindən biri regionlararası paralel inkişafa gətirib çıxarma, paytaxtla regionlar arasında inkişaf nisbətini azaltmaq və sairə kimi məqsədləri özündə ehtiva edir. Bunlar ilk növbədə iş yerlərinin açılması, yerli istehsalın təşviq olunması ilə bağlıdır. Amma hazırda regionlarda bir sıra problemlər mövcuddur. Bu gün infrastruktur qurulur, misal üçün, internet xətti, işıq, qaz, su çəkilir. Bununla belə, regionlarda sahibkarların daha yaxşı işləməsi üçün internet kəsintilərinin olduğunu görürük. Hətta elə rayonlar, kənd yerləri var ki, orada sahibkarlıq fəaliyyəti üçün müxtəlif maneələri - gün ərzində işıqların bir neçə dəfə kəsintiləri, yaxud da zəif şəkildə verilməsi müşahidə edilir. Eyni zamanda dövlət tərəfindən regionlarda suvarma sistemləri tam şəkildə qurulmalıdır. Yay mövsümi dövründə insanlar böyük ərazilərdə suvarma ilə bağlı əziyyət çəkirlər. Kənd yerlərində torpaq bölgüsü, onun özəlləşdirilməsi, torpaqla bağlı sənədləşmələr, bir torpağa köhnədənqalma bir neçə idarənin sənəd verməsi, bu gün bununla bağlı olan mübahisələr, bu mübahisələrdə məhkəmələrin qeyri-obyektivliyi - bütün bunlar əhalinin köç etməsinə təsir göstərir. Bundan sonra sənədləşmələr, müqavilə öhdəlikləri, qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi problemləri də mövcuddur. Bununla yanaşı, zaman-zaman sahibkarların hüquqları da pozulur. Xüsusilə də sahibkarlar öz məhsullarını emal sənayesinə göndərəndə çox vaxt onların gözlədilməsi, məhsulların vaxtında tədarük edilməməsi nəticəsində məhsulun keyfiyyətinin aşağı düşməsi, məhsulun aşağı qiymətə götürülməsi kimi problemlər yaşanır. Kənd təsərrüfatı məhsullarının bazara çıxarılması problemi də var ki, burada bazara çıxarmaq üçün bir neçə vasitəçinin mövcud olması maneçilik törədir. Vasitəçilərin kənd yerlərindəki camaatdan daha yüksək gəlir əldə etməsi kimi məsələlər mövcuddur”.
İqtisadçı regionlarda kadr çatışmazlığı probleminə də toxunub: “Aqrotexniki qulluq, idarəetmə sahəsində çox sayda kadr çatışmazlığı var. Yerlərdə bələdiyyə idarəetməsi, icra nümayəndəliyinin idarəetməsi də bazar iqtisadiyyatına uyğun gəlmir. Yenə də köhnə sistem, köhnə qayda, tələbkarlıq, sahibkarın işinə vaxtaşırı müdaxilə edilmə kimi amillər var. Bəzi yerlərdə sahibkarlar öz hüquqlarını bilmirlər, buna görə də müdafiə oluna bilmirlər. Bəzi yerlərdə inhisarçılığın mövcud olması səbəbindən sahibkarlıq təsərrüfat subyektləri xarici bazara çıxmaqda çətinliklər çəkirlər. Sahibkarlardan çox aşağı qiymətə məhsulları alırlar, misal üçün, fındığı, qozu, pomidoru, çiyələyi, kartofu çox ucuz qiymətə alırlar. Kəndli də baxıb görür ki, torpağa əl atmaq, işləmək, qazanc əldə etməkdənsə, xarici ölkəyə getsə, yaxud paytaxtda gedib işləsə daha çox pul qazanar. Təbii ki, sahibkarın bugünkü marağı ailəsini dolandırmaqdır. Dövlətin siyasətini yerinə yetirməklə bağlı onun heç bir öhdəliyi yoxdur”.
R.Atakişiyevin sözlərinə görə, rayonlardan Bakıya insanların gəlməsinin bir səbəbi də kəndlərdə təhsil verənlərin səviyyəsinin aşağı olması ilə bağlıdır: “Bəli, səhiyyə ocaqları qurulub, amma orada işləyən həkimlərin səviyyəsinin aşağı olmasını qeyd etməliyik, bu kadrlar rayonda gedib yaşadığı zaman onlar bir müddətdən sonra iri şəhərlərə getməli olurlar. Çünki ailənin bir üzvü səhiyyə, təhsillə bağlı ehtiyaclarını ödəmək üçün iri şəhərlərə getməli olur ki, bu da onların yollarda saatlarla vaxt itirməsinə gətirib çıxarır. Bunu həll etməkdən ötrü iri şəhərlərə köçməyə daha çox meylli olurlar”.